`Azərsu`dan texniki şərt alanların nəzərinə

`Azərsu`dan texniki şərt alanların nəzərinə
  10 Yanvar 2014    Oxunub:8396
Su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulmaq üçün texniki şərtlərin verilməsi qaydaları sadələşdirilib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) istehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.

Son illər Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda yeni su təchizatı və kanalizasiya infrastrukturlarının yaradılması xidmət göstərilən abonentlərin əhatə dairəsinin genişlənməsinə səbəb olub. Bunun nəticəsində mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinə qoşulan abonentlərin sayında ciddi artım müşahidə olunur.
AzVision.az xəbər verir ki, ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bu sahədə görülən işlərlə paralel olaraq istehlakçıların su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün texniki şərtlərin verilməsi qaydalarının sadələşdirilməsi istiqamətində növbəti addım atılıb. İndiyədək Bakı şəhəri və Abşeron rayonunda yaşayanlar texniki şərt almaq üçün birbaşa “Azərsu” ASC-yə müraciət etdikləri halda aparılan islahatlar nəticəsində yerli su-kanal idarələrində texniki şərtlərin verilməsi üçün lazımi şərait yaradılıb. Artıq abonentlər sənədlərini rayon su-kanal idarələrinə təqdim etməklə texniki şərtləri oradan ala bilərlər. Texniki şərt almaq üçün şəxsiyyət vəsiqəsinin, həmçinin mənzillərin mülkiyyət hüququnu təsdiq edən və ya torpaqayırma sənədinin surətləri təqdim edilməlidir.

Müraciət edildikdən sonra “Azərsu” ASC-nin müvafiq su-kanal idarəsinin mütəxəssisləri sifarişçinin su təchizatı və kanalizasiya sistemlərinə qoşulacaq fərdi yaşayış evinə və ya torpaqayırma sənədlərində göstərilən əraziyə yerində baxış keçirir, birləşmənin eskizini hazırlayır və “Su təchizatı və kanalizasiya sistemlərinə qoşulmaq üçün texniki şərtlərin verilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq sənəd təsdiq edilir.
Tətbiq olunan yeniliklər nəticəsində texniki şərtlərin verilmə müddəti də azaldılmışdır. İndiyədək texniki şərtlərin hazırlanması və təsdiqi proseduru üçün 15 gün vaxt müəyyən edilmişdirsə, artıq bu ildən vətəndaşlar həmin sənədlə cəmi 3 iş günü ərzində təmin olunurlar.
“Azərsu” ASC bir daha bəyan edir ki, əhali qrupu üçün texniki şərtin verilməsi, eləcə də su sayğaclarının quraşdırılması pulsuzdur. “Azərsu” ASC vətəndaşlardan xahiş edir ki, texniki şərtin verilməsi və ya sayğac quraşdırılması zamanı hər hansı bürokratik amillə rastlaşdıqda dərhal 955 nömrəli zəng mərkəzinə məlumat versinlər.


Teqlər:





Xəbər lenti