Nizaminin qəbrində gizlənən sirlər – ARAŞDIRMA, FOTOLAR

  10 Fevral 2013    Oxunub : 1266
Nizaminin qəbrində gizlənən sirlər – ARAŞDIRMA, FOTOLAR
…Qəbirdən çıxarılan sümüklərin Nizamiyə aid olduğunu düşünərək onları taxta yeşiyə yığdılar. Lakin sümüklərin çox incə, ağ və kiçik olması komissiya üzvlərini şübhələndirdi və onlar məqbərə səthini təzədən qazmağa başladılar. Birinci səthdən sonra, təxminən 71 sm dərinlikdə ikinci səthə çatanda, səthin ətrafında günbəzin bünövrə və qalıqları üzə çıxdı…
Nizami Gəncəvinin məzarı ətrafında baş vermiş müəmmalı olaylardan bəhs edən “Şeyx Nizaminin məzarı”adlı bu yazı ilk dəfə 2009-cu il iyul ayında kult.az saytında və daha bir neçə dəfə isə müxtəlif mətbu orqanlarda dərc olunub. Ancaq buna baxmayaraq, son illərdə bir neçə saytda və mətbuat orqanlarında məqalənin ya bütövlükdə, ya da hissə-hissə heç bir dəyişiklik edilmədən başqa müəlliflərin adından dərc olunduğunun şahidi oldum. Ona görə də əvvəllər istifadə etmədiyim bəzi faktları da məqaləyə əlavə etməklə, yenidən dərc etməyi qərara aldım. Oxuyub düşünmək, tariximizə, mədəniyyətimizə biganə münasibətimizin, düşünülməmiş addımlarımızın hansı fəsadları törətdiyini dərindən analiz etmək və səhvlərimizi anlamaq üçün.

Müəllif

Bu yerdə mənim tək yatanlar çoxdur,
Onları xatirə salan ki, yoxdur
Təzə kəklik, yad et məni ürəkdən
Məzarım yanından ötüb keçərkən,
Görərsən üstümdə göyərmiş otlar,
Baş daşım uçulmuş, çökmüşdür məzar.
Qəbrimin tozunu sovurmuş yellər,
Dostlardan anan yox məni bir nəfər.

“ŞƏRƏFNAMƏ”dən

Böyük Nizaminin vəfatından az sonra, XIII əsrin əvvəllərində tikilən, öz təravət və əzəmətini XVIII əsrin axırları, XIX əsrin əvvəllərinə qədər qoruyub saxlayan məqbərə xalqın ziyarət yeri olub. Nizami irsinin tədqiqatçısı, görkəmli alim, akademik Həmid Araslı yazırdı: “Nizami öldükdən sonra qəbri ziyarətgaha çevrilmiş, onun öz kəndinin gəlirlərindən başqa bizə məlum olmayan hökmdarlar və ya bivaris ölən adamlar tərəfindən bu məqbərəyə vəqflər edilmişdir. XVI əsrdə bu məqbərə çox gəlirli vəqfi olan, gəlib-gedənlərə və yoxsullara hər gün yemək verən, müdərrisləri təmin edən bir xeyriyyə ocağı olmuşdur. …məqbərə təkcə bir günbəzdən ibarət olmayıb, geniş bir ərazini əhatə edirmiş” ( Həmid Araslı “Nizami vəqfi haqqında yeni sənəd” “Ədəbiyyat və incəsənət” 25 fevral,1983 )
Məqbərə Qızıl Arslan tərəfindən Nizamiyə hədiyyə edilmiş Həmdan- indiki Əhmədli kəndinin ərazisindədir və bu əraziyə yerli əhali indi də “Şeyx düzü”, “Şıx düzü” deyir. ”Şıx düzü”ndə aparılan arxeoloji qazıntılar sübut edir ki, bu ərazi vaxtilə Gəncə şəhərinin bir növ fəxri xiyabanı olmuşdu. Burada Şeyx Nizaminin məqbərəsinin ətrafında Gəncə şəhərinin başqa hörmətli şəxslərinin də məqbərələri olmuşdu. XIX əsrin əvvəllərində Rusiya imperiyasının Qafqazda yeritdiyi işğalçılıq siyasəti nəticəsində Gəncə xanlığının süqutundan sonra, 1826-cı ildə “Şıx düzü”ndə baş verən məşhur Yelizavetpol döyüşü zamanı məqbərə ciddi zədələnir və təmir edilmədiyindən bərbad vəziyyətə düşür. XIX əsrin 40-cı illərində tamamilə dağılmaq təhlükəsi qarşısında qalan məqbərənin ciddi təmirə ehtiyyacı olduğunu görən Qarabağ xanlığının tarixçisi Mirzə Adıgözəl bəy XIX əsrin ortalarında məqbərəni təmir etdirərək onun uçmuş günbəzinin əvəzində yeni bir günbəz tikdirir. XX əsrin əvvəllərində isə Adıgözəl bəyin nəslindən olan və Gəncənin polis rəisi işləyən Əjdər bəy Adıgözəlov-Gorani günbəzi təmir etdirir. Bundan sonra məqbərə tamamilə baxımsız qaldığından uçub dağılır. 1875-ci ildə İran taxtının vəliəhdi Fərhad Mirzə Qacar böyük şairin ziyarətinə gəlişini və məqbərənin vəziyyətini özünün “Yol bələdçisi” kitabında da belə təsvir edirdi: “Biz daha yeddi verst yol gedəndən sonra çox da böyük olmayan bir gümbəz gördük. Gümbəz yarıuçulmuş bir vəziyyətdə idi. Bu, şeyx Nizaminin məzarı idi. Buradan Gəncəyə yeddi verst qalırdı. Mən tələsə-tələsə məzara doğru getdim. Ancaq yaxınlıqdakı postun qarovulçuları gümbəzin üstünə o qədər ot yığmışdılar ki, içəri keçmək mümkün olmadı”.
XIX əsrin sonunda Məkkə ziyarətinə gedən Seyid Əzim Şirvani Nizaminin məqbərəsini ziyarət edir və onun acınacaqlı vəziyyətindən təsirlənərək məhşur rübaisini söyləyir:
Ey Şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə izzü – ehtişamı dağılan.
Olmayıbdır cahanda bir səninlə məntək,
Beyti, evi, məktəbi, kəlamı dağılan.
1881-ci ildə arxeoloqların Tiflisdə kecirilən V qurultayında rusiyalı arxeologlarla yanaşı Avropadan gəlmiş qonaqlar da iştirak edirdilər. Həmin dövrdə Avropalı arxeoloqlar Qafqazla ciddi maraqlanır və Çar hökümətinin razılıgı ilə bu ərazidə geniş qazıntı işləri aparırdılar. Qurultay keçirilən ərəfədə avropalı arxeoloqlar Gəncəyə gələrək Nizaminin qəbri ilə maraqlanırlar. Yerli əhalinin sonralar söylədiyinə görə, arxeoloqlar qəbrin sirrini öyrənir və məqbərədən bir az aralıdan lağım ataraq, oraya daxil ola bilirlər. Onlar məzardan bəzi şeyləri götürüb aparmaq istəyərkən, Əhmədli kəndinin əhalisi onlara mane olur və bu əşyaları onlardan alırlar. Bundan xəbər tutan çar hökuməti alınan əşyaların arxeoloqlara qaytarılmasını əmr edir. Bu əşyaların nədən ibarət olması və onların sonrakı taleyi bu günə qədər də sirr olaraq qalır.
“40-45 il bundan əvvəl Avropalı bir heyət gəlib lağım ataraq Nizaminin qəbrindən yazılı başdaşını aparmışdır…Nizaminin qəbrindən həmin başdaşı ilə bərabər, əski məqbərənin günbəzindən uçub tökülən qədim Kufi yazılı kərpiclər də yox olmuşdur…”
(Mirabbas Mirbağırzadə, “Şeyx Nizaminin qəbri”, “Kommunist”, 19 oktyabr 1923-cü il)

Nizaminin məzarının Gəncənin ziyalılarını daim narahat edir, məzarın abadlaşdırılması üçün yollar axtarırdılar. Belə ziyalılardan biri də Gəncə gimnaziyasının Ana dili və Ədəbiyyat müəllimi Mirzə Məhəmməd Axundzadə idi. O, 1908-ci ildən başlayaraq müxtəlif mətbu orqanlarda müsəlman ziyalılarını və imkanlı adamları Nizami Gəncəvinin məqbərəsinin təmiri barədə düşünməyə çağırır. Bu məqsədlə elə ilk addımı da onun özü atdı. Mirzə Məhəmməd Axundzadə 1909-cu ildə “Şeyx Nizami” kitabını yazır. Bu kitabın satışından toplanılan məbləğ Nizaminin məqbərəsinin təmiri üçün nəzərdə tutulmuşdu. “Şeyx Nizami” kitabınının titul vərəqəsində yazılmışdı: “Bu kitabın satışından əldə olunan pullar Nizaminin məqbərəsinin bərpasına sərf olunacaq”.
Lakin toplanılan məbləğ məqbərənin təmirinə çatmır, yalnız məqbərənin ətrafında səliqə-sahman yaratmağa bəs edir. “Molla Nəsrəddin” jurnalının 1908-ci ildə çıxmış 51-ci sayında görkəmli rəssam Şmerlinq tərəfindən çəkilmiş rəsmdə və V.Bartoldun 1912-ci ildə çap etdirdiyi “Şair Nizaminin qəbri” məqaləsində Şeyx Nizaminin məzarının acınacaqlı vəziyyətindən ürəkağrısı ilə söz açılmaqla bərabər, məqbərənin qalıqlarının rəsmləri də çap edilib.
XX əsrin əvvəllərində ”Tərəqqi”, “Yeni həqiqət”, “Yeni iqbal”,”Yeni iqdam” qəzetlərində Nizami Gəncəvinin məzarının acınacaqlı vəziyyəti,məzarın ətrafında aparılan qazıntı işlərindən söhbət açılırdı.
Nəhayət, 1922-ci ildə Gəncə ziyalıları toplaşaraq, Mirzə Məhəmməd Axundzadə, tarixçi alim Cavad bəy Rəfibəyov və müəllim Mirkazım Mirsüleymanzadədən ibarət “Nizami komissiyası” adlanan bir komissiya yaratdılar. Komissiyanın qarşısına məqbərənin təmiri ilə məşğul olmaq tapşırığı qoyulmuşdu. Lakin sonradan komissiya tamam başqa mövqe tutdu və heç kimlə məsləhətləşmədən Nizaminin məzarını Gəncə şəhərinin mərkəzinə köçürmək qərarına gəldi. Bu məqsədlə müsamirələr, tamaşalar təşkil etməklə, əhalidən ianələr toplamaqla xeyli vəsait də yığıldı. Nizaminin sümüklərini dəfn etmək üçün Şah Abbas məscidinin qabağındakı “Avara bağ” deyilən alqı-satqı meydanının ortasında qırmızı kərpicdən bir qəbir də hazırlanmışdı.
1923-cü ilin mart ayında məqbərənin içərisində qazıntı işlərinə başladılar. Məqbərənin içinə tökülmüş daş,torpaq qalağını təmizlədikdən sonra qapının ağzında bir qəbir aşkar olundu. Qəbirdən çıxarılan sümüklərin Nizamiyə aid olduğunu düşünərək onları taxta yeşiyə yığdılar. Lakin sümüklərin çox incə, ağ və kiçik olması komissiya üzvlərini şübhələndirdi və onlar məqbərə səthini təzədən qazmağa başladılar. Birinci səthdən sonra, təxminən 71 sm dərinlikdə ikinci səthə çatanda, səthin ətrafında günbəzin bünövrə və qalıqları üzə çıxdı. Məqbərənin dib tərəfində , divarın yanında hündürlüyü 45-50 sm olan, sadə bir daş aşkar olundu. Daşın yan tərəfində bir yerə ətrafın sarı torpağından fərqlənən göy qum töküldüyü diqqəti cəlb edir. Bu qum kütləsini qazıb çıxardıqdan sonra 1m 45 cm dərinlikdə daş hörgü aşkar olunur. Daşları sökdükdə yer altına açılan və üst qatları uçmuş bir lağım görünür. Uçub içəriyə tökülmüş daş və torpağı təmizlədikdən sonra aydın olur ki, Nizaminin cənazəsi kəfənə büküldükdən sonra üstündən tirmə ilə sarınıb və palıddan hazırlanmış dördayaqlı bir tabuta qoyulub. Tabutun özünün də tirmə ilə sarınması cənazənin çox böyük ehtiram və hörmətlə dəfn edildiyindən xəbər verirdi. Tabutun taxta parçalarının üzərindən qoparılmış tirmə parçaları indi Nizami adına Ədəbiyyat muzeyində saxlanılır. Burada diqqət və maraq doğuran məsələlərdən biri də şairin məzarının tipi və forması ilə bağlıdır.
Mirabbas Mirbağırzadə “Şeyx Nizami” ( “Yeni fikir”, Tiflis, 1923, 25 noyabr, N:256) adlı məqaləsində onu belə təsvir edir: “Nizaminin cənazəsi qoyulan yer qazılıb abirma, adəti-vəchilə qəbirlərdən olmayıb, türklər tərəfindən sapma qəbir deyilən əsgi üsulca yeraltı bir daxmadan ibarət imiş”.
Bu təsvirdən Nizaminin qəbrinin qədim türklərin hörmətli insanları dəfn etdikləri kurqan qəbirlərə daha çox bənzəməsi xüsusən maraq doğurur. “İmamzadə” ətrafındakı Gəncə qəbirstanlığında belə sapma qəbirə bu gün də rast gəlinir. Bu barədə görkəmli alim Y. Qummel hələ 1931-ci ildə Bakıda çap etdirdiyi “Dəfn kurqanı” və “Qədim Gəncə” əsərində məlumat verir: “Şıx düzü”ndəki köhnə Gəncə qəbirstanlığı bürünc dövrünə aid kurqan çölünə geniş yayılmışdır. Bu rayonda dəfn olunmuş başçıların,hərbi rəislərin kurqanlarının öyrənilməsi sübut edir ki,icma quruluşunun dağıldığı bu dövrdə cəmiyyət içərisindən döyüşçü dəstəsi ilə əhatələnən və qulları olan icma-tayfa başçıları meydana çıxır”.
Bu kurqanlar üstü torpaq qatı ilə örtülən yeraltı bir tikili idi. Oğuz türkləri bu kurqanın üzərində orada dəfn olunmuş hörmətli şəxsə məxsus yaşayış yerinin –dairəbi çadırın modelini qururdular. Zaman keçdikcə onlar bunun davamsız olduğunu görüb, bu çadırları daş və kərpicdən tikilmiş türbələrlə əvəz etdilər. Şeyx Nizaminin qəbri də məhz bu üslubda qurulmuş kurqan-qəbirdən ibarət olub və onun üzərində XIII- XIV əsr memarlıq abidələri üslubunda qülləvari türbə ucaldılıb.
Arxeologiyadan bixəbər, qeyri-peşəkar insanlar tərəfindən aparılan özbaşına qazıntı işlərinə Akademik Bartold “Özbaşına qazıntı və şərqşünaslıq” adlı məqaləsində öz ciddi etirazlarını bildirdi. Azərbaycan Arxeologiya Komitəsinin İdarə Heyəti 26 avqust 1923-cü il tarixli iclasında nəhayət qərar qəbul etdi: “Böyük Azərbaycan şairi Şeyx Nizaminin qəbrini özbaşına açıb onun sümüklərini şəhərdəki təzə qəbirdə basdırmaq məqsədilə götürən keçmiş Gəncə Arxeoloji Cəmiyyətinin üzvlərinə töhmət elan edilsin. Bütün işlərin yoxlanması üçün Azərbaycan Arxeologiya Komitəsinin üzvü Şeyxzadə Gəncəyə ezam olunsun”.
Şeyxzadədən sonra isə daha bir arxeoloq Yusifzadə Gəncəyə ezam olunur və 1923-cü il sentyabrın 19-da Arxeologiya Komitəsinin ümumi iclasında bu barədə məruzə edir. Komitə konkret qərar qəbul etməkdə çətinlik çəkir, hansı addımı atacağını bilmirdi. Komissiya sədrinin qəflətən vəfat etməsi və həmin dövrdə SSRİ-nin yaradılması ilə bağlı gedən proseslər işləri xeyli ləngitdi.
Həmin dövrün mətbuatına nəzər salanda bütün bunların Nizaminin sümüklərinin dəfn edilməməsi ilə bağlı yeganə səbəb olmadığı üzə çıxır. İranın məşhur ədəbiyyatşünas alimi Səid Nəfisinin Nizaminin məqbərəsi haqqındakı fikirlərinə diqqət yetirək:
“Gəncə əhalisi tərəfindən… Nizaminin məqbərəsinə təcavüzkaranə və təhqiramiz bir hərəkət olmuşdur, bu məqnada ki, şəhər adamlarından bir dəstə bu fikrə gəliblər ki, Nizaminin türbəsini şəhər kənarından köçürüb şəhər daxilinə gətirsinlər, burada ona mavzoley qursunlar. Buna görə Nizaminin qəbrini qazmışlar, yanlarında bir çox nəqş edilmiş çox kəhnəlmiş taxta tabutunu qəbrdən çıxarmışlar, şəhərə gətirmişlər. Lakin bu zaman şəhərin avam böyüklərindən biri çıxış edərək demişdir ki, Nizami Gəncə əhalisindən olmamışdır, o, Qum əhalisindən olmuşdur. Bunun nətiçəsində Nizaminin Gəncə şəhəri daxilində yaradılmalı olan məqbərəsinin işi baş tutmamışdır”.
(Əkrəm Cəfər “Nizaminin məqbərəsi və milli mənsubiyyəti haqqında”)

Ancaq bu fikirlər yalnız “şəhərin avam böyükləri”ndən birinə məxsus deyildi. Bəzi şəxslər mütəmadi olaraq bu fikri əhalinin beyninə yeritmək istəyirdilər ki, Nizami Qum şəhərindən bura gəlmiş bir fars şairidir. Görünür, uzun illər aparılmış bu təbliğat da Nizami məqbərəsinin baxımsız qalmasına öz təsirini göstərmişdi.

(Ardı burada )

Foto


Teqlər: