Könüllülər yeni aksiyaya başlayıblar

Könüllülər yeni aksiyaya başlayıblar
  30 May 2020    Oxunub:2616
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” təşəbbüsü çərçivəsində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən start verilən “Bir-birimizi qoruyaq!” adlı kampaniyanın bir hissəsi olaraq könüllülər yeni maraqlı aksiyaya başlayıblar.
AKƏM-dən Azvision.az -a verilən məlumata görə, respublikanın şəhər və rayonlarında, o cümlədən Bakının 12 rayonunda keçirilən aksiya çərçivəsində, əhalinin çox olduğu müxtəlif məkanlarda - restoran, kafe, parklarda könüllülər üzərində koronavirusdan qorunmaq məqsədilə hazırlanan təbliğat və təşviqat yazıları əks olunmuş stikerlər yapışdırıblar. Belə ki, karantin qaydalarına riayət olunan məkanların girişlərinə “Burada qaydalara əməl olunur” və “Nümunəvi obyekt”, ictimai nəqliyyatda və parklarda, şəxsi avtomobillərdə, insanların köynəklərində “Aralı əyləşin, sağlam olun”, “Məsafə saxla”, “Bir birimizi qoruyaq”, “Sağlamlıq məsafəsi saxlayın” yazılı xüsusi stikerlər yapışdırılır, həmçinin insanlar arasında maarifləndirmə aparılır.

“Bir-birimizi qoruyaq!” adlı kampaniyanın məqsədi karantin rejiminin yumşaldılması ilə əlaqədar insanların kütləvi toplaşdığı yerlərdə sosial məsafə və digər davranış qaydaları barədə ictimai maarifləndirmənin aparılması, həm xəstəliyin yayılmasının qarşısının alınması üçün vaxtında səmərəli tədbirlər həyata keçirən dövlətimizə, həm də koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə gecə-gündüz çalışan vətəndaşlarımıza könüllülərin dəstəyini nümayiş etdirməkdən ibarətdir.

Qeyd edilməlidir ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə martın 27-də formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Formula 1 Azərbaycan Qran Prisi” Könüllülük Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” Təşkilatı, “Ekokönüllüləri” Qrupu, “AFFA və Avro-2020” Könüllülər Proqramı, “Gənc Könüllülər” Hərəkatı və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilir.

Fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib. Bu günədək AKƏM-in təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor” aksiyalarında minlərlə könüllü iştirak edib.

Azvision.az



Teqlər: Könüllü   Aksiya  





Xəbər lenti