Rauf Arifoğlu cəbhəçiləri “zombi” adlandırdı

Rauf Arifoğlu cəbhəçiləri “zombi” adlandırdı
  11 Yanvar 2014    Oxunub:981
“Əli Kərimlinin iqtidar olması ölkə üçün daha fəlakətli olardı”
Sosial şəbəkələrdə günlərdir davam edən AXCP-Müsavat davasına “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu qarışıb. AXCP sədrinin müavini Fuad Qəhrəlanmının facebook səhifəsində R.Arifoğlu ilə bağlı səsləndirdiyi ağır ittihamlara jurnalist cavab verib.

R.Arifoğlu AXCP funksionerinin ona şər atdığını bildirib. “Mən bu siyasətçini hər zaman çox dəyərləndirmişəm. Qəzetimizin əməkdaşı olub, xeyli müddət bir çatını, iş yerini paylaşmışıq... Siyasətdə formalaşan zamanları idi. O zamandan iddialı, irəli görüşlü birisi kimi diqqətimi çəkmişdi. Əvvəl Fazil Qəzənfəroğluna yaxındı, sonra Əli Kərimligilə qoşuldu... Son aylara qədər - hörmətli Aynur Camalqızının layihələrindən birinə - Axar.az-a qoşulana qədər xanımı qəzetimizin yazarı olub... Yəni bizi yaxın-uzaq xatirələr, hörmət bağlayır... Amma son günlər tam qazla əleyhimə kampaniya aparır, “Yeni Müsavat”ı aşağılayır... Məni də şərləyir-ən pisi də bu! Özündən soruşdum, son 6 gündə bu hakimiyyətin əleyhinə bircə status, bircə məqalə, təhlil də yazmamısan, amma əvəzində İsa bəyin, Arif Hacılının, Yeni Müsavatın əleyhinə onlarla yazı, status yazmış, müsahibələr vermisən. Xeyir ola, bir qəzetdən aqressiya tələb edirsən, amma özün siyasətçi olduğun halda aqressiyanı Müsavata və Yeni Müsavata yönəldirsən...”-deyə baş redaktor bildirib.

Jurnalist həmçinin AXCP sədri Əli Kərimliyə səslənərək tərəfdarlarına ona qarşı başlatdığı hücumlara son qoymağa çağırıb.

“Fuad bəy, sizi dəvət etdik, gəlin redaksiyaya, İkram İsrafillə debata, kimə istərsəniz sözünüzü özünüz deyin... Ayrıca, bu gün “Azadlıq” qəzetində mənim və Yeni Müsavatın əleyhinə 5 məqalə dərc olunub. Facebook AXCP-çilərin mənim ünvanıma nifrət və söyüşləri ilə doludur.

Bu statusdan sonra komanda verildi və bütün AXCP dəstəsi tökülüşdü oraya. Yekunda bir status yazıb, zombixananı tərk etdim. Bu da son statusum:

“Bütün AXCP dəstəsi səfərbər olub, buraya hücum etdi. Allah qüvvət versin. Sözümü deyib, çıxım, boş-boş zaman itirməyim:
Məni özünə düşmən elan etmiş bir liderin və onun zombilərinin Azərbaycanda iqtidar olmasını istəmirəm. Əli Kərimlinin iqtidar olması ölkəm üçün daha fəlakətli olardı.

Milli Şuranı və bu modeli ilk gündən Azərbaycan siyasətinin fəlakəti, müxalifətin, demokratik təsisatların bitirilməsi layihəsi saymışam, Rusiya və Azərbaycan iqtidarları bunu qurdular. Sadəcə Müsavat oyunu pozdu. Bu gün də bu fikirdəyəm.

Kimdən nə yazmağı qəzet redaktoru və qəzetin rəhbərliyi müəyyən edir, daha ona düşmən olan bir düşərgənin tərəfdarları yox. İndi nə təklif edirsiniz, Azərbaycanın fəlakəti hesab etdiyim bir şərçi, zombi dəstəsinin iqtidar olması üçün savaşmalıyam? Niyə? Azərbaycan yazıq deyilmi? Yeni Müsavat müxalifət partiyası deyil, müxalifət yönümlü qəzetdi. O qəzet də mənim və kollektivin maraqları ilə idarə olunur. Allah Azərbaycanı Əli Kərimlinin bu zombi dəstəsindən hifz eləsin”-deyə jurnalist qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti