Leyla Əliyevanın təşəbbüsü ilə Xocalıdan bəhs edən konfrans

Leyla Əliyevanın təşəbbüsü ilə Xocalıdan bəhs edən konfrans
  09 Yanvar 2014    Oxunub:1151
Xocalıya Ədalət kampaniyası çərçivəsində Avropa Parlamentində beynəlxalq konfrans keçirilib
Avropa Parlamentində “Etnik təmizləmə və İnsanlıq Əleyhinə törədilmiş cinayətdən sonra cəzasızlıq və məsuliyyət” (“İmpunity and Responsibilities after Crime against Humanity and Ethnic Cleaning”) adlı beynəlxalq konfrans keçirilib.

İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə keçirilən, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması və Xocalı faciəsinə beynəlxalq ictimaiyyət tərəfindən ədalətli siyasi-hüquqi qiymətin verilməsi məqsədi daşıyan “Xocalıya Ədalət” Beynəlxalq Təbliğat Kampaniyası çərçivəsində, İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) və EMİSCO beynəlxalq təşkilatı tərəfindən təşkil edilən, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Avropa Parlamentinin Brüsseldəki Mənzil qərargahında baş tutan konfransda Avropa Parlamentinin müxtəlif ölkələrdən olan deputatları, Belçikada akreditə olunmuş xarici ölkələrin səfirləri, o cümlədən, müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

“Xocalıya Ədalət” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının koordinatoru Sevinc İsgəndərovanın verdiyi məlumata görə konfransın açılış mərasimində Avropa Parlamentinin Avstriyadan olan millət vəkili Karin Kadenbadic və Saccad Karim çıxış edərək bütün dövrlərdə, xüsusilə də Xocalıda insanlıq əleyhinə törədilən qətliyamları pisləmiş, bunun dünyada sülh və sabitliyin pozulmasına rəvac verdiyini bildirmişdir. Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, İƏT-in Avropa Birliyi üzrə nümayəndəsi Arif Məmmdəov çıxış edərək Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın işğalı, o cümlədən, bir milyondan artıq məcburi köçkünün olması barədə məlumat vermiş, xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımının günahkarlarının hələ də cəzasız qaldığını diqqətə çatdırıblar.

Açılış mərasimindən sonra beynəlxalq konfrans öz işini panel müzakirəsi ilə davam etdirib. “Xocalıya Ədalət” beynəlxalq təbliğat kampaniyasının koordinatoru Sevinc İsgəndərova tərəfindən kampaniyanın təqdimatı olub, məruzəçilər Jean Mukimbiri, Mark Barwick, Özbil Bıyıklı, Vüsal Qurbanov və Amir Foratan tərəfindən insanlıq əleyhinə törədilmiş cinayətlərin bütün bəşəriyyətə zərər verdiyini, bu cinayətləri törədənlərin cəzasız qalmamalarının vacibliyi vurğulanıb, Ermənistanın təcavüzü nəticəsində Xocalıda törədilən vəhşiliklər pislənib, bu cinayətin soyqırım aktı olduğu və ona Ruanda, Srebrenisada, Sudanda törədilmiş soyqırımlar kimi beynlxalq siyasi-hüquqi qiymətin verilməsinin vacibliyi qeyd olunub. Müzakirələr zamanı səsləndirilmiş fikirlər sistemləşdirilib, birgə bəyannamə şəklində imzalanaraq beynəlxalq təşkilatlara təqdim edilib.

Qeyd edək ki, “Xocalıya Ədalət” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası (“Justice for Khodjaly”) 2009-ci ildən həyata keçirilir. Kampaniya tərəfindən aparılan çoxsaylı fəaliyyətlər nəticəsində Xocalı qətliamı İƏT Dövlət başçıları Şurası və Parlament Assambleyası, həmçinin Pakistan və Meksika parlamentləri tərəfindən soyqırım aktı kimi tanınıb.


Teqlər:





Xəbər lenti