Cənnətlə aldadılanlar və ya kəsilmiş baş `möcüzəsi` - ARAŞDIRMA

Cənnətlə aldadılanlar və ya kəsilmiş baş `möcüzəsi` - ARAŞDIRMA
  31 Yanvar 2014    Oxunub:7242

(Əvvəli burada)

...Hamı başa düşürdü ki, Həsən öz hesabatını Sultana təqdim etdikdən sonra, vəzirin günlərinə az qalacaq. Və hamı Nizamülmülkdən sonra kimin vəzir olacağını da bilirdi. Vəzirin özü isə bu həqiqətləri hamıdan daha aydın başa düşürdü. Təyin edilmiş gün əyanlar hamılıqla Sultanın sarayında toplandılar. Həsən taxtın qarşısında duraraq əlindəki perqament vərəqləri çevirir, başlamaq üçün Sultanın işarəsini gözləyirdi.


Bu zaman Nizamülmülklə Həsən Sabbah arasında maraqlı bir dialoq yaşanır.
- Hesabatın necə də gözəl yazılıb. – Nizamülmülk yerindən söz atdı – mən elə bir xəttat tanımıram ki, bu cür kamil bir iş yaratsın.
Saraya uğultu düşdü. Ola bilməz ki, məğrur vəzir məğlubiyyətini görüb, bu qoca vaxtı mənliyini alçaltsın, yaltaqlıq etsin.
- Bu hesabatı mən özüm yazmışam – Həsən bu sözləri laqeyd bir tərzdə söylədi.
Sanki hamıya yaltaqlığa biganə olduğunu nümayiş etdirmək istəyirdi.
- Ola bilməz – vəzir Nizam yenidən sözə başladı – Bu yazılarda əsl sənətkar əli hiss olunur.
- Allaha and olsun ki, ilk sətirdən son hərfinədək burada yazılanların hamısı mənim qələmimdən çıxıb – Həsən etiraz etdi.
Və tələ qapandı. Lakin həmin zaman heç kim bunu hiss etmədi (Nizamülmülk. «Siyasətnamə». B., 1989, s.10).

Sultan başı ilə Həsənə başlamaq işarəsi verdi. Saray əyanları səssiz durub, əs-Sabbahın hesabatını dinləməyə başladılar. Hesabat böyük ustalıqla hazırlanmışdı, bunu hamı başa düşürdü. Lakin Həsən ikinci səhifəyə keçdikdə qeyri-adi bir cümlə oxudu:
- ... Beləliklə, alimənsəbin xəzinəsinə il ərzində şimal əyalətlərindən on beş qurbağa ayağı daxil olub...
Həsən bir anlıq oxuduğu cümlənin fərqinə varıb duruxdu:
- ... on beş... – o, bir anlıq susaraq, dəhşət içində əlində tutduğu vərəqə baxdı – bu, səhvdir, məni bağışlayın, böyük sultan, mən istəmədən belə olub – deyə bildi.

Sultan narazı qalmışdı, bununla belə, davam etməsi üçün Həsənə razılığını verdi.
- Bundan isə belə nəticə hasil olur ki, - Həsən səsinə bir qədər qətiyyət və üstünlük çalarları əlavə etsə də, yenidən özünü itirdi – hasil olur ki...
O, artıq özünü tamamilə itirmişdi. Rəngi ağarmış, əlində tutduğu vərəqələri isə yerə salmışdı.
Həsənə hamıdan yaxın yerdə oturan vəzir Nizam, sanki hesabatın ardını oxumaq istəyirmiş kimi yerindən qalxaraq vərəqləri götürdü.
- Bundan isə belə nəticə hasil olur ki, - Nizam da Həsənin sözlərini təkrar etdikdən sonra duruxdu. – Böyük sultan, mən burada yazılmış sözləri sizin hüzurunuzda oxuya bilmərəm.

Hesabat bir neçə dəqiqədən sonra əldən-ələ gəzirdi. Orada nə yazıldığı ilə maraqlanan saray əyanları vərəqləri biri-birilərinə ötürürdülər.
Əgər Həsən sultanın sevimlisi olmasaydı, elə saraydaca öz başı ilə xüdahafizləşmək məcburiyyətində qalardı. Hələ bir saat əvvəl sultanın Həsəni saray əyanlarına tərifləməsi onun həyatını qurtardı. Lakin yaşamaq hüququ, onda qalan yeganə ixtiyar idi. Əmlakından tutmuş bütün imtiyazlaradək hər şeydən məhrum olmuş Həsən, saraydan birbaşa sürgünə göndərildi.

Hələ də Nizamülmülkün öz adamları vasitəsi ilə hesabatın vərəqlərini necə dəyişdirməsi və Həsənin xəttini ustalıqla təkrarlaması məlum deyil. Əslində, heç bu, o qədər vacib də deyil. Vacib olan budur ki, həmin gün qoca vəzir bir zamanlar öz himayəsində saxladığı, lakin sonralar rəqibə çevrilmiş düşməni qarşısında qələbə çalmışdı. Həmin gün sultan Nizama xüsusi diqqət göstərdi. Lakin vəzir və onun hökmdarına gələcək əyan olsaydı, onlar şadlanmaqdan daha çox ağlamağa və fəryad etməyə üstünlük vermiş olardılar. Məhz taleyin bu acı oyunu onların hər iksinin ölüm hökmünü kəsmiş oldu.

Məhz sarayda baş vermiş bu intriqa tarixə «dağlar qocası» ləqəbli Əlamüt şeyxini bəxş etdi və Avropanın «Əssasiyunlar» adlandıracağı ölüm təşkilatının bünövrəsini qoydu. Bir müddət keçəcək, Həsən səlcuq sultanından və vəzirindən öz intiqamını alacaq.

Abbasqulu ağa Bakıxanov özünün «Gülüstani-İrəm» əsərində yazır: «Axırda Məlikşahın baş hərəmi Türkan xatun cürbəcür böhtanlarla Nizamülmülkü sultanın gözündən saldı. Nizamülmülk işdən kənar edildi və bir il sonra Nəhavənd şəhərində Həsən Səbbahın fədailəri tərəfindən öldürüldü» (A. Bakıxanov. «Gülüstani-İrəm». B., 1951, s. 71).

Türkan xatun oğlunu vəliəhd etmək üçün bütün tədbirlərə əl atır, əri Məlikşahla açıq üz-üzə gəlməsə də, arxada xəlifə ilə sazişə girə bilir. Bunu eşidən Məlikşah qəzəblənir, Bağdada yürüş edərək, xəlifənin oranı tərk etməsini tələb edir. Tarixi mənbələrin verdiyi məlumata görə, 1090-cı illərdə Qəzvin yaxınlığında Əlamüt qalasının bir tərəfdən Səlcuq dövlətinə, digər tərəfdən isə ərəb xilafətinə meydan oxuması, vəziyyəti xeyli gərginləşdirirdi. Nizamülmülk Məlikşahı təhrik edir, Həsən Sabbah fitnəsinə son qoymaq üçün qəti tədbir görməsini tələb edirdi.

Fədailərin elə həmin il (1090-cı il) Savə müəzzinini öldürmələrinə etiraz olaraq Məlikşah, Əlamüt qalasında oturan Həsən əs-Sabbaha məktub yazır: «Sən özündən yeni din icad edibsən, avam dağlıları yoldan çıxarıb Abbasi xəlifələrini ələ salır, adamları öldürtdürür, ölkədə qarışıqlıq salırsan. Təriqətdən əl çək, əsl İslam yoluna qayıt. Əks halda qalanı yerlə-yeksan edib, sakinlərini qılıncdan keçirərəm». Həsən əs-Sabbah cavab məktubunda yazır ki, o, yeni din icad etməyib və əsl müsəlmandır: «Xəlifəyə gəldikdə isə, Abbasiləri devirmək, onları Bağdaddan qovmaq lazımdır. Çünki onlar xəlifəliyi zəbt etmişlər. Həqiqi Xəlifələr Fatimilərdir (IV xəlifə Həzrəti Əli ilə peyğəmbərin (ə.s.) qızı Həzrəti Fatimənin izdivacından törənən nəslə verilmiş ad). Ölkədə olan qarışıqlıq, adamların öldürülməsi isə camaatın narazılığı üzündəndir. Onun da səbəbkarı vəzir Nizamülmülkdür. Bunların hər iksini aradan qaldır. Onda hər şey öz qaydasında olar. Əks halda bir başqası çıxıb bu vəzifəni yerinə yetirə bilər» (Osman Turan. Səlcuqlar tarixi və türk-islam mədəniyyəti. Ankara, 1965, s. 227).



Cavab ağır, söz kəskin, məzmun qorxulu idi. Həsən Sabbah güclü rəqib olmaqla yanaşı, geniş xalq kütləsi arasında nüfuz da qazana bilmişdi. Bu sahədə dərviş geyimli təşviqatçıları az iş görməmişdilər. Məlikşah Həsənlə bağlı «başağrını» kökündən kəsmək qərarına gəlir. 1092-ci ildə Əmir Aslan Takşı böyük bir ordu ilə Əlamütə göndərir. Lakin ordu məğlub olur...

1092-ci ildə Səlcuq İmperiyasının tərkibində yerləşən Savə şəhərində ismaili tərəfdarları olan bir qrup ələ veriləcəklərindən ehtiyat edərək yerli müəzzini qətlə yetirirlər. Səlcuk sultanının vəziri Nizam əl-Mülk isə, qatilləri tapdıraraq əmrlə əzablı bir şəkildə qətlə yetirir. Həsən əs-Sabbah, məhz bundan sonra öz köhnə dostunun qətlinə dair fətva verir.

Deyilənə görə, o, qalanın başına çıxaraq tərəfdarlarına səslənir ki, “Bu iblisin qətl edən kəsin qarşısında, cənnət qapıları sualsız açılacaq”. Və Sabbah aşağı enənədək, tərəfdarlardan bir qrup könüllü fədai fətvanı yerinə yetirmək üçün hazır vəziyyətdə dayanır. Onlara rəhbərliyi isə Əbu Tahir Arrani adlı bir fədai edir. O, dağlar qocasının qarşısında diz çökərək, əmri nəyin bahasına olursa olsun yerinə yetirəcəyinə söz verir. Və sözünün üstündə durur...

Nizamülmülkün qətli barədə mənbələrdə bəzi xırda ixtilaflar olsa da, əsasən hadisə eyni şəkildə təsvir edilir. Hicri-qəməri təqvimi ilə 485-ci ildə (1092-ci il) Məlikşah İsfahandan Bağdada gedərkən yolda, bəzilərinin yazdığına görə Bricirid («Tərcümeyi-hali-vəzir»), bəzilərinə görə isə Nəhavənd (Şəmsəddin Sami. Qausül-Əlam. IV cild) yaxınlığında dərviş paltarında bir adam sultana yanaşaraq məktub vermək istəyir. Vəzir məktubu aldığı zaman dərviş pıçaqla onu vurur. Bəzi mənbələr qatilin adını yazmasa da, bir çoxları bunun Həsən əs-Sabbahın fədaisi Əbu Tahir olduğunu söyləyirlər. Bir ay sonra Məlikşah Türkan Xatunun fitvası ilə Həsən əs-Sabbahın başqa bir müridi tərəfindən zəhərlənir. Həmin mürid sultanın yanında nökər işləyirdi...

Camış dərisinin tuta biləcəyi qədər torpaq

Saraydan qovulduqdan sonra Həsən şimala sürgün edildi. Həmin gündən etibarən onun həyatının bir nömrəli məqsədi – intiqam almaq oldu. Və o günlərdə Həsən əs-Sabbah görünməz sərhədlərə, hesaba gəlməz ixtiyara malik böyük bir imperiyanın ilk bünövrə daşlarını qoydu. Əlamüt dağı bu imperiyanın paytaxtına çevrildi.

Həsənin bu qalanın sahibinə çevrilməsi ilə bağlı isə tarixi mənbələrdə maraqlı bir əhvalat qeyd edilir.

... Şəhərin hakiminin yanına gələn Həsən camış dərisinin tuta biləcəyi qədər torpaq sahəsi almaq istədiyini bildirir. Hakim gülümsəyərək bu qeyri-adi təklifi qəbul edir. Həsənin tələbi ilə şərtləşdirilmə qanuniləşdirilir. Hər iki tərəf və alqı-satqıda şahidlik edən müftilər kağıza barmaq basırlar. Hakim gülümsəyərək, hələ də nə baş verəcəyinin fərqinə varmadan pulu götürür. Lakin sonradan Həsənin etdiklərini gördükdə üzündəki təbəssüm yox olur. Həsən əmr edir ki, camış dərisini xırda xətlərlə elə bölsünlər ki, dəridən uzun bir ip alınsın. Bu iplə Həsən qalanı ətrafa alır və alqı-satqının baş tutduğunu elan edir. Təbii ki, hakim öz etirazını bildirir. Lakin məhkəmə Həsənin lehinə qərar çıxarır. Məgər, şərtləşmə tam qaydası ilə tərtib edilmədimi? Məgər hakim öz xoşu ilə sənədə barmaq basmadımı? Məgər o, Həsənin verdiyi pulları götürmədimi? Şəhər hakimi bu suallara məhkəmə qarşısında cavab verə bilmədi. İş-işdən keçmişdi.



Çox az müddət ərzində Həsən artıq öz ətrafına ölkənin hər tərəfindən kifayət qədər tərəfdar toplaya bildi. İsmaili təriqətinə mənsub Həsən, bu qolun «batin elmindən» xəbərdar olduğunu, «gizli həqiqətləri» bildiyini söyləyirdi. Dindar müsəlmanlara vəd edilən cənnəti Həsən həyatda ikən öz adamlarına «göstərə» bilərdi. Bunun üçün müridlər Həsənə sössüz itaət etməli, hətta lazım olduğu zaman həyatlarını belə qurban verməyi bacarmalıdırlar. Onlara görə, ona sadiq olmaq Allaha sadiq olmaq, ona itaət etmək Allaha itaət etmək idi.

Həsən bu yeni işə başlayarkən məğlub olmayacağını bilirdi. Məhkəmə instansiyalarında onun tərəfdarları var idi. Onlar sadəcə Həsənə yaxşılıq etmək istəyən məmurlar deyil, onun bir sözü ilə hər şeyə hazır olan müridlər idi. O, buna necə nail olmuşdu?

Yalancı cənnət

Mənbələr yazırlar ki, Həsən bir gün müridlərindən iksini yanına çağırıb, ona vəhy gəldiyini və buna əsasən də hər iki müridə cənnəti göstərəcəyini söyləyir. Qalanın otaqlarından birində dəvətliləri şəhanə nahar yeməyi gözləyirdi. Həsən də onlarla bir süfrə arxasında oturmuşdu. Onun dediyi sözlər dərin məna kəsb edirdi, lakin bu məna müridlər üçün bağlı idi. Süfrəyə şərab gətirildikdə hər iki fədai bir qədər pərt oldu. Peyğəmbər şərabı haram buyurub. Lakin şeyx onlara «başa saldı ki», həyatda iki həqiqət qapısı var. Biri sadə xalq üçün, digəri isə yalnız seçilmiş insanlar üçün nəzərdə tutulub. Sadə camaat üçün qadağan edilmiş şeylər, əslində onlar üçün haram deyil. Çünki onlar bu gündən etibarən «batini həqiqətlər qapısının açarlarına» malik olacaqlar, onlar seçilmişlərdir. Zaman keçdikcə onlar bu sirrlərə yiyələnəcəklər. Az sonra hər iki fədai artıq nə baş verdiyinin fərqinə varmırdılar. Ya şərab çox bərk idi, ya da ki, onun içinə nəsə əlavə edilmişdi. Müridlərin fikirləri qarışır, gözləri isə yumulurdu. Bir qədər sonra onlar artıq kim və harada olduqlarını belə unutmuşdular. Lakin oyananda xoş təəccüb və heyrət bürüdü.

Müridlərdən biri gözlərini açdığı zaman səhər tezdən idi. O, bağda idi. Hələ əncirin vaxtı olmasa da, ağac əməlli bar gətirmişdi. Əncirlər elə böyük və yetişmiş idilər ki, beləsini heç vaxt görməmişdi. Yaxınlıqda ərik ağacları var idi. Bir qədər qabaqda üzüm tənəkləri saralır, nar ağacları görsənirdi. Fədai hara baxsa meyvə və indiyədək heç yerdə rast gəlmədiyi qeyri-adi çiçəklər görürdü. O, hara düşmüşdü? Necə bura gəlib çıxıb? Birdən fədai hiss etdi ki, kimsə onu izləyir. Üç qız ürkək baxışlarla yasəmən kolunun arxasından ona baxırdılar. Lakin müridin onları gördüyünü yəqin edən qızlar nədənsə qaçmadılar, utanaraq üzlərini belə örtmədilər... Mürid dünən olanları, ona şeyxinin vəd etdiklərini xatırlayırdı. Bura cənnət imiş. Onunla söhbət edən bu qızlar isə adəm övladları deyil, hurilərdir. Onlar müridi əyləndirir, ona içkilər və təamlar verirdilər. O, bir neçə gün burada qaldıqdan sonra, «cənnəti» gəzmək qərarına gəldi. Bağın o biri başında digər fədai dostu ilə rastlaşdı. Hər iksi bura eyni zamanda düşmüşdü. Əylənən fədailər yuxuya getdikdən sonra, səhəri gözlərini açdıqda yenidən Əlamüt qalasında idilər. Bu iki mürid Həsənin ilk «şikarı» idilər.



Zaman keçdikcə «cənnətin» dadını görənlərin sayı da yüzlərlə oldu. Oraları gördükdən sonra, bu onların üstündə əsdikləri yeganə xatirə, yenidən ora düşmək həsrəti ilə yaşadıqları yeganə ümid mənbəyi idi. Onları burada – yerdə əhatələyən hər şey yorucu və bədbin idi. Əgər ölümdən sonra onların düşəcəyi yer bu qədər gözəldirsə, niyə ora can atmasınlar? (A.Qorbovskiy, O. Semenov. Zakrıtıe strantsı istorii. M., 1988).

Lakin bundan sonra baş verənləri Həsən gözləmirdi. Fədailər yenidən cənnətə düşmək həvəsi ilə özlərinə qəsd edirdilər. İş o yerə çatmışdı ki, sağ qalanlar özünü öldürənlərə qibtə hissi ilə baxır, onların bəxtli olduqlarını söyləyirdilər. Lakin Həsən tez bir zamanda tərəfdarlarını inandıra bildi ki, özünə sui-qəsd edənlər heç də cənnətə düşməyiblər, əksinə, cəhənnəmin ən dərin qatında məskunlaşıblar. Cənnətə yol isə yalnız ona itaət edənlərə, acı ölüm badəsini onun əmri ilə içənlərə açıq ola bilər. Və beləliklə yüksələn «Elə isə əmr et, ya Sahib-əz-zaman» nidaları ilə Həsən əmr etməyə başladı...

Bir sıra tədqiqatçılar təşkilatın adı olan «assasin» sözünü, ərəb dilindən «həşiş» sözü ilə qarşılaşdırırlar. Belə ki, növbəti müridi «cənnətə göndərmək» üçün, onu həşiş vasitəsi ilə yatızdırırdılar.

Şeyxin əmrləri həmişə qısa olurdu – harasa yola düşmək, kimisə öldürmək. Tapşırıq nə qədər çətin və təhlükəli olurdusa, fədailər bir o qədər onu icra etmək üstündə mübahisə edirdilər. Təhlükə onlar üçün şirin gələn ölüm idi. Bəzən tapşırığı yerinə yetirdikdən sonra onlar, hətta qaçmağa, canlarını qurtarmağa belə cəhd göstərmirdilər. Onlardan biri tapşırığı yerinə yetirdikdən sonra, sağ-salamat geri qayıdarkən, digərləri ona Allah tərəfindən qəbul edilməyən, bəxtsiz birisi kimi baxırdılar. Hətta tapşırıq yerinə yetirilməsə belə, fədainin qətlə yetirilməsi uğurlu sayılırdı, nəinki müridin kimisə öldürdükdən sonra sağ-salamat geri qayıtması...

Danışan baş «möcüzəsi»

Zaman-zaman qəsrdə qalan adamların da edamı həyata keçirilirdi. Həsən elan edirdi ki, kimdənsə narazı qalıb və bu səbəbdən onun başının kəsilməsini əmr edib. Adətən başı ilə «xüdahafizləşənlər» Həsənə yaxın və hamının tanıdığı şəxslər olurdu. Hamı edamın baş verdiyini eşitdikdən sonra Həsən bir neçə gənci yanına çağıraraq yerə döşənmiş xəlçənin üstündə olan boşqabı göstərirdi. Boşqabın içində yenicə kəsilmiş insan başı isti qan içində buğlanırdı.

- Bu insan məni aldatdı – Həsən deyirdi - o, belə hesab edirdi ki, məndən öz yalanlarını gizlədə biləcək. Lakin Allahın izni ilə mənə hər şey məlumdur. Budur indi o, olub. Lakin ölü ikən də o, mənim hakimiyyətim altındadır. Əgər istəsəm elə bu an bu başı dirildə bilərəm.

Dua oxuduqdan sonra, Həsən havada bir neçə sehrli fiqurlar cızır və bütün izləyiciləri dəhşətə gətirən hadisə baş verir. Boşqabın içində olan kəsilmiş baş qanla dolmuş gözlərini açaraq onlara baxırdı. Həsən başa baxaraq soruşdu: «Allahın adı ilə sənə and verirəm, cavab ver! Sən həmin Ömərsən ki, mənim ardımca gedən ilk fədailərdən oldun?» Və baş cavab verdi: «Bəli, mən Ömərəm. Mən sənin ardınca gedən və cənnətin ləzzətini alan ilk fədailərdənəm. Mən sənin lütfünə layiq deyiləm. Allah səndən razı olsun!». İçəridə olan hər kəs danışanın səsini tanıyırdı və burada heç bir şübhə yeri ola bilməzdi. Bu həqiqətən də Ömər adlı mürid idi və kəsilmiş baş danışırdı.

- Soruşun, - Həsən təklif edirdi – istədiyiniz, ürəyinizdən keçən hər şeyi soruşun və o, mənim sehrimin təsiri ilə sizə cavab verəcək.

Dəhşətdən yerində donmuş gənc müridlər nə soruşsalar, kəsilmiş baş onlara dəqiq cavab verirdi. Onlar otağı tərk etdikdən sonra isə, Həsən əmr edirdi ki, digər müridləri yanına çağırsınlar. Bununla da Həsənin hüdudsuz və dəhşət saçan şan-şöhrəti barədə yeni əhvalat çox keçmir ki, bütün Əlamütə, oradan isə dünyaya yayılır. «Hətta ölülər belə onun hakimiyyətinə tabe olurlar», - Həsən haqqında belə deyirdilər.

«Kəsilmiş baş» ilə təklikdə qaldıqdan sonra, Həsən nimçəni kənara çəkirdi. Nimçə qoyulmuş yerin altında qazılmış kiçik xəndəkdə oturan fədai, şeyxdən soruşurdu: «Mən düz danışdımmı, böyük şeyxim?». Həsən isə «Hə, səndən razı qaldım» cavabını verirdi.



Bir saat keçməmiş, «ölü» ilə danışanlar yenidən həmin kəsilmiş başı görə bilərdilər. Fərq yalnız onda idi ki, bu dəfə baş həqiqətən kəsilmiş halda nizəyə sancılır və qəsrin darvazaları qarşısında nümayiş etdirilirdi. Darvaza qarşısında toplaşan onlarla insan, nizəyə taxılmış bu kəsik başın bir müddət öncə Həsənin əmri ilə necə danışdığını və ona verilən suallara necə cavab verdiyini digərlərinə söyləyirdilər. Bütün bu olub-keçənlərdən sonra Əlamüt şeyxinin qeyri-adi hakimiyyətindən necə şübhələnmək olardı?

(Ardı burada)

Vüqar Zifəroğlu
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:  





Xəbər lenti