`Onlar hakimiyyətlə yox, bir-birilə mübarizə aparırlar`
-Sizcə, müxalifətin birliyinə mane olan daha çox AXCP-dir, yoxsa Müsavat?
- Bu qüvvələr arasında heç zaman birlik olmayıb. Hələ Əbülfəz Elçibəy sağ olarkən İsa Qəmbər ona prezident seçkilərində güzəşt etmədi. Məgər Əbülfəz Elçibəyə xəyanət edən Əli Kərimliyə İsa Qəmbər inanardı?! Qətiyyən! Bütün faktlar da bunu bir daha sübut etdi.
-Ancaq daha çox Müsavat Partiyası əngəlləyici qüvvə kimi təqdim olunur...
- Müsavat Partiyası Milli Şuradan çıxmamışdan qabaq Əli Kərimlinin təsirində olan şəxslər xususən Rauf Arifoğluna qarşı fəaliyyət göstərirdi. Hiss olunurdu ki, bu, Əli Kərimlinin birbaşa tapşırığı əsasında aparılır. Yəni sistemləşmiş bir fəaliyyət var idi. Bu adamlar bolşevikdirlər. Əbülfəz Elçibəyə xəyanət edən Əli Kərimlidən bundan artıq nəsə gözləmək olar?! Əli Kərimlinin imkanı olsa, Rauf Arifoğlunu dünyanın ən ağır işgəncəsi ilə qətlə yetirər... Yaxşı ki, belə bir adam hakmiyyətdə təmsil olunmur. Yoxsa Auqusto Pinoçet Əli Kərimlinin yanında toya gediləsi olardı.
- Partiyalar arasında yaranan ziddiyyətlər həmin təşkilatlardan elektorat uzaqlaşmasına nə dərəcədə təsir göstərəcək?
- Xatırlayırsınızsa, indiyə kimi keçirilən bütün seçkilərdən sonra Müsavatla Yurd hər dəfə bir-birini təhqır ediblər. Əli Kərimli bunu gündəmə gətirməklə patoloji nifrət etdiyi İsa Qəmbərdən Milli Şuradan getməsinin qısasını alır. Əli Kərimli cəmiyyətə mesaj vermək istəyir ki, İsa Qəmbər və onun ətrafındakılar xəyanət ediblər. Bir məqama da toxunmaq istəyirəm. Bu, necə müttəfiqlik idi ki, bütün günü bu partıyanın rəhbər orqanlarında təmsil olunan şəxslər sosial şəbəkədə bir–birini təhqir edirdilər, aşağlayıcı fikirlər bildirirdilər. Onların yazışmalarından da görünürdü ki, bunlar hakimiyyətlə deyil, bir-biri ilə mübarizə aparırlar.
Düşünürəm ki, 2015-ci ilin seçkilərində də radikal müxalifət parlamentdə təmsil oluna bilməyəcək. 2013-cü il seçkisi göstərdi ki, bu qüvvələr istənilən məqamda Azərbaycanın maraqlarını su qiymətinə də sata bilərlər. Mən şəxsən inanmıram ki, Azərbaycan xalqı belə qüvvələrin nümayəndəsinə səs verib, parlamentə seçsin.