Dünya üçün qardaşlıq və həmrəylik nümunəsi

  14 Avqust 2020    Oxunub : 3632
  Dünya üçün qardaşlıq və həmrəylik nümunəsi
“Türkiyə ilə Azərbaycanın strateji tərəfdaşlığını zəruri edən hər iki xalqın milli maraqları və mənafeləridir. Son dövrlərdə bu münasibətlərdə yeni dinamika hiss olunmaqdadır ki, bu da regionumuzda və dünyada baş verən qlobal və milli çağırışlarla əlaqədardır”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. Onun sözlərinə görə, hazırda yeni dünya nizamı qurulmaqdadır:

“Bu nizam içərisində beynəlxalq münasibətlərin aktorları olan milli dövlətlər şübhəsiz ki, dövlət və milli maraqlarına uyğun olaraq yeni strategiya müəyyənləşdirirlər. Bu kontekstdə Cənubi Qafqaz dünyanın ən mürəkkəb, eyni zamanda strateji baxımdan ən əhəmiyyətli regionlarından biridir ki, burada da regionun aparıcı dövləti Azərbaycan olmaqla tarixən Türkiyənin mühüm rolu və missiyası olubdur. Bu, hər şeydən öncə Türkiyə Azərbaycan xalqlarının bir millət, iki dövlət olması fəlsəfəsi ilə əlaqədardır. Ona görə də hazırkı mərhələdə dünyada və regionda baş verən proseslər kontekstində Türkiyə və Azərbaycan münasibətlərində yeni dinamizmin müşahidə olunması təbii haldır”.



Millət vəkili onu da vurğulayıb ki, hazırda bütün dünyaya nümunə olacaq yüksək səviyyəli həmrəylik nümayiş etdirən hər iki dövlətin strateji tərəfdaşlığı möhkəm tellərlə bir-birinə bağlıdır. Bu cür sıx əlaqələr isə yaxın gələcəkdə daha da güclənəcək: “Bundan sonrakı mərhələdə iki ölkə arasındakı münasibətlər daha da dərinləşəcək və inkişaf edəcək. Çünki regionda güc boşluğu hiss edilərsə, mütləq ora başqa xarici qüvvələr və mərkəzlər müdaxilə edə bilərlər. Ona görə hazırkı mərhələdə iki ölkənin qarşılıqlı milli maraqlarına söykənərək yeni dünya nizamında regionumuzda geostrateji balans yaratmaq cəhdləri alqışa layiqdir və bu, 21-ci əsrin yeni siyasi mənzərəsində Türkiyə və Azərbaycanın yerini və rolunu müəyyən edəcək. Şübhəsiz ki, biz nəinki arzu və ümid edir, həm də proqnozlaşdırırıq ki, bu proseslərdə iki ölkə digər müttəfiqləri ilə birlikdə daha da güclənərək həm regiona xarici mümkün müdaxilələrin qarşısını alacaq, həm də öz milli maraqlarını təmin edəcək”.

Tural Tağıyev
Azvision.az

Teqlər: Türkiyə   Azərbaycan