Bir gecənin ibrət dərsi - TƏHLİL

   Bir gecənin ibrət dərsi -    TƏHLİL
  15 İyul 2020    Oxunub:42145
Həftənin əvvəlindən başlayaraq, ölkənin vəziyyətini qısaca bu sözlərlə ifadə etmək olar: “Cəbhədən Cəbhəyə”. Biz koronavirusla qlobal müharibəni bitirməyə macal tapmamış, bu yandan da KARENavirus ortaya düşdü. Üstəlik, daxildən də xeyli viruslar aktivləşdilər. Qəribə vəziyyətdir. Azərbaycan dövləti faktiki 3 düşmənlə mübarizə aparmağa məcburdur: Görünən, görünməyən və maskalanmış.
İyulun 14-dən 15-nə keçən gecə Bakının küçələrində baş verənlər nəhəng bir ibrət dərsi idi. Cəmisi bir neçə saatın içində hisslərin bütün palitrasını yaşamaq üçün imkan oldu: qürur, tərəddüd, çaşqınlıq, həyəcan, narahatçılıq, qorxu, peşmançılıq... Əvvəlcə çoxumuz qürurlanırdıq ki, xalq öz torpaqlarına, ordusuna, taleyinə biganə deyil, buna görə də küçələrə axışır. Amma eyni zamanda bir çaşqınlıq vardı: Aksiyanə nəyə görə keçiririk? Axı etiraz edəcəyimiz qədər ciddi məğlubiyyət, qeyd edəcəyimiz qədər ciddi qələbəmiz yoxdur. Elə isə, niyə küçəyə çıxırıq? Axı karantindir. Axı küçəyə ancaq sms-lə icazə alaraq, çıxmaq mümkündür. Bəri başdan, elə ilk addımdaca dövlətin əmrini pozmaqla dövlətə dəstək olmaq mümkün və düzgündürmü?

Və nəhayət, daha ciddi sual: Küçəyə axışan bu insanları kim idarə edir? Əgər onları idarə edən yoxdursa – pisdir. Çünki xalq ilə kütləni ayıran fərqlərdən biri də məhz bu məqamda – birincinin idarə olunub, ikincinin olunmamasında özünü göstərir. 80-ci illərin sonunda Qarabağ üçün meydana çıxan kütləni idarə edən liderlər var idi. Pis-yaxşı, amma hər halda, kiminsə sözünə qulaq asırdırlar. Yaxşı, bəs gecə vaxtı heç kimin sözünə qulaq asmayan kütlə Bakının mərkəzini doldursa, onda bu, nə demək olacaq? Cavabı, təəssüf ki, tezliklə biləcəkdik.



Bu sualdan sonra vətəndaşlıq hisslərilə vətəndaşlıq məsuliyyətinin arasında konflikt başlayır və vətəndaşlıq məsuliyyəti daha güclü olanlar artıq narahatlıq keçirirdilər. Çünki idarə olunmayan insanların toplusu hər an kütləyə çevrilə bilər, kütlə isə həmişə qorxuludur. Xüsusilə də ictimai emosiyaların gərgin vaxtında. Bu halda Qarabağın qaytarılması tələbilə meydana çıxan kütlə özü də istəmədən Qarabağın daha çox itirilməsinə səbəb ola bilər. Yada salaq: Biz Qarabağ torpqlarını Qarabağda itirmişik bəyəm? Yox. Biz onları Bakıda itirmişik – 1990-cı ildə də, 91-də də, 92-də də... Cəbhədə döyüşlərin getdiyi məqamda Bakıda hansısa iğtişaş qızışarsa, bu, Qarabağın daha çox itirilməsindən başqa heç nəyə xidmət etməyəcək.

Əgər kütləni idarə edən yoxdursa, onun nəzarətdən çıxması zamanın işidir. Yox, əgər kütləni sosial şəbəkə idarə edirsə, bu, lap pis – Çünki oradakı atmosferi xaricdən maliyyələşən, dolayısı ilə düşmən sifarişini yerinə yetirən keşiş qaponlar, onların təsirindəki siyasi avantüristlər formalaşdırırlar. 10 ildir ki, xarabalıqlarının üzərində bayquş səsi hələ də kəsilməyən bəzi ölkələrdə də meydana çıxan kütləni məhz sosial şəbəkə idarə etdiyindən, bunun nə demək olduğunu ən yeni tarixdən yaxşı bilirik.



Bir də belə variant var idi: Əgər ortada idarə olunmayan kütlə mövcuddursa, onu idarə etmək üçün kimlərsə meydana atılacaqlar. İyulun 14-dən 15-də keçən gecə məhz bu oldu. Kütlə anlamaq istəmədi ki, tarixin 14 iyul olmasına baxmayaraq, Milli Məclisin binası Bastiliya qalası deyil. Bu andan etibarən daha meydanda xalq yoxdur, səhnədə kütlə var. Ona görə də, baş verənlərdə daha heç bir məntiq axtarmağa dəyməzdi. Hər şey ənənəvi sxemlə inkişaf edəcəkdi – aşırılan maşınlar, sındırılan şüşələr, zorakılıq... Bu andan başlayaraq, 3 saat əvvəl yaşanan xalqına görə qürur hissi qorxu və peşmançılıqla əvəzlənir.



Və ən əsası: Vətəndaşlıq məsuliyyəti vətəndaşlıq hissindən güclü olanlarda bu andan başlayaraq, artıq dövlətinə görə qürur hissi yaranmağa başlayır. Çünki həmin saatlarda orada vəziyyəti öz nəzarətinə almağı bacaran polis olmasa idi, indi hər şey necə olacaqdı, biz indi nə haqda danışacaqdıq – hətta düşünmək belə, qorxuludur. Məhz dövlətin düzgün və qətiyyətli addımları sayəsində biz bu bəlanı atlatdıq.

Əgər küçələrə çıxan kütlənin məqsədi dövlətə dəstəyini ifadə etmək idisə, axı dövlətin təmsilçiləri onlarla görüşdülər; hətta yürüşə çıxanlara əvvəlcə polis özü yol göstərirdi. Dünyaya xalq-dövlət həmrəyliyini nümayiş etdirib, sakitcə dağılışmaq lazım idi. Amma yox – kimlərsə nəyə görəsə hesab etdilər ki, Qarabağa gedən yol Milli Məclisdən keçir. Biz, ümumiyyətlə, Qarabağa gedən yolu çox vaxt çaşdırırıq. Bir ara hətta “Qarabağa gedən yol Fələstindən keçir” kimi anormal şüar da ortaya çıxmışdı. Halbuki, Qarabağı geri qaytarmağın ancaq bircə yol var və o da ancaq bircə istiqamətdən keçir. Həmin istiqamət güclü Azərbaycan dövlətidir.



Əgər biz həqiqətən Qarabağın qaytarılmasını, düşmən üzərində qələbə qazanılmasını istəyiriksə, bunun yeganə yolu dövlətimizin güclü, çox güclü, hər zamankından daha güclü olmaısdır. Bunun üçün dövlətə dəstək olmalıyıq; dövlətə dəstək olmaq isə onun dediyinə qulaq asmaq, çağırışına hay verməkdir. Bu gün həmin çağırış “evdə qal” şəklindədirsə, demək, evdə qalmalıyıq. Qarabağ cəbhəsində düşmən problem yaradırsa, virusla savaş cəbhəsində də biz problem yaratmalı deyilik. Faktik olaraq, insanları virusdan qorumaq üçün aylarla görülən bütün işlər bir gecədə heç edildi. Dövlət vətəndaşının həyatını eyni zamanda neçə cəbhədə qoruya bilər və qorumalıdır axı?!

Nəyə görəsə, bizə elə gəlir ki, hər şeyi dövlətdən daha yaxşı bilirik və daha yaxşı bacararıq. Bəs necə?! Biz dövlətdən daha yaxşı bilirik ki, müharibə necə aparılmalıdır, haranı vurmaq lazımdır, hara hücuma keçməliyik. Gah “Şuşanı vur” deyrik, gah Xankəndinin vurulmasını istəyirik. Düşmən vurulanda isə qəfildən dönüb, pasifist oluruq. Amma başa düşmürük ki, idarəçiliyin əsas qanunlarına görə, sənin informasiyan nə qədər çoxdursa, verəcəyin qərar da bir o qədər düzgün ola bilər. Feysbuk və yutubdan başqa informasiya mənbəyi olmayanlara elə gəlir ki, neçə-neçə dəqiq mənbələrdən informasiya və təhlil əldə edən şəxslərdən daha çox bilirlər, daha uzağı görürlər. Bu, qorxulu və təhlükəli illüziyadır.

Dünən gecəki hadisədən çıxan ən böyük ibrət həm də budur: Əgər xalqla qürur duysan, təəssüf ki, bu, bir neçə saatdan sonra peşmançılıqla da əvəzlənə bilir. Ona görə də, Dövlət Ata ilə qürur duymaq, ona inanmaq, ona güvənmək, ona arxalanmaq lazımdır. Əmin olmalıyıq ki, o, hər şeyin düzünü bilir və edir!



Hadisədən çıxan başqa bir nəticə də maraqlı və vacibdir: Bəlli oldu ki, olkədə hər an kütlənin qabağına düşüb, xalqın qatarını xaos və iğtişaş stansiyasına yönəltməyə müntəzir olan qüvvələr, qruplar var. Onlar təşəbbüsü sürətlə ələ alaraq, xalqın ən gözəl, saf niyyətlərini də ölkə və dövlət üçün bəlaya çevirə bilərlər. Bəli, biz inanırıq ki, gecə küçələrə axışan insanların 99%-nin niyyəti ancaq Qarabağ idi və heç birinin ağlından Milli Məclisə girmək keçməmişdi. Amma gördük və bundan sonra da unutmamalıyıq ki, niyyət heç də hər şey demək deyil. Düşmən xaricdə də, daxildə də hər an fürsət gözləyir. Kim idi bu daxildəki düşmənlər? İnsanları Milli Məclisin binasına, polis maşınlarına hücuma qızışdıranlar kimlər idi? Şübhəsiz ki, istintaq da aparılacaq, o adamlar da aşkarlanacaq, cəzalarını da alacaqlar. Amma həmin yerlər boş qalmayacaq. Çünki təkcə müqəddəs yox, elə murdar yerlər yerlər də boş qalmırlar. Hər murdar yerin öz milçəyi tapılacaq. Başqa potensial təxribatçılar yetişdiriləcək, hazırlanacaq, bu dəfə onlar fürsət gözləyəcəklər ki, görək, nə zaman xalqın xoş niyyətinin qabağına düşüb, onu fəlakətə çevirə bilirik?!

Belə olmaması üçün hətta xoş niyyətlərlə olsa belə, özfəaliyyəti unutmaq, kürəyini dövlətə söykəyib, heç nədən narahatlıq keçirməmək, ancaq dövlətin çağırışlarına hay verib, sözünə qulaq asmaq lazımdır. Qosqoca xalqıq, amma hansısa avantüristlər alabəzək informasiyanı saçaqlı konfet kimi uzadıb, bizi uşaq kimi aldadaraq, başqa tərəflərə apara bilirlər. Ayıbdır e. Qədim və müdrik bir xalqın təmsilçiləri ona konfet uzadan pedofil əlinə aldanan uşaq kimi düşmən əlilə ötürülən informasiyalara aldanırlar. Bu gün bizə guya informasiya verən bütün xarici resurslar – “Meydan tv” olsun, ya “Azadlıq”, ya “sanitar qovşağı tayms”, yaxud “Açıq söz”, “Turan tv”... fərqi yoxdur,- hamısı yoldan çıxarmaq istədiyi uşağa konfet uzadan qoca pedofil əlindən başqa bir şey deyillər. Əslində bir az yuxarıya baxsaq, hamısının elə bir əl olduğunu da görəcəyik. Biz o əli rədd etməyi bacarmalıyıq. Engels deyirdi ki, təsadüfən rast gəldiyi macərapərəst tərəfindən zorlanmasına imkan vermək bir qadın üçün olduğu kimi, bir xalq üçün də bağışlanmaz səhvdir. Eynilə, Azərbaycan xalqı da özünün hisslərini, Vətən və Qarabağ sevgisini, gələcəyini, dövlətinə münasibətini bir qrup formaca macərapərəst, mahiyyətcə erməninin öhdəsinə buraxmamalıdır.

Azca geniş bucaqdan baxsaq, anlamaq çətin deyil ki, hansısa qüvvələr gecəki hadisəni cəbhədə dörd gündür gedən döyüşlərin daxildən müşayiətinə çevirmək istəmişdilər. Bir anlıq təsəvvür edək ki, cəbhədə indiki vəziyyətin fonunda Bakıda da ara qarışır, vətəndaş qarşıdurması başlayır... Nə olardı? Ermənilərə bundan böyük hədiyyə təsəvvür etmək mümkün deyil. Biz o hədiyyəni heç bir halda düşmənə verməməliyik.

Vüsal Məmmədov
Azvision.az


Teqlər: Yürüş   Bakı   Təxribat  





Xəbər lenti