Belçikanın nüfuzlu jurnalı Azərbaycandan yazdı

Belçikanın nüfuzlu jurnalı Azərbaycandan yazdı
  13 Yanvar 2014    Oxunub:1140
Belçikanın nüfuzlu “Le temps de vivre“ ( “Yaşamaq anı“ ) jurnalının redaktoru Mireille de Maerschalk ölkəmizdə səfərdə olub.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, onun jurnalın dekabr ayının sonlarında nəşr olunan 21-ci nömrəsində Azərbaycanın möhtəşəm və sürətli iqtisadi inkişafından bəhs edən “Azərbaycan- Avropa və Şərq arasında körpü“ başlıqlı məqaləsi dərc edilib.
Müxtəlif sərlövhələr altında verilən məqalədə müəllif Azərbaycanın Belçikada az tanınmasından təəssüf hissi keçirdiyini, dünyanı heyrətə salan tarixi abidələrlə və mədəni irslə zəngin ölkəmiz barədə oxucularına ətraflı məlumat verəcəyini diqqətə çatdırır.
Bakının görünüşünün ölkənin güclü iqtisadi inkişafından xəbər verdiyini xatırladan belçikalı jurnalist “İçərişəhər“ abidələr kompleksinin 2000-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınan ilk Azərbaycan abidəsi olduğunu vurğulayır, Dövlət Bayraq Meydanının möhtəşəmliyindən, “Eurovision-2012“ mahnı müsabiqəsinin keçirildiyin və dünyada analoqu olmayan “Baku Cryastal Hall” konsert zalının 35 min tamaşaçı tutduğunu, Böyük Britanyalı arxitektor Zaha Hadidin layihəsi əsasında inşa edilən Heydər Əliyev Mərkəzinin 2012-ci ildə təntənəli açılışı olduğunu bildirir.

Məqalədə ölkənin əsas mədəniyyət beşiyi olan Bakıda Zərdüştlük, Sasanilər, habelə ərəb, fars, osmanlı və çar Rusiyasının işğalı dövrlərindən qalan izləri özündə əks etdirən abidələrdən söhbət açılır.
Qeyd olunur ki, lX əsrdə mövcud olub 1538-ci ildə süquta uğrayan Şirvanşahlar tərəfindən əsası qoyulan İçərişəhər tarixi abidələrlə zəngindir və ölkənin qədim tarixiliyini özündə əks etdirir. Bakının 1585-ci ildə Osmanlı sultanı lll Murad və 1723-cü ildə isə rus generalı Matuşkin tərəfindən işğal edildiyini diqqətə çatdıran müəllif 1783-cü ildə paytaxtımızın Rusiya imperiyasının bir hissəsinə çevrildiyini qeyd edir.

Jurnalist İçərişəhərin quruluşundan, dar küçələrindən, qədim və yaraşıqlı binalarından xəbər verir və onların XII əsrdə hökmdar Məniçöhr tərəfindən inşa olunduğunu, XIX əsrdə təmir edildiyini xatırladır.
Məqalədə VI və VII əsrlərdə inşa edilən və XII əsrdən İçərişəhərin əsas abidələrindən biri hesab edilən səkkiz mərtəbədən ibarət Qız qalasının Azərbaycanın əsas simvollarından biri olmasından, onun əhatəsində çoxlu sayda kiçik restoranların fəaliyyət göstərməsindən, qonaqlara mətbəximizin zəngin və dadlı nemətləri ilə xidmət edilməsindən bəhs olunur.

Bakıda tamamilə Avropa standartlarına uyğun müasir tipli mehmanxanaların inşa edildiyi barədə məlumat verən müəllif neftin kəşfi sayəsində şəhərin sürətlə inkişaf etdiyini, XX əsrin başlanğıcında ölkəmizin dünya neft məhsulunun istehsalında əsas mərkəzlərdən biri olduğunu xüsusi vurğulayır.
Şirvanşahlar sarayından söhbət açan müəllif bu tarixi abidəni Azərbaycan arxitekturasının şedevri kimi dəyərləndirir, sarayın XVIII əsrdə rus donanmasının bombardmanı nəticəsində dağıldığını və sonralar təmir edildiyini bildirir.

“Bibi-Heybət məscidi“ yarım sərlövhəli yazıda məscidin imam Əlinin şərəfinə inşa edildiyindən, Sovet hakimiyyəti dövründə bir çox məscidlər kimi Bibi-Heybət məscidinin dağıdılmasından, Azərbaycan müstəqillik qazandıqdan sonra tamamilə bərpa edilməsindən, ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə məscidin əsaslı təmirdən sonra 1997-ci il iyunun 11-də təntənəli şəkildə açılmasından danışılır.

“Qobustan“ yarımsərlövhəsində məşhur Qobustan qayalarının Qafqaz sıra dağlarının cənub-şərqində, Bakıdan 70 kilometrlik məsafədə yerləşməsindən, 1930-cu ildə alimlərimiz tərəfindən kəşf edilməsindən, qayalar üzərindəki rəsmlərin 5 mindən 20 min ilədək yaşı olmasından, tarixilik baxımından dünyanın mühüm abidəsi kimi dəyərləndirilməsindən, abidənin keçmiş dövrü öyrənmək baxımından müstəsna əhəmiyyət daşımasından, məşhur norveçli antropoloq Tur Heyerdalın Qobustana dəfələrlə səfər etməsindən bəhs olunur.
Məqalədə son illər Azərbaycanın sürətli iqtisadi inkişafının Avropa ölkələri ilə hərtərəfli əməkdaşlığında əsas rol oynadığı, ölkəmizin mühüm beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi diqqətə çatdırılır.
Məqalədə, həmçinin 2 milyondan artıq əhalisi olan Bakının son illər sürətlə inkişaf etdiyi və böyüdüyü, şəhərdə klassik qədimliyin müasir arxitektura tikintisi ilə harmonik vəhdət təşkil etdiyi qeyd olunur.
Jurnalist belçikalı oxuculara 1918-ci ildə müsəlman dünyasında ilk dəfə Azərbaycanda demokratik, dünyəvi dövlətin yarandığı, qadınlara səsvermə hüququnun verildiyi, 1920-ci ildə ölkəmizin bolşeviklər tərəfindən işğal edildiyi, 1991-ci ildə müstəqillik qazandığı, 1993—cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi və 2003-cü ildə İlham Əliyevin Prezident seçildiyi, ölkəmizin sərhədləri, əhalisinin sayı, orta yaş həddi, pul vahİdi, dövlət dilinin Azərbaycan dili olması barədə məlumat verir.

Sonda neft və qaz kimi mühüm yeraltı təbii sərvətlərlə zənginliyinin Azərbaycanın bütün sahələrdə Avropa ölkələri ilə əməkdaşlığa imkan verməsi, iqtisadiyyatın sürətli inkişafının ölkəmizin xarici bazarlara daxil olmasında mühüm rol oynadığı, qeyri-neft sektorlarından kimya və yüngül sənayenin, kənd təsərrüfatının inkişaf etdiyi diqqətə çatdırılır.
Ümumilikdə, məqalə belçikalıların ölkəmiz haqqında geniş məlumat əldə etmələri baxımından mühüm əhəmiyyət kəsb edir.


Teqlər:





Xəbər lenti