Ümumdünya Maskadan İstifadə Həftəsi keçirilir
Dünyada virusa yoluxma hallarının sayındakı artımı nəzərə alaraq, cəmiyyətdə maskadan davamlı istifadə COVID-19-un yayılmasının qarşısını almaq üçün vacibdir. Koronavirusa qarşı peyvənd və digər müalicə vasitələri hazır olanadək fiziki məsafə saxlamağın mümkün olmadığı yerlərdə maskalar virusdan qorunmaq üçün mövcud olan ən yaxşı vasitələrdən biridir. Bununla yanaşı, maskadan istifadə etməklə, biz dünyadakı digər insanlarla həmrəyliyimizi nümayiş etdiririk. “Təmiz Əllər”, “Evdə qal, sağlam qal” kampaniyalarında olduğu kimi, burada da məqsəd insanlara virusun ötürülmə zəncirini qırmağın hər kəsin məsuliyyəti olduğunu xatırlatmaqdır.
Ümumdünya Səhiyyə Təşkilatı bu həftə çərçivəsində yeni "#MaskaTax" kampaniyasını başladıb və insanları maskadan istifadə edərək, şəkil və ya videolarını çəkib paylaşmağa həvəsləndirir.
Təkcə maska istifadə etməklə COVID-19-a yoluxmanın qarşısını almaq mümkün deyil. Bununla yanaşı, fiziki məsafəni qorumaq, əlləri tez-tez yumaq, insanların sıx toplaşdığı məkanlarından uzaq durmaq və respirator gigiyenaya riayət etmək tövsiyə olunur. Bu yolla həm özünüzü, həm də digərlərini qoruya bilərsiniz.
Azvision.az