Nazir Gürcüstanda erməni təxribatlarından danışdı

  24 Sentyabr 2020    Oxunub : 2186
  Nazir Gürcüstanda erməni təxribatlarından danışdı
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin Sədrinin müavini Kaxa Kuçava ilə görüşüb.
XİN-dən Azvision.az -a verilən məlumata görə, tərəflər iki ölkə arasında dostluq və mehriban qonşuluq prinsipləri əsasında mövcud olan yüksək səviyyəli münasibətlərin daha da möhkəmləndiyini məmnunluqla qeyd ediblər. Bu xüsusda, ölkələrimiz arasında mövcud olan strateji münasibətlərin, həmçinin ölkələrin iştirakı ilə həyata keçirilən birgə regional layihələrin bölgədə sülh, təhlükəsizlik və rifaha töhfə verdiyi bildirilib.

İkitərəfli münasibətlərimizin əsasında beynəlxalq hüququn norma və prinsiplərinə hörmət prinsipinin dayandığı bildirilib və ölkələrimizin bir birinin suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstək verdiyi vurğulanıb.
Ceyhun Bayramov Moskvaya getdi

Azərbaycan-Gürcüstan Parlamentləri arasında əlaqələrə toxunan tərəflər, bu əməkdaşlığın yüksək səviyyədə olduğunu və onun daha da inkişaf etdirilməsi istiqamətində ikitərəfli səylərin artırılmasının vacibliyini səsləndiriblər. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrin daha da gücləndirməsində əhəmiyyətli rol oynadığı qeyd olunub.

Gürcüstan Parlamentinin Sədrinin müavini Kaha Kuçava Azərbaycanın Tovuz rayonu istiqamətində baş verən hadisələr ilə bağlı şəxsən nazirə və Azərbaycan xalqına başsağlığını bildirib və bölgədə mövcud olan münaqişələrin sülh yolu ilə həllinin vacibliyini qeyd edib.

Xarici İşlər naziri Ceyhun Bayramov öz növbəsində dövlətlərimizin ortaq tarixi, mədəniyyət və ənənələri bölüşdüyü kimi, ortaq təhlükəsizlik təhdidləri ilə də qarşılaşdığını vurğulayaraq, bu xüsusda bölgədə həll olunmamış münaqişələri qeyd edib.

Nazir Ermənistanın işğalçılıq siyasəti, iki dövlətin beynəlxalq sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən sonuncu hərbi təxribatı, eləcə də bölgədəki cari gərgin vəziyyət barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın hazırkı rəhbərliyinin davam edən təxribatçı bəyanat və fəaliyyətinin münaqişənin həlli üzrə aparılan danışıqlara zərbə olduğu qeyd olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda nazir Ceyhun Bayramov Gürcüstan Parlamentinin xətirə kitabını imzalayıb.

Azvision.az

Teqlər: XİN   Ceyhun-Bayramov   Gürcüstan