“Rusiya Ermənistanı silahlandırmaqla işğalçıya dəstək verir” - Politoloq

  13 Avqust 2020    Oxunub : 3512
  “Rusiya Ermənistanı silahlandırmaqla işğalçıya dəstək verir” -    Politoloq
Xəbər verdiyimiz kimi, avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Dövlət başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb.

Bundan əlavə, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.

Rusiyanın Ermənistana silah göndərməsi məsələsini Azvision.az -a şərh edən deputat, politoloq Rasim Musabəyov deyib ki, Prezident İlham Əliyev hər zaman Azərbaycanın milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla müdafiə edib. Onun sözlərinə görə, Qarabağ kimi həssas məsələ ətrafında baş verən hadisələrə yanaşmada daha diqqətli olmaq lazımdır ki, bunun da şahidi oluruq.

Deputat konkret olaraq Rusiyanın Ermənistanı silahlandırmaqda davam etməsini işğalçı ölkəyə birbaşa dəstək kimi qiymətləndirib:

“Əslində, burada Rusiyanın hərbi daşımalarla bağlı məsələyə ətraflı şəkildə aydınlıq gətiriləsi bəhanələri yoxdur. Çünki hər şey gün kimi aydındır və zaman-zaman erməni təxribatlarının haradan qidalanması göz önündə olub. Hazırda cəmiyyətimizdə buna heç kimin şübhəsi yoxdur. Sadəcə olaraq indi məcbur olmuşuq ki, açıq etirazımızı bildirək, narahatlığımızı birbaşa Rusiyanın bir nömrəli şəxsinə çatdıraq. Bir məqamı qeyd etmək istərdim. Ukrayna da, Gürcüstan da işğaldan əziyyət çəkir. Hətta Krım Rusiyaya birləşdirildi, Donbasdakı vəziyyət göz önündədir. Gürcüstanda ilhaqla bağlı oxşar hal yaşanıb. Hətta bu formada separatçılara dəstəyə baxmayaraq, rəsmi Kiyev məcburdur ki, Moskva ilə diplomatik əlaqələri saxlasın. Gürcüstan diplomatik əlaqələri qırsa da, digər münasibətləri saxlamağa məcbur qalıb”.

Rasim Musabəyovun fikrincə, son hərbi yardım məsələsində Azərbaycan aşkar şəkildə öz mövqeyini ortaya qoydu ki, qarşı tərəf susqun qalmadığımızı görsün. Mesajımız budur ki, biz hərbi yardım proseslərini yaxşı görürük və buna əks addımlar atmağa məcburuq:

"Bu əks addımları yəqin ki, hamı sezə bilir. Son dövrlər Türkiyə-Azərbaycan münasibətlərindəki yeni mərhələ buna adekvat cavabdır. Birgə keçirilən genişmiqyaslı hərbi təlimlərdən tutmuş, ən yüksək səviyyədə səsləndirilən dəstək bəyanatları və generalların Bakıya səfərlərinə qədər bunların hamısı böyük siyasi anlam daşıyır. Bu yaxınlaşmalar intensiv əməkdaşlıqların, Türkiyə ilə müttəfiqliyimizin bundan sonra daha sıx saxlanılacağından xəbər verir. O ki qaldı Rusiyanın son vaxtlar hərbi yükləri daha çox Ermənistana yönəltməsinə hansı formada aydın gətirəcəyinə, belə intensiv hərbi yardım faktı ilk dəfə deyil ki, baş verir. Ayrı-ayrı illərdə dəyəri milyardlarla ölçülən hərbi yardımların şahidi olmuşuq. Tovuz hadisələri zamanı bir tərəfdən Ermənistanın təxribatını müəyyən mənada qınayan Rusiya digər tərəfdən İrəvana iyulun 17-dən bu günə kimi nümayişkaranə şəkildə dayanmadan hərbi təyinatlı yüklər yönəldib. Göndərilən silah-sursatlar Azərbaycana əlavə başağrısı verməyə hesablanıb. İndi isə cənab Prezident açıq formada cəmiyyətimizin narahatlığını şimal qonşumuza çatdırdı ki, bizim işğalçı ölkəyə təxribatlar sonrası artan hərbi yardımlardan xəbərsiz olduğumuzu düşünməsinlər. Bundan sonra kimsə bizi qınamasın ki, niyə Türkiyə ilə güclü və daha sıx hərbi əməkdaşlığa başlanılıb. Yəni, Rusiya nə isə irad bildirsə, düşünsün ki, onların yanaşmasını sözdə yox, əməldə gördük. Qısası, Rusiyadan XİN səviyyəsində belə hansısa izahat gözləməyə dəyməz, izahat olsa belə yalan dolu cümlələr olacaq. Bu yalanı birinci dəfə deyil eşidirik. Bir daha qeyd edirəm ki, mesajımız açıq və aydındır: “Biz bu hərbi təyinatlı yüklərin daşınmasındakı intensivliyi görürük və sizin sözlərinizə də aldanmırıq”.

Tural Tağıyev
Azvision.az

Teqlər: Rusiya   Ermənistan   Silah   İşğal