İordaniya spikeri: Xocalı soyqırımı haqqında qətnamə qəbul olunacaq
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, yanvarın 15-də Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Sabir Ağabəyov və İordaniya Parlamentinin Aşağı Palatasının spikeri Atef Taravneh arasında görüş keçirilib.
Səfirliyin təşəbbüsü ilə baş tutan tanışlıq xarakterli görüşdə hər iki ölkənin qanunverici orqanları və digər sahələrdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparılıb.
Səfir Sabir Ağabəyov Atef Taravnehə İordaniya Parlamentinin Aşağı Palatasının spikeri seçilməsi münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov tərəfindən ünvanlanan təbrik məktubunu təqdim edərək, ona vəzifə səlahiyyətlərinin icrasında müvəffəqiyyətlər diləyib.
Diplomat Milli Məclisdə Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyi barədə məlumatı qarşı tərəfin diqqətinə çatdıraraq, İordaniya Parlamentinin Aşağı Palatasında da belə bir qrupun yaxın vaxtlarda formalaşdırılacağına ümidini ifadə edib.
Daha sonra səfir Sabir Ağabəyov İordaniya Senatı tərəfindən Xocalı soyqırımını pisləyən qətnamənin qəbul edildiyini və yaxın vaxtlarda parlamentin Aşağı Palatası tərəfindən də müvafiq qərarın qəbul ediləcəyinə ümidvar olduğunu bildirib.
Atef Taravneh təbrik məktubuna görə təşəkkürünü bildirərək, yaxın vaxtlarda parlamentin Aşağı Palatasında İordaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibinin təsdiq ediləcəyini bildirib.
Xocalı soyqırımı ilə bağlı qərarın qəbul edilməsi məsələsinə münasibət bildirən A.Taravneh, ölkəsinin daim ədalət prinsipini üstün tutduğunu və bu məsələdə İordaniya Parlamentinin Aşağı Palatası tərəfindən müvafiq qərarın qəbul ediləcəyini diqqətə çatdırıb.
Qarşılıqlı səmimiyyət şəraitində keçən görüşdə İordaniya tərəfinə məlumat-təbliğat xarakterli əyani vəsait, ölkəmizin mədəni irsini təbliğ edən qiymətli hədiyyələr təqdim edilib.
Görüşdə parlamentin Aşağı Palatasının üzvləri Hazem Qaşu, Fələk Camali, Parlament Aparatının üzvləri iştirak ediblər.