Gəncədə küçələrin genişləndirilməsinə başlanıldı

Gəncədə küçələrin genişləndirilməsinə başlanıldı
  10 Yanvar 2014    Oxunub:2288
Gəncə şəhərində ötən gecə Veteranlar və Qəmbər Hüseynli küçələrində genişləndirmə işləri aparılıb
Gəncə şəhərində aparılan abadlıq və quruculuq işləri çərçivəsində ötən gecə Veteranlar və Qəmbər Hüseynli küçələrində genişləndirmə işləri aparılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin icra başçısının müavini Naqif Həmzəyev AzVision.az-a açıqlamasında bildirib ki, hazırda yolun genişlənməsi ilə əlaqədar sökülmə işləri aparılır.

N.Həmzəyev bildirib ki, evləri sökülən sakinlərə kompensasiya veriblər və onlar verilən kompensasiyadan tam razıdırlar:

“Qəmbər Hüseynli küçəsində hazırda genişləndirmə işləri aparılır. Əvvəl bu küçənin eni 11 m idi, indi isə küçənin eni 23 metr olacaq. Genişləndirmə işləri əsasən qeyri-yaşayış sahələrinin hesabına həyata keçirilir. Bu küçədə işlər başa çatdıqdan sonra bütün infrastruktur yenilənəcək. Hasarlar kərpiclənəcək”.

Naqif Həmzəyev onu da qeyd edib ki, aparılan işlərdə məqsəd şəhərin mərkəzi küçələrini milli memarlıq üslubuna uyğunlaşdırmaqdır. Adıçəkilən küçələrdə aparılan işlər artıq yekunlaşmaq üzrədir. Xatırladaq ki, anoloji işlər, Hüseyn Cavid və Nizami küçəsində də aparılıb.

İcra başçısının müavini onu da əlavə edib ki, küçə genişləndikdən sonra evlərin fasadları kərpiclə üzlənəcək. Bununla da şəhərin mərkəzindəki milli ornamentlərlə bəzədilən küçələrin sayı artacaq. Eyni zamanda mərkəzdə yaranan avtomobillərin tıxac problemi də qismən azalacaq.

Evləri sökülən şəhər sakinləri onlara verilən kompensasiyadan tam razı qaldıqlarını bildiriblər. Belə ki, evi sökülən Firuzə Rzayeva bildirib ki, o evinin qarşılığında 3 övladı üçün iki 3 otaqlı ev və torpaq sahəsi istəyib və onun istəyi yerinə yetirilib.

Digər evi sökülən sakin Cümşüd Babayev: “Evim Gəncə şəhəri Qəmbər Hüseynli küçəsində yerləşir. Evimin bir hissəsi söküldüyü üçün həmin sahədə mənə iki mərtəbəli ev tikilib verilir. Bunun üçün də razıyam”.

Saləddin Mehdiyev: “Bizim ev Veteranlar küçəsində yerləşir. Kompensasiya olaraq mənim evimi tam təmir edəcəklər. Əlbəttə ki, razıyam”.

AzVision.az



Teqlər:  





Xəbər lenti