Çin “süni Günəş”ini alışdırdı: Energetikada yeni mərhələ yaxınlaşır

      Çin “süni Günəş”ini alışdırdı:    Energetikada yeni mərhələ yaxınlaşır
  21 İyun 2021    Oxunub:7609
Müasir energetikanın bir neçə onillikdir ki, can atdığı əsas hədəflərdən biri termonüvə sintezidir. Atom energetikasından fərqli olaraq, burada ağır nüvələrin parçalanması yox, əksinə, yüngül nüvələrin birləşməsi hesabına enerji əldə olunur. Məsələn, iki hidrogen atomunun nüvəsi birləşərək, bir helium nüvəsi, üstəgəl, azman miqdarda enerji əmələ gətirir. Eynilə Günəşdə olduğu kimi.
Bu, çox təmiz, sərfəli və praktik olaraq hüdudsuz enerji verə bilər, amma əlbəttə ki, əvvəlcə onun işlək reaktorunu yaratmaq lazımdır. Məsələ ondadır ki, atomları birləşdirmək parçalamaqdan qat-qat çətindir. Çünki müsbət yüklü iki nüvə bir-birini itələdiyindən, onları birləşdirmək üçün zəncirvari parçalanmadan fərqli olaraq, böyük enerjiyə (temperatura) ehtiyac var. Günəşdə bu, on milyonlarla dərəcə selsi və nəhəng təzyiq sayəsində mümkün olur.



Fransada tikilən və bugünə qədər $22,5 milyard dollar xərclənən Beynəlxalq Eksperimental Termonüvə reaktoru ona görə hələ ki, süni Günəş yarada bilməyib. Bir müddət öncə Britaniyanın Atom Energetikası İdarəsinin (UKAEA) alimləri $77,5 milyona başa gələn “MAST Upgrade” adlı eksperimental termonüvə qurğusu yaratmışdılar. Bu qurğunun əsasında güclü maqnit sahəsinin köməyilə hidrogen izotopunu sferik formada saxlamağı bacaran tokomak dayanır. Həmin maqnit sahəsində izotop mikrodalğaların köməyilə reaksiyanın başlaması üçün plazma həddinə qədər qızdırılır. Bu eksperimentdən sonra təxminən 20 ilə kommersiya baxımından sərfəli nüvə sintezinin mümkün ola biləcəyi haqda fikirlər səslənməyə başladı. Elə həmin UKAEA-nin mütəxəssisləri 2040-cı ilə qədər $310 milyon xərcləyərək, işçi reaktor yaratmağı düşünürlər.



Amma lap bu yaxınlarda Çin sürətlə energetikanın ən strateji və perspektivli sahəsində sürətlə və qətiyyətlə önə çıxdı. Ölkənin rəsmi mediasının yaydığı xəbərə görə, Səma İmperiyasının EAST adlanan termonüvə reaktoru plazmanı 120 milyon dərəcə selsiyə qədər qızdırıb, 100 saniyə həmin vəziyyətdə saxlamaqla, dünya rekordu vurub. Yüklənmənin pik nöqtəsində temperatur hətta 160 milyon dərəcəyə çatıb. Bu, Günəşdə olduğundan 10 dəfə daha artıqdır.



Çin alimləri ümid edirlər ki, Təkmilləşdirilmiş Eksperimental Fövqəlötürücü Tokomak (EAST) adlanan bu reaktor ölkənin “təmiz və hüdudsuz energetikaya açılan qapısı” olacaq. Şençjendəki Elm və Texnologiya Universitetinin fizika fakültəsinin rəhbəri Li Myao “Daily Mail”ə bildirib ki, onların növbəti hədəfi 120 milyon dərəcə temperaturu bir həftə ərzində saxlamaqdır.



Qeyd edək ki, EAST reaktorunda qaynar plazmanı fövqəlyüksək temperaturlara çatdırmaq üçün azman gücə malik maqnitlərdən istifadə olunur. Reaktoru yaradanların məqsədi “Yerdə öz Günəşlərini alışdırmaqla, praktik olaraq sonsuz və təmiz enerji əlsə etməkdir”. Çində bu reaktoru elə “Süni Günəş” də adlandırırlar. Reaktor Çin Elmlər Akademiyasının Hefey şəhərindəki Fizika İnstitutunda yerləşir.



- Termonüvə energetikasının inkişafı Çinin strateji enerji təlabatının ödənilməsilə yanaşı, ölkənin gələcək inkişafı baxımından da böyük rol oynayır. – deyə Çinin “Jenmin Jibao” qəzeti yazır. – Çin alimləri bu layihənin üzərində 2006-cı ildən çalışırlar. Onlar Fransada tikilən və 2025-ci ildə işə salınacaq Beynəlxalq Eksperimental Termonüvə Reaktoru (ITER) komandası ilə əməkdaşlıq edirlər. Bu, Beynəlxalq Kosmik Stansiyanın yaradılmasından sonra ən böyük qlobal elmi əməkdaşlıq layihəsidir. Güney Koreyanın da özünün “Süni Günəşi” – 100 milyon dərəcə temperaturu 20 saniyə ərzində saxlaya bilən KSTAR reaktoru var.



Göründüyü kimi, energetikada daha bir inqilab da bu cinahdan yetişməkdədir. Uzağı 15-20 ilə termonüvə reaktorları işə düşəndən sonra bu gün mövcud olan energetika sənayesi tamamilə baş-ayaq çevriləcək. Dünənə qədər Yerdə süni Günəş yaratmağın mümkünlüyünə çoxları inanmırdı. Bu, xeyli fantastik görünürdü. Amma artıq məsələ inanıb-inanmamaqdan keçib. Süni günəşlərin yaradılması indi ancaq vaxt məsələsidir.



Vüsal Məmmədov
Azvision.az



Teqlər: Energetika   Termonüvə  





Xəbər lenti