`Qazandığım pulları Azərbaycan üçün xərcləyirəm` – MÜSAHİBƏ

`Qazandığım pulları Azərbaycan üçün xərcləyirəm` – MÜSAHİBƏ
  21 Fevral 2014    Oxunub:1407
`Azərbaycanlı qayınanam hərdən deyir, `Ay oğul, sən nə qədər ağılsız bir adamsan...`
Müsahibimiz İzmirdəki Azərbaycan Kültür Mərkəzi Dərnəyinin başqanı Cemal Mehmethanoğludur.
O, Qarsda doğulub, 17 yaşıma qədər orada yaşayıb. Ata tərəfi Qərbi Azərbaycandandır. 35 ildir ki, İzmirdə yaşayır.


- İzmirdə ilk Azərbaycan dərnəyi - Azərbaycan Dostluq və Kültür-Sənət Dərnəyi 1991-ci ildə yaradılmışdı. Mən də o dərnəyin qurucuları arasındaydım. 2008-ci ildə yaradılmış Azərbaycan Kültür Dərnəyi isə ilk qurumun bir növ davamıdır. Bu illər ərzində bir çox Azərbaycan dərnəkləri açılsa da, sonradan bağlandı. Hazırda İzmirdə 2 dənə Azərbaycan dərnəyi var. Biri Diasporla İş üzə Dövlət Komitəsinə bağlı olan Azərbaycan Kültür Evi və Dayanışma Dərnəyi. Digəri də bizim Azərbaycan Kültür Mərkəzi Dərnəyi.

Bizimki tamamilə qeyri-hökümət təşkilatıdır. Hər hansı bir yerə bağlılığı, maddi asılılığı, əmrə tabeliyi olmayan, öz daxili imkanları hesabına işlər görən bir dərnəkdir. Rəsmi dərnəkdən fərqimiz Azərbaycanı bütöv olaraq görməyimizdir. Bizim üçün təkcə Şimali Azərbaycan deyil, 50 milyonluq dünya azərbaycanlıları, 35 milyonluq Güney azərbaycanlıları var. Güney Azərbaycanın problemlərini, sıxıntılarını Türkiyədə tanıtmağa, onlara əlimizdən gəldiyi qədər yardım etməyə çalışırıq. Yardım deyərkən, işimiz İran dövlətilə vuruşmaq deyil. Orada yaşayan insanların qarşılaşdığı milli basqıları, mücadilələrini Türkiyədə, Azərbaycanda, bütün dünyada tanıtmaq bizim ən böyük yardımımızdır. Onların da dünya azərbaycanlıların dəstəyinə ehtiyacı var. Biz də öz qurumumuz adından bu dəstəyi onlara verməyə çalışırıq.

- 2008-dən etibarən dərnəyin hansı işləri olub?

- Çox işlərimiz olub. Məsələn, keçən il Ankarada Uluslararası Güney Azərbaycan Forumu düzənlədik. 30-dan çox Azərbaycan təşkilatlarının 350-dən çox təmsilçiləri qatılmışdı. Daha sonra İzmir-Çeşmədə Türkiyədə yaşayan Azərbaycan türklərinin I qurultayını keçirdik. Bu tədbirdə 18 sayda Azərbaycan dərnəklərinin, qurumlarının nümayəndələri iştirak edirdi. Keçmiş turizm naziri İlhan Aküzüm, Azərbaycan əsilli Türkiyə millət vəkili Şamil Ayrım, Abbas Bozyiğit, Bakıdan tarixçi Firudin Cəlilov, siyasətçi Fərəc Quliyev, Güney Azərbaycan televiziyasının rəhbəri Əhməd Obalı dəvət olunmuşdu. Çox böyük bir toplantımız oldu. Türkiyədə yaşayan Güney Azərbaycan türklərindən təxminən 30-40 insan qatılmışdı. Bu qurultaydan sonra “Türkiyədə yaşayan Azərbaycan türkləri” adlı bir kitab da nəşr etdik. O kitabda da həm qurultay barədə, həm də Turkiyə və dünyada yaşayan azərbaycanlılar haqqında bilgilər yerləşdirildi.

- Bildiyim qədərilə, Azərbaycana da tez-tez gedirsiniz. Rəsmi və qeyri-rəsmi qurumlardan və ya şəxslərdən Sizə hər hansı bir mənfi münasibət olubmu?

- Xeyr, indiyədək heç bir mənfi münasibət görməmişəm. Hətta Diasporla İş üzə Dövlət Komitəsinə də yolum düşür. Yeganə narazılığım, fəaliyyətimizlə bağlı verilən bir sıra vədlərin komitə tərəsindən unudulması, sadəcə sözdə qalmasıdır.

- Azərbaycan mədəniyyətinin təbliğinə yönəlik hansı işləriniz, layihələriniz olub?

- 2009-2010-cu illərdə “Muğam fırtınası” adlı konsertlər silsiləsi təşkil etdik. Iğdırda başlayıb Karsda, Ankarada, İzmirdə, Amasyada və İstanbulda 6 gün boyunca davam etdi. Amma dərnəyimizin əsas var olma səbəbi də 2008-ci ildən etibarən 5 il ardıcıl olaraq “Novruz Bayramı” festivalı düzənlədik. Festival olmaqla yanaşı, həm də Azərbaycanı bütöv olaraq təbliğ edirdik. Festival çərçivəsində “Güney Azərbaycan Milli Mücadiləsi” mövzusunda panelimiz oldu. Bundan başqa Türkiyədə Azərbaycan muğam gecəsi keçirdik. Muğam ifaçılarından Güney Azərbaycandan Nasir Topur, Quzey Azərbaycandan isə Rəvanə Ərəbova dəvət olunmuşdular.



Bir başqa tədbirimiz Təbriz, Bakı, Borçalı, Urmiya, Qars günləri, Şövkət Ələkbərova və Rəşid Behbudovu anma gecələri keçirdik. Digər tədbirimiz Poeziya gecəsi idi. Məmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə, Səməd Vurğun kimi tanınmış şairlərin həyat və yaradıcılığına həsr olunmuşdu. Azərbaycan filmləri günlərində də həm Güney, həm də Quzey Azərbaycan filmlərini nümayiş etdirdik.

- Sirr deyilsə, dərnəyin maliyyələşməsi haradandır?

- Bizim dərnəyin bütün fəaliyyətini mən maliyyələşdirdim. İxtisasca vəkiləm, hüquq bürosunda 5 il vəkillik etmişəm. 22 ildir də gördüyünüz bu ofisdə əmlak alqı-satqısı ilə məşğul oluram. 1998-ci ildə Bakıda da bir ofis açdım, lakin rəhbər vəzifədəki bir dostumun bacarıqsızlığı üzündən 5-6 ay sonra bağlamaq məcburiyyətində qaldım.
Qazandığım pulların demək olar ki, hamısını dərnəyin fəaliyyətinə xərcləyirəm. Həyat yoldaşım da azərbaycanlıdır. Bizimlə yaşayan qaynanam, xərclərimi görüb deyir “ay oğul, sən nə qədər ağılsız bir adamsan (gülür). Azərbaycanı sənin qədər düşünən yoxdur”. Ailəmdən çox işimə xərclədiyim üçün evimizdə bəzən bu üzdən problemlər, sıxıntılar olur. Düzdür, dərnəyimizə yardım edən dostlarımız da var. Amma onu da sırf mənim xətrimə edirlər.

- Dərnəyinizin nə qədər üzvü var?

- Rəsmi olaraq dərnəyin 40 nəfər üzvü var. Amma sosial şəbəkələrdə üzvlərimizin sayı 2000-dən çoxdur. Ümumiyyətlə, biz kəmiyyət dalınca qaçmırıq. Biz çox dərnəklər üçün say faktoru vacibdir, çünki, bələdiyyə seçkilərində səs, siyasi partiyalarda güc qazanmaqda say hesabı rol oynayır. Bizim həmin dərnəklərdən fərqimiz isə fəaliyyətimizin mədəniyyətimizi yaşatmağa, millətimizin hüquqlarını qorumağa yönəlik olmasıdır.

- Təxminən 2 il öncə Can Azərbaycan – CanAz Tv yaradıldı. Amma bir müddət sonra naməlum səbəblərdən fəaliyyəti dayandırıldı...

- CanAz internet televiziyamız cəmi 10 ay yayımda oldu. TV-ni açanda düşündük ki, Türkiyədəki Azərbaycan türkləri, güneyli və quzeyli dostlarımız bizə dəstək olacaq, zamanla peyk vasitəsilə yayım çıxacağıq. Lakin heç bir dəstək olmayınca, 10 ay sonra iflasa uğradıq və bağlamaq məcburiyyətində qaldıq.

Dayandırmasaydıq əlimizdəki ofis də batacaqdı. Hazırda CanAz.com adlı saytımız var. Orada fəaliyyətimizi işıqlandırırıq. Maliyyə imkanımız olanda TV işini bərpa etməyi düşünürük.

- İşlərinizin təbliğini necə edirsiniz? Türkiyə mediasının diqqəti varmı?

- Fəaliyyətimizin təbliğini, reklamını əsasən internet, sosial şəbəkələr vasitəsilə edirik. Çünki Türkiyə mediası tədbirlərin işıqlandırılmasına görə reklam haqqı istəyirlər. Yəni, onların mediasında hətta kiçik bir xəbərin getməsi üçün pul ödəməlisən. Bu baxımdan yerli medianın diqqətini demək olar ki, görmürük.

Sevda Babayeva / İzmir
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti