Hurriyet Daily News “ASAN İmza”-dan yazdı

  15 Yanvar 2014    Oxunub : 660
Hurriyet Daily News “ASAN İmza”-dan yazdı
Türkiyədə dərc olunan ingilis dilli `Hurriyet Daily News` qəzetində Azərbaycanda tətbiq olunan `ASAN İmza` haqqında yazı dərc olunub. Məqalədə müasir dünyada dövlət idarəçiliyində elektron texnologiyaların rolundan və onların Azərbaycanda tətbiqindən söz açılır. Məqalənin orijinalını buradan oxumaq olar. Biz isə onun Azərbaycan dilinə tərcüməsini təqdim edirik.

Azərbaycanda innovativ kütləvi xidmət

Kamal Cəfərov

Azərbaycan Hüquqşünaslar Konfederasiyasının baş katibi

Müasir dünyada hökumətin əsas vəzifələrindən biri öz vətəndaşlarını ətrafda nə baş verdiyi haqqında məlumatlandırmaqdır, çünki ictimaiyyətə vaxtında məlumatların çatdırılması onların gündəlik həyatında qərarların qəbul edilməsi və fikir formalaşması üçün mühüm rol oynaya bilər və bu informasiya axını ölkədə demokratiyanı və cavabdehliyi dəstəkləyir.

Malayziyada Kənd təsərrüfatı nazirliyi fermerlərin mobil telefonlarına qısa mesajla suların səviyyəsinin artdığı haqqında xəbərdarlıq göndərir, beləliklə də onlara kənd təsərrüfatı torpaqlarına dəyə biləcək potensial zərərin qarşısını almaq imkanı yaradır. Bundan əlavə 2005-ci ildən mobil texnologiyalar Estoniya xalqına fiziki iştirak olmadan mobil telefon vasitəsilə seçkilərdə səs verməyə kömək edir.

Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan yeni mobil ID layihəsi, Asan İmza, vətəndaşlara mobil telefondan təhlükəsiz elektron şəxsiyyət vəsiqəsinin bir növü kimi istifadə etməyə imkan verir. ID kart kimi bu yenilik təhlükəsiz e-xidmətlərə çıxış və sənədlərin elektron imzalanması üçün istifadə oluna bilər və onun üstün cəhəti kart oxuyucusu tələb etməməsidir. Hal-hazırda Asan İmza yalnız vergi məsələləri üçün istifadə edilir, lakin qısa müddətdə bank, maliyyə və park sahələrini də əhatə edəcək.

Əslində, m-hökumət e-hökumətdə tamamlayıcı rol oynayır, belə ki, m-hökumət əvvəllər elektron mühitdən xaric olan insanların həyat səviyyəsini yaxşılaşdıra bilər. Xüsusilə, mobil texnologiyalar ictimai informasiyaya və xidmətlərə rahat çıxışı təmin edir. Məsələn, ucqar ərazilərdə vətəndaşlar təkmilləşdirilmiş m-tibbi yardım, bildirişlər və təcili tibbi siqnallar ala bilərlər.

Qeyd etmək lazımdır ki, m-hökumət xidmətin çatdırlmasında mövcud olan on-line və off-line üsulların aradan qaldırılmasını nəzərdə tutmur, əksinə, ictimai sektorda təkcə mövcud olan xidmətlərə çıxışı artırmaqla deyil, həm də yeni xidmətlərin tərtibi və çatdırılmasını mümkün etməklə, güclü və transformasiya olunan imkanlar təqdim edir.

Lakin m-hökumət yolunda bir sıra maneələr də var. Əvvəlcə, vətəndaşlar ictimai xidmətdə yeni trend üçün hazır olmalı və bu xidmətlər, həmçinin onların mahiyyəti haqqında məlumatlanmalıdırlar. İkincisi, zəruri infrastruktur və bu yeni texnologiyaya dəstək sistemi olmalıdır. Üçüncüsü, bütün yuxarıda qeyd olunan xidmətlər üçün müştəri mərkəzi fəaliyyət göstərməlidir. Bunların hazırlanması üçün m-hökumət dövlət orqanlarından çox vətəndaşların tələbləri üzərində inşa edilməlidir.

Nəhayət, proqram interfeysləri istifadə üçün daha asan bir şəkildə tərtib olunmalıdır. Bundan əlavə təhlükəsizlik məsələləri və məlumatların məxfiliyi bu yeni trend üçün üstün prioritetlərdən olmalıdır.

Teqlər: