Ukraynanın məşhur jurnalı İlham Əliyevdən yazdı

Ukraynanın məşhur jurnalı İlham Əliyevdən yazdı
  11 Yanvar 2014    Oxunub:971
Ukraynada çıxan populyar “AvtoBiznesTur” reklam-informasiya jurnalının son nömrəsində “Azərbaycanın lideri İlham Əliyev” sərlövhəli geniş məqalə dərc edilib. AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş bu material Azərbaycanın Ukraynadakı Səfirliyinin dəstəyi ilə işıq üzü görüb.

Məqalədə keçən əsrin 90-cı illərinin əvvəli, həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclik, öz dövrünü başa vurmuş ənənələrin ətaləti, həyatın bütün sahələrində yaranmış böhranlı vəziyyət barədə söhbət açılır.
Yazıda vurğulanır ki, dünya miqyaslı siyasətçi, xalqın və millətin lideri Heydər Əliyevin səyləri sayəsində xeyir şərə qalib gəldi. O yaxşı başa düşürdü ki, əgər xalq özünə, öz milli dəyərlərinə inamı itirərsə, onda millət də itiriləcəkdir.
Məqalənin sonrakı hissəsində çox harmonik şəkildə Azərbaycanın ən yeni tarixinin həmin dövrü ilə son onillik arasında bir növ körpü yaradılır. Məqalədə deyilir: “Təsadüfü deyildir ki, bu gün Azərbaycana şanlı ənənələrin böyük davamçısı, yeni formasiya siyasətçisi, tanınmış lider İlham Əliyev rəhbərlik edir”.

Məqalədə Azərbaycanın dövlət başçısının hərtərəfli dərin bilikləri, daxili və xarici siyasətdə qazandığı sanballı uğurlar, onun sülh və sabitlik ideallarına sadiqliyi, Prezidentin Azərbaycan vətəndaşlarının həyat şəraitinin yaxşılaşmasına və maddi rifahının yüksəlməsinə, xaricdə yaşayan həmvətənlərə qayğısı barədə söhbət açılır.
Materialda həm də Azərbaycanın milli inkişaf proqramının həyata keçirilməsi, bütün ölkədə tikinti bumu, dünya miqyaslı iri neft layihələrinin həyata keçirilməsi mövzularından da bəhs edilir.

Məqalənin ayrıca bir bloku Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq, xalqlarımız arasında səmimi dostluq, Böyük Vətən Müharibəsi illərində Ukraynanın alman faşizmindən azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş Azərbaycan övladlarının xatirəsinin ehtiramla yad edilməsi məsələlərinə həsr olunmuşdur. Məqalədə vurğulanır ki, Prezident İlham Əliyev Böyük Vətən Müharibəsi illərində həlak olanların xatirəsinə ehtiramı “ölkələrimiz arasında qarşılıqlı münasibətlərin gözəl əlaməti” adlandırmışdır.
2013-cü il noyabrın 18-də Azərbaycan dövlətinin başçısı İlham Əliyevin Ukraynaya tarixi səfəri, onun Vilnüs zirvə toplantısında (noyabr 2013-cü il) iştirakı materialda xüsusi qeyd edilib.

Materialın sonunda deyilir: “Avropa dövlətlərinin başçıları Azərbaycan ilə mobillik üzrə tərəfdaşlığa dair sazişə əsasən qazanılmış uğurları müsbət qiymətləndirmişlər”.

Yaxın günlərdə “AvtoBiznesTur” jurnalının elektron versiyası internet şəbəkəsinə yerləşdiriləcəkdir.


Teqlər:





Xəbər lenti