Obama ilə deputatlarımızı birləşdirən qadağa...

Obama ilə deputatlarımızı birləşdirən qadağa...
  10 Yanvar 2014    Oxunub:826
Milli Məclisin yaz sessiyasına start veriləndə artıq nə deputatlar, nə də jurnalistlər android və smartfon tipli telefonlarla iclaslara daxil ola biləcəklər. Belə ki, Parlamentə daxil olan hər kəs telefonlarını binanın girişində mühafizəçilərə verməli olacaq. Milli Məclisin qəbul etdiyi bu qadağa təbii ki, bütün mobil telefonlara şamil edilməyəcək. Sadə telefonlar, dəqiq desək şəkil, video çəkmək və ya səs yazmaq funkiyası olmayan telefonlarla parlamentə daxil olmağa icazə veriləcək. Bir qədər müasir, “iPhone”, “Blacberyy”, “Samsung” Galaxy tipli telefonları Milli Məclis binasında işlətmək mümkün olmayacaq.

Parlametin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bu qadağanın təhlükəsizlik baxımından atıldığı bildirib.

“Təhlükəsizlik baxımından və standartlara uyğun olaraq bəzi avadanlıqların Milli Məclisə keçirilməsi qadağandır”.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz AzVision.az-a açıqlamasında parlamentin telefon qadağasının anlaşılmaz olduğunu iddia edib.

O.Gündüzün fikrincə, bu həm absurd, həm də təhlükəli qərardır.
“Bunu təhlükəsizliklə əsaslandırırlar. Söhbət hansı təhlükəsizlikdən gedir? Əgər söhbət mobil telefonla təhkükəsiz danışıqdan, təhlükəsiz mesajlaşmadan, twitter, sosial mediadan istifadədən gedirsə, bu, tamam başqa məsələdir. Yəni, bunun telefon yığmağa adiyyatı yoxdur. Əgər bu qərarı konkret olaraq, deputatlara aid etsək, deputatların informasiya təhlükəsizliyinin qorunması üçün deputatların normal informasiya, təhlükəsizlik informasiya mübadiləsinin təmin edilməsi üçün başqa metodlar var. Bu, telefon yığmaqla həll olunan məsələ deyil”.
O. Gündüz bundan əlavə qeyd edib ki, dünya təcrübəsində belə bir praktika yoxdur: “İkincisi, burada kimsə daxildə fotoçəkiliş, videoçəkilişindən ehtiyatlanırsa, bu, Milli Məclisin daxilində normal bir şeydir. Milli Məclis hərbi, ya da ki kəşfiyyat obyekti deyil, hərbi təyinatı olmayan müəssisədir. Milli Məclisin daxilində nəyin qorunacağı anlaşılmazdır. Düşünürəm ki, hər iki baxımdan bu, anlaşıqlı bir məsələ deyil, deputatın, jurnalistin əlindən telefon almaqla özləri təhlükəyə yol verirlər. Birincisi, deputat öz statusuna görə əlçatan olmalıdır. Deputatın xəbəri olmalıdır ki, ətrafında nə baş verir.

Deputatın əlçatan olması üçün lazımdır ki, deputatda planşet, mobil telefon olsun. Əgər bu yoxdursa, deputat jurnalistə, vətəndaşa necə əlçatan ola bilər? Deyirlər ki, dünya ölkələrində belə təcrübə var. Məsuliyyətlə deyirəm ki, dünya ölkələrində belə bir təcrübəyə rast gəlməmişəm. Amma hansısa hərbi obyektlərdə belə bir qadağaya rast gəlmək olar. Əksinə, jurnalistə, deputata planşeti, telefonu özləri verməlidirlər, çünki bu qurumaların məşğul olduqları fəaliyyət növü bunu tələb edir”.

Qeyd etdiyimiz kimi, tətbiq ediləcək qadağalar daha çox müasir üslüblu telefonlara, planşetlərə, smartfonlara tətbiq ediləcək. Xəbər verdiyimiz kimi, bundan öncə “iPhone” markalı telefonlarla bağlı böyük qalmaqal yaşanmışdı. Hətta Rusiya Duması dövlət nümayəndələrinə “iPhone” işlətməyi qadağan etməyə hazırladığını bəyan etmişdi. Məqsəd onları xarici xüsusi xidmət orqanlarının dinləməsindən xilas etməkdir.
Rusiya Federasiya Şurasının üzvü Ruslan Qattarov bildirib ki, məmurların xidməti smartfonlarının təhlükəsizliyinin təkmilləşdirilməsi üçün qanunvericilərdən və ekspertlərdən ibarət işçi qrup yaradılacaq. ”iPhone” xidməti ehtiyaclar üçün uyğun gəlmir: “Təhlükəsizlik baxımından sistem kifayət qədər zəifdir. Xüsusi xidmət orqanlarının traffikin şifrəsini açan telefonları var. Və onlar bu telefondan istifadə edirlər. Xidməti informasiyaya müəyyən məhdudiyyətlər tətbiq etmək lazımdır”.
Qattarov əlavə edib ki, müxtəlif məmurlar üçün müxtəlif təhlükəsizlik səviyyələri müəyyən olunacaq. Birinci mərhələ yalnız şifrəli telefonlardır. İkinci mərhələdə xidməti telefonlar gəlir. Bunlar üçün Rusiyada sertifikatlaşmış müəyyən modellər var. Dövlət Dumasının İnformasiya Siyasəti üzrə nümayəndəsi Vadim Denqin ideyanı dəstəkləyib.
“Smartfonlara inamsızlıq bütün dövrlərdə olacaq. Kim texnikanı hazırlayırsa, o, bizi dinləyə də bilər. Mən şəxsən razıyam ki, mənə xarici casuslardansa, öz dövlətim nəzarət etsin”- deyə deputat bildirib.
Yada salaq ki, Amerika Milli Təhlükəsizlik Agentliyinin əməkdaşı Edvard Snouden ABŞ-ın gün ərzində dünyanın müxtəlif yerlərindəki 5 milyard telefon zəngini izlədiyini və asanlıqla telefon sahibini, onun yerləşdiyi ərazini müəyyən edə bildiyini söyləmişdi.

Bu qalmaqaldan sonra telefonlara nəzarət daha da gücləndirilib.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obamaya “iPhone” markalı mobil telefonlardan istifadə etmək qadağan edilib. Bu addımın nun prezidentin danışıqlarının dinlənliməsi təhlükəsindən irəli gəldiyi bildiriblər.

Hətta Türkiyədə baş verən rüşvət olaylarında baş nazir Rəcəb Tayyib Ərdoğanın telefon danışıqları da gizlin dinlənilmişdi.

Bu baxımdan “iPhone” telefonlarının təhlükəli olduğu danılmazdır. Xüsusən də texnologiya inkişaf etdikcə insanların dinlənilməsi, uzaqdan təqib olunması, izlənməsi də asanlaşır. Mobil telefonlar təkcə istifadə olunarkən, yəni zəng göndərib zəng qəbul edərkən dinlənilmir. Mobil telefonumuz 24 saat siqnal verdiyindən həm də addımbaaddım izlənməyimiz və kimlərlə görüşüb nələr danışmağımızın qeydə alınması mümkündür. Mütəxəssislər telefonlar üçün dinləmələri müəyyən edən və telefon sahibinə xəbər verən proqramlar hazırlayıb. Mobil telefonlara yüklənən bu proqramlar qanundankənar dinləmələri müəyyən etdikdə telefona mesaj və ya siqnal göndərir. Bu isə mobilin dinləndiyini bildirir.
Nəzərə alsaq ki, millət vəkillərinin əksəriyyəti “iPhone” telefonlarından istifadə edir, bu baxımdan tətbiq ediləcək qadağanın dinlənmə təhlükəsi ilə bağlı olması ehtimal edilir.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti