Ukraynanın əsas faciəsi

Ukraynanın əsas faciəsi
  22 Fevral 2014    Oxunub:1338
Vüsal Məmmədov

Bu həftə Ukraynadakı hadisələr öz kulminasiyasına çatdı. `Maydan`da baş verənlər konkret olaraq vətəndaş müharibəsinə çevrildi. Bu,artıq `qırmızı xətt`in çox təhlükəli şəkildə keçilməsi demək idi. Ona görə də, indiyə qədər proseslərə açıq müdaxilə etməyən Qərb dövlətləri işə qarışdılar.
Barak Obama şəxsən Ukraynadakı hadisələrə münasibət bildirərək, Yanukoviç hökumətini Bəşər Əsədlə müqayisə etdi.Con Kerri bəyan etdi ki, faciənin günahkarları cəzalandırılmalıdır. Almaniya, Fransa və Polşanın xarici işlər nazirləri Ukraynaya gələrək, iqtidarla müxalifəti danışıqlar stolu arxasına əyləşdirdilər. Ölkənin üzləşdiyi çıxılmaz vəziyyət, parçalanma təhlükəsi, axmağa başlayan vətəndaş qanı və Qərbin təzyiqi ilə üzləşən Yanukoviç müxalifətin istədiyi bütün güzəştlərə razılıq verdi.

Nəticədə, indi ölkə 2004-cü ilə qədər olan Konstutisiyaya qayıdacaq, bununla da prezidentin səlahiyyətləri azaldılacaq. Ölkədə keçid hökuməti yaradılacaq. Yeni prezident və parlament seçkisi keçiriləcək.

Amma ən əsas sual budur: bütün bunlar Ukraynada nəhayət ki, sabitliyin yaranmasına gətirib çıxara biləcəkmi?

Təəssüf, amma bu suala müsbət cavab vermək çətindir. Çünki əgər Qərbə Ukraynada sabitlik lazım olsaydı, buna ölkədə qan axmamışdan da asanlıqla nail olmaq mümkün idi. Sadəcə, Ukraynaydakı proseslərə müdaxilə etməmək yetərdi. Amma Avropa ilə Rusiyanın arasında kiçik Suriya yaratmaq eksperimenti keçirənlərin məqsədi başqa idi.

Belə bir suala cavab verməyə çalışaq: Qərb Ukraynadan nə istəyir? Başqa sözlə, iki aydan çoxdur ki sürən dava nəyin üstündədir? Avropa Birliyinə üzv olmağınmı? Qətiyyən yox. Avropa Birliyinin siyasi elitasında Ukraynaya da təxminən Türkiyə kimi baxırlar və əsla öz sıralarında bu pravoslav-slavyan ölkəsini görmək istəmirlər. Yəni iki aydan çoxdur ki davam edən dava Ukraynanın Avropa Birliyinə yaxınlaşması üçün deyil, sadəcə, Rusiyadan uzaqlaşması üçündür. Nə Avropa, nə də Amerikaya Ukrayna lazım deyil. Onları narahat edən budur ki, Ukrayna Rusiyaya Avropanın qarşısında öz iddialarını yeritmək üçün lazımdır. Və məqsəd də budur ki, nəyin bahasına olursa-olsun, Ukrayna Rusiyaya çatmasın. Hətta Kiyevin Suriyaya çevrilməsi bahasına olsa belə.

Yaxşı, bəs Ukraynada yeni parlament, yeni prezident və yeni konstitusiyadan sonra nələr dəyişəcək? Rusiya məğlubiyyəti ilə barışıb, Ukraynadan əl çəkəcəkmi? Bir tərəfdən, təbii ki, yox. Digər tərəfdən, məsələ ondadır ki, ən yaxın tarixdə biz Rusiyanın Ukraynadan əl çəkməsinin nəticəsini də görmüşük, ikiəlli yapışmasının nəticəsini də. Hər ikisi pisdir. Ukraynaya vəd olunan investisiyaların kəsilməsi, enerjinin qiymətinin Avropa səviyyəsinə qaldırılması bəs edəcək ki, dünən Maydanda sözün hər iki mənasında qızışanlar sabah sözün hər iki mənasında soyuq başla düşünməyə başlasınlar. Axı Qərbin özü Ukraynaya sosial və iqtisadi dəstək olmaq üçün bir qəpik də xərcləmək istəmir.

Beləliklə, Ukrayna üçün heç nə başa çatmayıb. Sadəcə, daha bir raund da qurtardı. Hərçənd, hələ ki başı olimpiadaya qarışan Rusiya özünün cavab addımlarını atmayıb. Ötən həftə bu ölkənin baş naziri Dimitri Medvedyev Yanokoviçə belə bir ismarıc-məsləhət yollamışdı ki, özünün ayaq silinən əski edilməsinə imkan verməsin. Yəni möhkəm dayansın. Amma paytaxtda onlarla insan həlak olanda belə məsləhətlərə əməl etmək çətindir.

Bundan sonra ola bilər ki, tarix yenə təkrarlansın. Yəni növbədənkənar seçki zamanı hakimiyyətə şərti olaraq `Yuşşenko-2` sayılacaq fiqur gəlsin və Rusiya da yenə onun `Yanukoviç-2` adlanacaq fiqurla əvəzlənəcəyi günü gözləsin. Və yaxid da sadəcə gözləməsin, aktiv şəkildə buna nail olmağa çalışsın. Bu faciəli oyun isə şahmat taxtasına çevrilmiş Ukraynanın başında çatlasın.

Ən əsas faciə Ukrayna xalqının və hökumətinin vahid xəttinin, hədəfinin olmamasıdır. Bu, indiki vəziyyətdə onlara çox baha başa gəlir. Keçirilən sorğular göstərir ki, əhalinin 47 faizi Avropa Biriliyi, 46 faizi isə Rusiya ilə yaxınlaşmağın tərəfdarıdır. Ən pisi budur ki, hakimiyyət də elədir – yəni nə istədiyini bilmir. Əks halda Yanukoviç Avropa Birliyi ilə inteqrasiya prosesini davam etdirib-etdirib, qəfildən dayandırmazdı. Bundan da pisi odur ki, hakimiyyət hansısa bir istiqamət seçəndə də həmin tərəfə getməyə gücü və imkanları çatmır. Nə qədər ki, belədir, Ukrayna üçün bütün variantlar pis olaraq qalacaq.


Teqlər:  





Xəbər lenti