Deputatdan telefon qadağasına fərqli REAKSİYA

Deputatdan telefon qadağasına fərqli REAKSİYA
  09 Yanvar 2014    Oxunub:1289
Milli Məclisə smartfon və android tipli telefonla girişin qadağan olunması millət vəkilləri tərəfindən birmənalı qarşılanmayıb. Bəzi deputatlar sübutsuz-dəlilsiz belə bir qadağanın olmasını doğru saymır.
AzVision.az məsələ ilə bağlı millət vəkillərinin fikirlərini öyrənib.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib ki, qərarın təhlükəsizliklə əlaqələndirilməsi çox cılız bir haldır:

“Əsas gətirsinlər ki, nəyə görə qadağan olunub. Bəlkə elə bir əsas olacaq ki, mən də razı olacam. Amma hələlik bir səbəb deyilmədiyi üçün bunu ciddi bir fikir hesab etmirəm. Təhlükəsizliklə əlaqələndirirlərsə, xəbər versinlər ki, nədir təhlükəsizlik. Bu qərarın nə mənası var ki? Telefonun Məclisdə deyil, Məclisin qapısının ağzındadır.
Nə olsun? Mənim təhlükəsizliyim, yoxsa binanın təhlükəsizliyindən söhbət gedir. Mənim təhlükəsizliyimdən söhbət gedirsə, telefonum əlimdə olsa da, olmasa da telefonumu təsdiq etmək istəyən telefonum açıq da, bağlı da olsa biləcək ki, Milli Məclisin yanındadır. Məni izləyən də bilir ki, Mili Məclis həftənin ikinci, beşinci günləri toplanır. Bu qərar təhlükəsizlik üçün çox cılızdır”.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı isə qadağanın hamıya şamil edilməsini istəyir.

“Bunu nə mən qəbul etməməmişəm, nəyə görə belə bir qərar qəbul edilib, bundan xəbərsizəm. Ona görə də bir söz deyə bilmərəm. Əgər bu qanun hər kəsə aiddirsə, qəbul edirəm, amma ayrı-seçkiliyi qəbul etmirəm. Ola bilsin ki, telefon müəyyən texniki problemlər yaradır. Bir nəfərin müraciəti ilə bağlı heç bir söz deyə bilmərəm. Milli Məclisin iclası başlasın, məlumatımız olanda bu barədə danışa bilərik”.

Ana Vətən Partiyasının (AVP) sədri , millət vəkili Fəzail Ağamalı isə qərardan xəbərsiz olduğundan, bu barədə danışmaq istəməyib.

“Mənim bu barədə məlumatım yoxdur, maraqlanım, görüm nə xəbərdir. Sonra bir söz deyə bilərəm”.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinə smartfon və android tipli telefonla giriş qadağan olunub. Parlamentə daxil olan hər kəs telefonlarını binaya daxil olarkən girişdə qoyacaqlar. Bu addımın təhlükəsizlik baxımından atılması səbəb göstərilir.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti