Gürcüstan “Rəqəmsal İpək Yolu”na niyə mane olur – ARAŞDIRMA

   Gürcüstan “Rəqəmsal İpək Yolu”na niyə mane olur –    ARAŞDIRMA
  11 Sentyabr 2020    Oxunub:15677
Təxminən bir il əvvəl Azərbaycanın “Neqsol Holding” şirkəti Qara dənizin dibi ilə gedən fiberoptik kabelin operatoru “Caucasus Online” şirkətinin səhmlərinin 49%-ni 61 milyon dollara alır. Bu, çox ciddi bir sövdələşmə idi. Amma qısa müddət sonra bəlli olur ki, sövdələşmənin həyata keçməsinə əngəl olan qüvvələr var. Onlar kimdirlər və məqsədləri nədir?
Əvvəlcə onu deyək ki, “Neqsol”-da Azərbaycanla bərabər ABŞ, Britaniya, Türkiyə, Qazaxıstan, BƏƏ və Gürcüstanda bizneslə məşğul olan şirkətlərdə təmsil olunurlar. Holdinqin rəhbəri Nəsib Həsənovdur.

“Caucasus Online” bölgənin internetlə təminatı baxımından strateji rol oynayan şirkətdir. Avropadan Cənubi Qafqaza gələn internetin əsas yükü məhz Qara dənizin dibi ilə gedən xəttə düşür. Şirkət Ermənistanda bu bazarın 85, Gürcüstanda 65, Azərbaycanda 50%-nə nəzarət edir.

Müqavilə bağlanana qədər tərəflər bir ildən çox danışıqlar aparmış və həmin danışıqlardan baş nazir M.Baxtadzenin hökumətinin xəbəri olmuşdu. Gürcüstan hökuməti bu razılaşmaya müsbət yanaşırdı. Lakin Q.Qaxariya baş nazir təyin olunandan sonra problemlər ortaya çıxmağa başladı. Hazırda Gürcüstan hakimiyyəti iddia edir ki, satınalma onunla razılaşdırılmadığı üçün qanunsuzdur. Qaydalara görə, telekommunikasiya sahəsində şirkətlərin 5%-dən çox həcmini alqı-satqı edəndə Gürcüstan hakimiyyəti ona razılıq verməlidir.



Mübahisəli vəziyyətin fonunda bu il iyulun 17-də Gürcüstanda telekommunikasiya qanunvericiliyinə maraqlı bir dəyişiklik edildi. Belə ki, Gürcüstanın Milli Kommunikasiya Komissiyasına onun tələblərini yerinə yetirməyən şirkətlərə xüsusi menecer təyin etmək səlahiyyəti verildi. Həmin menecerlər məhdudlaşdırılmayan səlahiyyətlərə malik olacaqlar. Ekspertlər hesab edir ki, bu dəyişiklik Gürcüstan biznes mühitinə mənfi təsir edəcək: Faktiki telekommunikasiya sahəsində hər bir özəl təşkilat dövlətin tam nəzarətinə keçə bilər. Bəzi fikirlərə görə, bu addım sırf “Caucasus Online” şirkətini tam nəzarətə götürmək üçün atılıb.

Bu vəziyyət Gürcüstan və Azərbaycanı fiber-optik şəbəkə vasitəsilə Avropa və Asiya bazarları ilə birləşdirən böyük beynəlxalq “rəqəmsal telekommunikasiya dəhlizi”nin inkişafını dəstəkləyən Qərb tərəfdaşlarının da təəccübünə və tənqidinə səbəb olub. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza gürcü mətbuatına müsahibəsində Tbilisinin bu mövqeyinə təəssüfləndiyini bildirib. Çünki bu dəhlizin alternativi Rusiya marşrutudur. Amma həmin ölkə ilə gərgin münasibətlər fonunda Gürcüstan ondan kənarda qalacaq. Halbuki, layihəyə görə Tbilisidə kontent tədarükçülərinin (Netflix, Amazon, Google və s.) məlumatlarının saxlanılması mərkəzinin yaradılması da nəzərdə tutulmuşdu. Yəni bu, Gürcüstanın da maraqlarına tam uyğundur.

Hökumət nümayəndələri niyə azərbaycanlı investorun Gürcüstan telekommunikasiya bazarına girməsinə qarşı çıxmalarını izah etməyiblər. Axı orada Azərbaycan şirkətləri digər vacib sektorlarda da çalışırlar. Amma “Caucasus Online”-nın keçmiş sahibi Mamiya Sanadiradze bildirib ki, əgər iri Azərbaycan şirkəti Avro-Asiya kabeli üzərində nəzarəti əldə edərsə, telekommunikasiya qovşağı Tbilisidə deyil, Bakıda yaradılacaq və Gürcüstan regionun telekommunikasiya sistemində strateji mövqeyini itirəcək. “Neqsol” Netflix, Amazon və Google kimi nəhəngləri Azərbaycana dəvət edəcək, Gürcüstan isə Avropa ilə Asiya arasında körpü olmaq əvəzinə, dalana çevriləcək.

Hazırda Neqsol beynəlxalq arbitraj məhkəməsinə müraciət etməyə hazırlaşır. Tanınmış beynəlxalq hüquq şirkətləri bu sahədəki qanunvericilik dəyişikliklərini Gürcüstan və beynəlxalq hüquq normalarına zidd hesab edirlər.



Beləliklə, Gürcüstan hökuməti bu addımı niyə atıb?

Müqavilə faktiki Azərbaycanın regionda internet-haba çevrilməsinə imkan verəcək. Ekspertlər Asiya və Avropanı birləşdirəcək bu layihəni “rəqəmsal ipək yolu” adlandırırlar. Bu isə, öz növbəsində geoiqtisadi baxımdan Azərbaycanın regionda nüfuzunu daha da artıra bilər. Ehtimal etmək olar ki, Gürcüstan bundan qorxaraq və ya qısqanclıq hissi keçirərək, milli operatorun xarici şirkət tərəfindən alınmasına imkan verməyib.

Amma bu addım xarici investorlara qarşı təzyiq siyasəti kimi də qiymətləndirilə bilər. Bu kontekstdə ABŞ-ın “Frontera Resources” neft şirkətinin, həmçinin, Anakliada dərin limanın tikilməsini həyata keçirən digər şirkətlərin sıxışdırılıb çıxarılması da diqqət çəkir.

Həssas məqamlardan biri budur ki, layihənin satılması ilə bağlı Ermənistan da narazılığını bildirmişdi. Ermənistan qorxur ki, bununla Azərbaycan Ermənistana gedən internet-trafikini analiz edə biləcək. Digər tərəfdən, İrəvanın dəstəklədiyi alternativ layihə var. 2019-cu ilin fevralın 27-28-də Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı İran, Qatar və Ermənistan arasında Ermənistandan keçən yeni “Qətər-İran-Avropa optik kommunikasiya kanalına” dair Memorandum imzalanmışdı. Memorandumu Ermənistan tərəfdən UCOM-un həmtəsisçisi Aleksandr Yesayan, İran tərəfindən Rabitə və informasiya texnologiyaları nazirinin müavini və İran Telekommunikasiya şirkətinin direktoru Məcid Sədri və Qətər tərəfdən Körfəz ölkələrinin ən böyük kabel şəbəkəsi provayderi - “Gulf Bridge İnternational” telekommunkasiya şirkətinin prezidenti Abdullah əl-Ruaili imzalamışdılar. Müqaviləyə əsasən, 3 ölkənin operatorları Fars körfəzi və Asiya ölkələrini Avropa ilə əlaqələndirəcək internet bağlantısı üçün yeni tranzit marşrutu yaradılmasında əməkdaşlıq edəcəklər.



A.Yesayanın sözlərinə görə, “bu layihəyə qoşulmaqla Ermənistan informasiya texnologiyaları və kommunikasiya sahəsində regional liderlərdən biri olduğunu vurğulayır. Yeni quru xətti mövcud dəniz xəttinə alternativ olacaq. Türkiyə və Azərbaycandan yan keçəcək. Türkiyə və Azərbaycandan olan şirkətlər layihədə iştirak etmək istəsə də, seçimin Ermənistanın üzərinə düşməsi onun siyasi mahiyyətindən xəbər verirdi. “Gulf Bridge İnternational” şirkətinin saytında layihə üzrə göstərilən marşrutun Ermənistan üzərindən Gürcüstana gedən 2 qolu var. Onlardan biri Azərbaycanın işğal olunmuş ərazilərindən keçir.

Hazırda 3 tərəfdaşdan yalnız GBİ-ın kifayət qədər maliyyə imkanlarının olmasını nəzərə alsaq, layihənin hələ də kağız üzərində qaldığını və onun reallaşdırlması üçün maliyyə vəsaitlərinin lazım olduğunu ehtimal etmək olar. Çünki İranın sanksiya altında olması bu sahəyə beynəlxalq təşkilatlardan böyük investisiyaların cəlb edilməsi prosesini çətinləşdirir. Digər tərəfdən, Ermənistandan olan tərəfdaşı – “Ucom” şirkətinin rəhbəri Qurqen Xaçataryana qarşı 2020-ci ilin yanvarın 14-də Milli Təhlükəsizlik Xidməti cinayət işi açıb. O, atası - S.Sarqsyanın vaxtında maliyyə naziri işləmiş Qaqik Xaçataryanın korrupsiya sxemlərində iştirak etmək ittiham olunur. Atası 2019-cu il avqust ayından həbsdədir. Qurqen Xaçatryan isə istintaqdan yayınmışdır və hazırda MTX tərəfindən axtarışdadır. Q.Xaçatryan bəyan edir ki, hakimiyyət onun şirkətinə qarşı təzyiqlər etməklə, şirkəti ucuz qiymətə satdırmağa məcbur edir. Bundan başqa, “Ucom” şirkətinin şəriklərindən biri S.Sarqsyanın kürəkəni, siyasi mühacir M.Minasyandır. Şirkətə qarşı qaldırılan cinayət işləri fonunda layihənin reallaşmasının çətinləşməsi də istisna olunmur.

Beləliklə, hazırda iki layihənin arasında rəqabət gedir. Bunlardan Rəqəmsal İpək Yolunun şansı da, regiona verəcəyi fayda da daha çox ola bilər. Sadəcə, Gürcüstan hökuməti yersiz qısqanclığı və yaratdığı qanunsuz əngəlləri kənara qoymalıdır. Çünki alternativ variant rellaşarsa, itirənlərdən biri də elə Gürcüstan özü olacaq.

Azvision.az


Teqlər: Gürcüstan   Neqsol   Rəqəmsal-İpək-Yolu  





Xəbər lenti