“Rusdilli məktəblərin sayı azaldılmalıdır” - Rasim Musabəyov

  “Rusdilli məktəblərin sayı azaldılmalıdır” -    Rasim Musabəyov
  14 Sentyabr 2020    Oxunub:7273
“Azərbaycandakı bütün xarici dilli məktəblər öz fəaliyyətlərini bizim dövlət siyasətimizə cavab verən şəkildə qurmalıdır”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib. O bildirib ki, hansısa ölkədə milli maraqlara və dövlət siyasətinə cavab verən dillə bağlı qəbul olunmuş qərarlar siyasiləşməməlidir.

Deputat son günlər rus məktəblərinin fəaliyyətinin dayandırılması ilə bağlı səslənən təkliflərə də münasibət bildirib: “Azərbaycanda birdən-birə rusdilli məktəblərin fəaliyyətinin dayandırılması təklifi düzgün yanaşma deyil. Məsələn, Gürcüstanda indiyə kimi rus məktəblərini saxlayıblar. Halbuki bu ölkənin hazırda Rusiya ilə heç bir diplomatik əlaqələri yoxdur. Bizə gəldikdə isə, indiki halda rus məktəblərinin sayını artırmağa heç bir zərurət yoxdur. Razıyam ki, artıq mərhələli şəkildə bu tip məktəblərin sayı məhdudlaşdırılsın”.

R.Musabəyov qeyd edib ki, ölkəmizdə dövlət büdcəsi ilə maliyyələşən məktəblər yalnız Azərbaycan məktəbləri olmalıdır. Rus məktəblərinin tam şəkildə büdcədən maliyyələşməsi məsələsi isə müzakirə mövzusu ola bilər: “Düzdür, bizdə başqa dillərə məxsus məktəblər də var. Məsələn, ingilis və ya fransızdilli məktəblər aktiv fəaliyyət göstərirlər. Amma onların həm sayı azdır, həm də özəl məktəblər sayılırlar. Rusiyanın tədris ocaqları kimi məktəblərimizi maliyyələşdirməyə meyli olarsa, buyursun, kimsə buna mane olmayacaq. Əks təqdirdə fərqi yoxdur, hansı dildə olursa olsun, xarici dildə fəaliyyət göstərən çoxsaylı məktəblərin sayı bir qədər məhdudlaşdırılmalıdır. Bu başqa ölkələrdə də belədir ki, dövlət tərəfindən maliyyələşdirilən məktəblər həmin ölkələrin dövlət maraqlarına cavab verməlidir.
Ermənistanda ümumiyyətlə rus məktəbləri demək olar ki, qalmayıb. Bu ölkənin qanunlarına görə, rus dilində oxumaq üçün ya rus olmalısan, ya valideynlərindən biri rus, ya da Rusiya vətəndaşı olmalıdır. Ukraynada xeyli rusdilli əhalinin olmasına baxmayaraq, orada da təhsillə bağlı öz dillərinə müəyyən keçidlər olur. Burada söhbət ondan getmir ki, rus dilini heç kim qavramasın. Məsələn, məktəblərimizdə rus dilində tədrisə mane yoxdur və bu zəruridir. Çünki bizim şimal qonşumuzla çoxşaxəli əlaqələrimiz mövcuddur və onlar bizim tarixi qonşumuzdur. Yəni gələcəkdə də rus dilini bilmək və tədrisini aparmaq lazımdır. Buna məhdudiyyətlər olmamalıdır”.

Millət vəkilinin sözlərinə görə, məktəblərdə rus dilinin öyrədilməsi təbii haldır və rus dili fənni saxlanılmalıdır. Amma bütün məktəblər azərbaycandilli olmalıdır. Deputat İsmayıllının İvanovka kəndini misal gətirərək qeyd edib ki, orada tam şəkildə ruslar, malakanlar yaşadıqları üçün rusdilli təhsili, məktəbi saxlamaq mümkündür: “Amma bu, o anlama gəlməsin ki, heç kim yaşadığı ölkənin dilini qavramasın. Bu məsələdə qətiyyətli dövlət siyasəti olmalıdır. Azərbaycanın ana dili var ki, o dildə dövlət tərəfindən maliyyələşən məktəblər qalmalıdır. Qalan çoxsaylı başqa dilli məktəblərin sayı məhdudlaşdırılsa yaxşı olar. Bir daha deyirəm ki, bu fikirlər və təkliflər o cür anlaşılmasın ki, sabah bütün rus məktəblərini bağlamalıyıq. Xeyr, bu cür səhv addım atmaq olmaz. Bununla bağlı müəyyən keçid dövrü olmalıdır. Hansı ki, burada da müəyyən siyasi qərarların verilməsi mühüm rol oynamalıdır. Kimlərsə rus dilində dörd-beş sinif oxuyublarsa, onun təhsilini yarımçıq dayandırmaq, yaxud da orta məktəbi rus dilində bitirənlərə tələbə adının qazanması üçün problemlər yaşatmaq qeyri-mümkündür. Sadəcə bu istiqamətdə hansısa siyasi qərarlar verildiyi halda müəyyən keçid dövrü saxlanılmalıdır ki, beləcə mərhələli şəkildə bu tip məktəblərin sayı məhdudlaşdırıla bilər. Yaxın gələcəkdə üstünlük daha çox dövlət dilimizə və bütün dünyanın danışdığı ingilis dilinə verilməlidir. Çünki dünya çoxdan ingilis dilini dərindən mənimsəyib. Azərbaycan dili ilə dünya elminə, mədəniyyətinə effektli çıxış etmək çətindir. Dünyaya çıxış ingilis dilində daha uğurlu həyata keçirilə bilər, nəinki rus dilində. Biz dünya mədəniyyətinə, elminə çıxış əldə etmək istəyiriksə, dövlət dili ilə yanaşı ikinci dil kimi ingilis dilini daha əlverişli saymalıyıq. Hər bir halda dəyişikliklərə gediləcəksə, elə edilməlidir ki, təhsildə, elm və mədəniyyətdə itkilərə səbəb olmasın, nə də insanlar bu qərarlardan incik qalmasınlar. O ki, qaldı nə vaxtsa mərhələli şəkildə rusdilli məktəblərin azalmalarına getsək bunun Moskvada kimlərinsə xoşuna gəlməyəcəyinə, kim bizim qərarlardan xoşhal olmayacaqsa, bu onun öz işidir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Deputat   Rus   Məktəb   Dil  





Xəbər lenti