“Dostluq” yatağı: Neft-qaz strategiyamızın inkişafında yeni mərhələ

  “Dostluq” yatağı:  Neft-qaz strategiyamızın inkişafında yeni mərhələ
  21 Yanvar 2021    Oxunub:3654
Bu gün Aşqabadda “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalandı.
Mütəxəssislər hər iki ölkənin maraqlarına cavab verən bu sazişi mühüm tarixi hadisə kimi qiymətləndirir, onu tək Türkmənistan və Azərbaycan üçün deyil, ümumilikdə region üçün də ciddi dəyişikliklərin başlanğıcı kimi dəyərləndirirlər.

Təbii ki, ölkəmiz bu kimi regiona yeni nəfəs gətirən layihələrin həyata keçirilməsi və böyük iqtisadi perspektiv vəd edən yataqların işlənməsində dərin təcrübəyə malikdir. Təsadüfi deyil ki, Azərbaycanı hələ müstəqillikdən əvvəl - Sovet dönəmində neft sənayesinə görə daha çox tanıyırdılar. Bu məsələdə, neft sənayesinin tərəqqisində heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin danılmaz xidmətləri olub.

Tarixə qısa ekskursiya etsək görərik ki, Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi 1970-1980-ci illər Xəzər dənizində yeni yataqlarının kəşf olunması, ölkəmizin neft emalı, neft-kimya sənayesinin yenidən qurulması və modernləşdirilməsində dönüş mərhələsi olub. Maraq üçün bildirək ki, 1970-ci illərə qədər Xəzər dənizində istifadə olunan texniki vasitələr yalnız dənizin dərinlikləri 40 metrə qədər olan sahələrdə işləməyə imkan verib. Məhz 1970-1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə respublikaya dəniz yataqlarının işlənilməsi üçün yeni müasir avadanlıqlar - qazma qurğuları, borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən "Azərbaycan" kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan gəmilər və başqa texniki vasitələr gətirildi. Bundan başqa, 1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi (İB) yarandı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi. Dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən “Şelf” tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Həmin tarixi dövrə nəzər salsaq 1975-ci ildə "Bulla-dəniz" yatağının işlənilməsinə başlanılması,1979-cu ildə "Günəşli", 1985-ci ildə "Çıraq", 1988-ci ildə "Azəri", 1989-cu ildə isə "Kəpəz" yatağının aşkar edilməsini xüsusi olaraq qeyd etməliyik.



Yəni, həqiqətən də ölkəmizdə neft sənayesinin inkişafı, Xəzərdə yataqların kəşfi və işlənməsi istiqamətində atılan addımlar hələ Sovet dönəmində öz aktuallığını qoruyurdu. Artıq Azərbaycan müstəqildir və ölkəmiz bu illər ərzində də region üçün mühüm əhəmiyyətə malik olan layihələrə qol qoymağa, əməkdaşlıqlara can atıb. Məhz Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra aparılmış uzaqgörən siyasət nəticəsində 1994-cü il sentyabrın 20-də Bakı şəhərində tarixə “Əsrin müqaviləsi” kimi daxil olmuş, Xəzər dənizində neft yataqlarının işlənilməsi və hasilatın pay bölgüsü haqqında müqavilələrin imzalanmasına nail olundu. “Əsrin müqaviləsi”nin imzalanması Xəzər dənizinin mineral sərvətlərindən istifadə üçün dünyanın aparıcı neft şirkətlərinin və xarici investisiyaların cəlb edilməsi üzrə çox mühüm siyasi addım oldu, bu istiqamətdə ilk dəfə olaraq Xəzər dənizində beynəlxalq əməkdaşlığa yol açıldı.

Azərbaycan hər zaman dialoq, qarşılıqlı anlaşma, əməkdaşlığın əsas tərəfdarlarından biri kimi çıxış edib

Azərbaycan bu illər ərzində Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib və Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış edib. Bu səylər isə təbii ki, Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət edib.

Xəzər dənizində bölgü məsələlərindən danışarkən qeyd etməliyik ki, daim bu mövzu üzrə sahilyanı ölkələr arasında dialoq üçün ikitərəfli və çoxtərəfli formatlara üstünlük verilib. Bu çərçivədə 29 noyabr 2001-ci il tarixində “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş”, 23 sentyabr 2002-ci il tarixində “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş” və 14 may 2003-cü il tarixində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Saziş”in imzalanmasına nail olunub. Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi üzrə razılaşma əldə olunub ki, bu da öz növbəsində bütün sahilyanı ölkələr arasında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə beştərəfli formatda aparılan prosesə güclü təkan verib.



Məhz Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 12 avqust 2018-ci il tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalandı. Xəzər dənizinin hüquqi statusu üzrə ümumi razılaşmanın əldə edilməsi Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğuna dəlalət edir. Yəni həqiqətən də ölkəmiz bu illər ərzində Xəzərdə dialoq, qarşılıqlı anlaşma, əməkdaşlığın əsas tərəfdarlarından biri kimi çıxış edib, bundan sonra da regionda həll olunmamış məsələlərin qarşılıqlı anlaşma ilə həll olunmasında maraqlı olduğunu göstərir.

Məhz “Dostluq” yatağı gələcəkdə qarşılıqlı anlaşma ilə istənilən məsələnin razılaşdırılmasının mümkünlüyünün bariz nümunə ola bilər.

Qeyd edək ki, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu bu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Maraq üçün onu da xatırladaq ki, yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.

Ümumiyyətlə, sirr deyil ki, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynayıblar. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoe", yəni “Aralıq” adlandırılıb. Amma “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb.

Xatırladaq ki, 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradıldı. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər isə iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaratdı. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin 2008, 2018 və 2019-cu illərdə Türkmənistana səfərlər etməsini, onun həmkarı Prezident Qurbanqulu Berdiməhəmmədovun isə 2008, 2010, 2015, 2017, 2019-cu və ötən ilin martın 11-də Bakıya gəlməsini xatırlatmaq olar. Artıq hər iki ölkənin maraqlarına cavab verən saziş imzalanıb və tərəflər ortaq bir məxrəcə gəliblər.



Yatağın birgə işlənməsi Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir

Memorandumun imzalanması bir necə səbəbdən mühüm əhəmiyyətə malikdir. Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş bu razılaşmaya əsasən bundan sonra “Dostluq” yatağında karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və mənimsənilməsi birgə həyata keçiriləcək. Maraqlı məqamlardan biri isə yatağa “Dostluq” adının verilməsidir. Onun bu cür adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsi sayıla bilər.

Onu da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını anons etmişdi. Məhz belə yeniliklərdən olan bu Memorandumun imzalanması artıq reallaşdı. Bu yatağın birgə işlənməsi Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. O da bəllidir ki, yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Təbii ki, bu da neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq.

Bundan başqa belə bir sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında çox önəmli addımdır. Memorandum həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə də xidmət edir. Yəni burada söhbət yalnız iqtisadi gəlirlərdən getmir, mühüm siyasi əhəmiyyətə malik əməkdaşlıqdan da gedir. Göründüyü kimi layihənin çox böyük beynəlxalq və regional əhəmiyyəti var və sözügedən sənədin imzalanması sübut etdi ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər.

Bundan başqa, memorandum Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsinə yeni imkanlar yaradır. Razılaşmanın əldə edilməsi eyni zamanda Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirir və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verir.

Bir maraqlı və diqqətçəkən məqamı da qeyd edək ki, bu il Türkmənistanın təşəbbüsü ilə Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zivə Toplantısı keçiriləcək. Məhz belə bir mühüm beynəlxalq tədbir ərəfəsində bu Memorandumun imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin bariz nümunəsi kimi səciyyələndirilir.
Görünən odur ki, layihənin iqtisadi cəhətdən olduğu kimi siyasi askpetdə də mühüm əhəmiyyəti var. Bundan sonra Azərbaycanla Türkmənistan arasında olan təmaslar daha da sıxlaşdırılacaq, iki dost ölkə bütün məsələləri əməkdaşlıq və konsensus əsasında həll edəcək.

Tural Tağıyev
Azvision.az


Teqlər: Dostluq-yatağı   Neft   Qaz  





Xəbər lenti