İctimai Komitə üzvləri “Amnesty International”a müraciət edib

İctimai Komitə üzvləri “Amnesty International”a müraciət edib
  07 Oktyabr 2020    Oxunub:1674
Azərbaycanın insan hüquqları sahəsində ixtisaslaşmış, ölkədə və beynəlxalq aləmdə tanınmış hüquq müdafiəçilərindən ibarət olan Ədliyyə naziri yanında İctimai Komitənin üzvləri (http://justice.gov.az/categories/196) Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, cəbhə xəttində yaranmış vəziyyətlə bağlı “Amnesty International” təşkilatının rəhbəri xanım Julie Verhaara müraciət ünvanlayıblar.
Komitədən Azvision.az -a daxil olan müraciətdə deyilir: “Bu il sentyabrın 27-dən etibarən Ermənistanın silahlı qüvvələri müxtəlif növ artilleriya və raket qurğularından istifadə etməklə Azərbaycan Respublikasının dinc əhalisinin kompakt yaşadığı rayon və şəhərlərini, mülki infrastruktur obyektlərini intensiv atəşə tutmağa başlayıb. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın hərbi təxribatlarının qarşısını almaq, işğalçıların, terrorçuların Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarılmasını təmin etmək məqsədilə əks-hücum əməliyyatları aparılır.

Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı hərbi güc tətbiqini və bunun nəticəsində onun ərazilərinin işğal edilməsini davamlı olaraq qətiyyətlə pisləyir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyən, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmətini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiqləyən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. Həmin qətnamələrdə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqləyib və erməni işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da oxşar mövqelər sərgiləyiblər. Lakin Ermənistan bu günədək BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə əməl etmir. Azərbaycanın davamlı sülhə nail olmaq üçün substantiv danışıqlara başlanılması ilə bağlı çağırışları və təşəbbüsləri nəticəsiz qalıb”.

Müraciətdə, həmçinin vurğulanıb ki, Ermənistanın Azərbaycan xalqına qarşı soyqırımı, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü siyasəti bu günlərdə özünü daha qabarıq büruzə verir. Belə ki, Ermənistan Silahlı Qüvvələrinin dinc əhali və yaşayış yerlərini müxtəlif artilleriya sistemlərindən istifadə etməklə atəşə tutması nəticəsində 27 mülki şəxs həlak olub, 141 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, çoxsaylı yaşayış evlərinə və mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib. Azərbaycanın ikinci böyük şəhəri Gəncə, həmçinin Mingəçevir şəhəri, Beyləqan, Bərdə, Ağcabədi, Goranboy və digər rayonlar istifadəsi qadağan edilmiş raket və qurğulardan atəşə tutulub. Oktyabrın 4-də isə hərbi əməliyyatlardan uzaq məsafədə yerləşən Xızı və Abşeron rayonlarına iki ortamənzilli raket atılıb. Ermənistan silahlı qüvvələri mülki və strateji obyektlər də daxil olmaqla bütün hədəflərə qarşı beynəlxalq səviyyədə qadağan edilmiş yüksək dağıdıcı qüvvəyə malik silahlar tətbiq edir.

Bu bir daha göstərir ki, işğalın davam etməsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regionda sülh və təhlükəsizlik üçün başlıca təhdiddir.

Müraciətin sonunda hüquq müdafiəçiləri “Amnesty International” təşkilatının obyektiv mövqe nümayiş etdirəcəyinə və öz münasibətini açıqlayacağına ümidvar olduqlarını bildiriblər.

Azvision.az


Teqlər:





Xəbər lenti