Latviyalı deputat: Münasibətlərimiz dostluğa əsaslanır

Latviyalı deputat: Münasibətlərimiz dostluğa əsaslanır
  16 Yanvar 2014    Oxunub:1176
“Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupu Latviya Seyminin ikinci ən böyük əməkdaşlıq qrupudur. Bu qrupda ölkənin bütün siyasi qüvvələri təmsil olunub”.
AzVision.az xəbər verir ki, Latviya Seyminin deputatı, Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Yanis Reyers bu sözləri AzərTAc-ın müxbirinə müsahibəsində deyib.

Y.Reyers Latviya-Azərbaycan əlaqələrini şərh edərək bildirmişdir ki, iki ölkə arasında parlamentlər səviyyəsində münasibətlər dostluğa əsaslanır. Ölkələrimizin siyasi dialoqunun əsasını siyasi, iqtisadi, humanitar və digər sahələrdə tərəfdaşlıq münasibətlərinin davamlı möhkəmlənməsinə qarşılıqlı maraq təşkil edir. O deyib ki, “Biz hər iki tərəfi maraqlandıran istənilən məsələləri açıq müzakirə edə bilərik. Dünya siyasətinin və regional siyasətin bir çox məsələləri barəsində baxışlarımız üst-üstə düşür”.

Latviyalı deputat qeyd edib ki, iki ölkənin xarici siyasət idarələri qarşılıqlı konstruktiv fəaliyyət göstərir. Son üç ildə Latviya prezidenti və ölkənin baş naziri böyük nümayəndə heyətlərinin müşayiəti ilə Bakıda rəsmi səfərlərdə olublar. Görüş zamanı iki ölkə arasında yaranan münasibətlər təhlil edilib, hər iki tərəf bu əlaqələrin səviyyəsindən və vəziyyətindən razı qaldığını bildirərək, əməkdaşlığı daha da fəallaşdırmağın zəruri olmasını qeyd edib.

Yanis Reyers diqqətə çatdırıb ki, Latviya tərəfi təhsil sahəsində də Azərbaycanla əməkdaşlığın genişləndirilməsini səbirsizliklə gözləyir.

O “Bu sahədə qarşılıqlı fəaliyyət üçün hər iki ölkənin kifayət qədər böyük potensialı vardır. Latviyanın səhiyyə naziri İnqrida Sirtsene Bakıya rəsmi səfəri çərçivəsində Latviya ali məktəblərində xarici tələbələrin təhsil alması layihəsini təqdim etmişdir. Sevindirici haldır ki, P.Stradinş adına Riqa Tibb Universitetində azərbaycanlı tələbələr də təhsil alır” deyə bildirib.

Latviyalı deputat iki ölkənin parlamentarilərinin qarşılıqlı səfərləri barədə söhbət açaraq bildirdi ki, fevral ayında dostluq qrupunun üzvləri onun rəhbərliyi ilə Bakıya səfər etməyi planlaşdırırlar. Bu səfər Latviya Seyminin spikeri Solvita Aboltininin mart-aprel aylarında nəzərdə tutulan rəsmi səfərinə hazırlıq xarakteri daşıyacaq.

Baltik Assambleyası və GUAM çərçivəsində də Latviya və Azərbaycan parlamentlərarası qruplarının sıx əməkdaşlığı həyata keçirildiyini vurğulayan Yanis Reyers qeyd bildirdi ki, məhz Azərbaycan GUAM-da sədrlik kimi mühüm missiyanı uğurla yerinə yetirməklə, bu təşkilatın işinin yenilənməsində hərəkətverici qüvvə olub.

Dostluq qrupunun sədri diqqətə çatdırdı ki, Latviya, o cümlədən ticarətə və investisiyalara kömək məqsədi ilə Azərbaycanla iqtisadi əməkdaşlığın inkişaf etməsini və genişlənməsini arzulayır. İki ölkənin sahibkarlarını get-gedə artmaqda olan qarşılıqlı işgüzar maraqları sərmayələrin və malların hərəkəti yolundakı maneələrin ardıcıl olaraq aradan qaldırılmasını tələb edir. Deputatın fikrincə, Latviya ilə Azərbaycan arasında birbaşa təyyarə reysinin nizamlanması iqtisadi əlaqələrin, o cümlədən turizmin fəal inkişafına kömək edərdi.

“Qarşılıqlı əmtəə dövriyyəsinin həcmi dövlətlərarası münasibətlərin səviyyəsinə və əldə edilmiş razılaşmalara uyğun deyil. Parlamentlərarası dostluq qrupları iki ölkənin ticari-iqtisadi əməkdaşlığının genişlənməsinə töhfə verməlidir” deyə Y.Reyers bildirib.

Yanis Reyers “Qazprom” şirkətindən danışaraq “2017-ci ildə “Qazprom” şirkətinin Latviyada inhisarçılığı başa çatacaq. Avropa İttifaqının energetik təhlükəsizliyi barədə əsasnaməyə uyğun olaraq 2017-ci ildə Latviyanın enerji bazarı liberallaşdırılacaq. Beləliklə, enerji təhlükəsizliyi sahəsində də Azərbaycanla əməkdaşlıq üçün gözəl imkanlar yaranır” deyə bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Avropa İttifaqının üzvü kimi Latviyanın rolu barədə danışan Yanis Reyers xatırladıb ki, 2009-cu ilin noyabr ayında Baltik Assambleyası bu problemə dair qətnamə qəbul edib.

Latviyalı deputat bildirdi ki, Spiker S.Aboltininin Azərbaycana səfərindən sonra Qarabağ probleminə dair qətnamə qəbul edilməsi məsələsinə Latviya seymində yenidən baxılacaq. O vurğuladı ki, Latviya Dağlıq Qarabağ probleminin dinc yolla həllini dəstəkləyir.

Yanis Reyers Latviyada Azərbaycan diasporunun fəaliyyətini şərh edərək “Latviyada yaşayan azərbaycanlıların öz tarixinə qayğı ilə yanaşması, əlamətdar günləri unutmaması bizi sevindirir. Millət öz keçmişini yadda saxlamalıdır ki, tarixin qara səhifələri təkrarlanmasın” deyə bildirib.


Teqlər:





Xəbər lenti