Azərbaycanın qocaman müəllimi jurnalistlərlə görüşdü

Azərbaycanın qocaman müəllimi jurnalistlərlə görüşdü
  13 Mart 2014    Oxunub:1637
Azərbaycan təhsilinin dünənini görmüş, bu günü ilə yaşayan və gələcəyinə nikbin yanaşan qocaman müəllimlə unudulmaz görüş
Media nümayəndələrinin Salyan və ətraf rayonlara səfəri çərçivəsində Neftçalada yaşayan əməkdar müəllim, 65 illik pedaqoji təcrübəyə malik İmamverdi Əbilovla görüş keçirilib.

Onun ölkə təhsilinin gələcəyi ilə bağlı nikbin düşüncə və fikirləri maraqla qarşılanıb. Ötən əsrdə yaşayıb yaratmış görkəmli Azərbaycan ziyalıları ilə bağlı xatirələrini danışan İmamverdi müəllim jurnalistləri qeydi-adi kitabxanası ilə tanış edib. Burda Azərbaycanın və bir sıra digər ölkələrin tanınmış yazıçılarının, şairlərinin, elm adamlarının, dövlət xadimlərinin öz xətləri ilə İmamverdi Əbilova ünvanladığı xoş sözlər, dəyərli avtoqraflar qeyd olunmuş onlarla kitab özünə yer tapıb. Azərbaycanın kiçik bir rayonunda yaşayan bu insanı nəinki respublikamızda, hətta keçmiş SSRİ məkanında, Avropada da tanıyır, onun düşüncələrinə dəyər verir, şəxsən görüşmək üçün ziyarət edirlər.

1954-cü ildə xalq şairi Səməd Vurğunla görüşündən söz açan, onun elə bu otaqdaca şeir yazmasından danışan İmamverdi müəllim indi də həm yaşlı nəslin, həm gənclərin, tanınmış şəxslərin və sadə insanların daim ona baş çəkməsindən razılıqla söhbət açır.

İmamverdi Əbilov haqqında dövrü nəşrlərdə, kitablarda çox yazılıb, televiziya kanallarında onun 65 illik pedoqoji fəaliyyətini əks etdirən silsilə verilişlər nümayiş etdirilib. Ancaq 87 yaşlı qocaman müəllimlə üz-üzə oturmaq, tarix-ədəbiyyat kitablarından bizə məlum olan insanlar haqqında canlı xatirələrinə qulaq asmaq, kitabxanasındakı hər biri muzey eksponatı sayıla biləcək kitablara, fotolara tamaşa etmək başqa bir aləmdir. Tamaşa etdikcə təəccüblənirsən – görəsən, ölkəmizin dahi tarixi şəxsiyyətlərini Azərbaycanın bu kiçik rayonuna, bu sadə evə hansı qüvvə çəkib gətirib. İmamverdi müəllimin bir ucu qəhərli, bir ucu fəxrli xatirələrinə, maraqlı söhbətlərinə qulaq asdıqca öz sualına cavab tapırsan – belə bir insanla təmasda olmaq üçün nəinki Neftçalaya, hətta dünyanın ən uzaq diyarlarına da getməyə dəyər.

İmamverdi Əbilov 87 il öncə, 1927-ci ildə Neftçala rayonunun Qoltuq kəndində anadan olub. Atasını uşaq ikən itirən İmamverdi Əbilov əmisinin himayəsi altında böyüyüb. Uşaqlıq illəri müharibə dövrünə təsadüf edən balaca İmamverdi kənd yeddiillik məktəbini bitirib və 16 yaşında balıq vətəgəsində işləməyə gedib. Buna baxmayaraq ədəbiyyata, elmə marağını itirməyib, oxumaq arzusundan geri durmayıb. Zəhmətkeşliyi sayəsində 1946-cı ildə Buzovna Pedaqoji Texnikumunu uğurla bitirərək müəllimlik peşəsini ömrünün işığına çevirib.

Savadı, qabiliyyəti ilə seçilən İmamverdi müəllim yaşadığı Neftçala rayonunun ictimai-siyasi həyatında da yaxından iştirak edib. Rayon Komsomol Komitəsinin katibi, Neftçala Rayon Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri, ikinci katibi kimi vəzifələrdə çalışıb.

O, 1988-ci ildə Moskvada keçirilən ümumittifaq təhsil işçilərinin qurultayında, 1989-cu ildə isə pedaqoji cəmiyyətlərin təsis qurultayında nümayəndə olub. 1985-ci ildə SSRİ maarif əlaçısı, 1990-cı ildə Krupskaya adına ümumittifaq pedaqoji mükafatına layiq görülüb.

İmamverdi Əbilov ictimai-siyasi fəaliyyətlə yanaşı, ədəbi-bədii yaradıcılıqla da məşğul olub. 1944-cü ildə ilk şeiri "Bolşevik" qəzetində çap edilib. Bu şeiri yüksək qiymətləndirən Səməd Vurğun gənc yazara öz xeyir-duasınən verib. Lakin İmamverdi müəllim daha çox ədəbiyyatçı alim kimi tanınmağa başlayır, dövrü mətbuatda elmi, bədii tənqidi məqalələri ilə çıxış edir, ədəbi hadisələrə, cərəyanlara münasibətini açıqlayır. 1960-cı ildə Rəsul Rzaya həsr etdiyi ilk kitabını çap etdirir. Ədəbiyyatçılar bu əsəri Rəsul Rza haqqında fundamental mənbə kimi qiymətləndirirlər. Elə həmin ildə İmamverdi Əbilov qabaqcıl maarif xadimi fəxri adına layiq görülür. Qeyd edək ki, onun publisistik əsərlərindən bəzi nümunələr orta məktəblərdə tədris olunan "Ailə" dərsliyinə daxil edilib.

Ötən əsrin 50-ci illərdindən başlayaraq İmamverdi müəllim öz tədqiqat əsərləri ilə Azərbaycan ədəbiyyat aləmində nüfuz qazanmağa başlayır. Gənc ədəbiyyatşünas bir-birinin ardınca ənənə və novatorluq, şeirimizdə forma axtarışları, epik janrın imkanları, uşaq ədəbiyyatı, lirik əsərlərin növləri, ədəbiyyat və tərbiyə mövzusunda, Azərbaycan ədəbiyyatının bütün görkəmli nümayəndələrinin yaradıcılığı haqqında sanballı əsərlər yazır, elmi məqalələr çap etdirir.

Onun müəllifi olduğu kitablardan "Rəsul Rza", "Könül dünyamıza səyahət", "Xatirələr işığında", "Uzaq keçmişimizdən uzaq gələcəyə", "Rəsul Rzanın yaradıcılıq yolu", "Şəhidlər mehrabı, rəhmət duası", "Ömrün anları", "Əsrlər... Nəsillər... Əməllər", "Ağsaqqal ləyaqəti", "Ömrün dan qızartısından qürub şəfəqlərinədək...", "Zamanla vaxt arasında", "Xalqa xidmət-el məhəbbətinə körpüdür", "Təbiətin və təfəkkürün möcüzəsi", "Ağsaqqal ömrü" və digərlərinin adını çəkmək olar. Səməd Vurğun, Süleyman Rəhimov, İsmayıl Şıxlı, Firudin Köçərli, Əzizə Cəfərzadə, Qulu Xəlilov, Nodar Dumbadze, Ziya Bünyadov, Anar, Elçin, Bəkir Nəbiyev, Yaşar Qarayev, Əbdüllətif Bəndəroğlu, Məsud Əlioğlu, Osman Sarıvəlli, Əliağa Kürçaylı, Xəlil Rza, Xudu Məmmədov və digər elm, ədəbiyyat, incəsənət xadimləri İmamverdi Əbilovun yaradıcılığına yüksək qiymət verib, onun haqqında dəyərli fikirlər söyləyiblər.

İ.Əbilovun səmərəli ədəbi, elmi-pedaqoji fəaliyyəti dövlət tərəfindən də layiqincə qiymətləndirilib. O, müxtəlif Fəxri fərmanlar və medallarla təltif edilib, "S.Vurğun" xatirə diplomu, "Araz", "Akademik Mehdi Mehdizadə", "Milli-kulturoloji", "Rəsul Rza" və "Xudu Məmmədov" mükafatlarına, "Azərbaycanın tanınmış maarifçisi" diplomuna, "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb.

1998-ci ildə Tehranda və Təbrizdə keçirilən Ustad Şəhriyar simpoziumlarında etdiyi məruzəsi kitab kimi nəfis şəkildə nəşr olunub.

2006-cı ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının üzvü (akademiki) seçilən İmamverdi Əbilov 2007-ci ildə "Vektor" Beynəlxalq Elm Mərkəzi Şurası tərəfindən Azərbaycan-türk ədəbiyyatının inkişafındakı xidmətlərinə görə professor, fəxri doktor adına layiq görülüb. 2007-ci ildə o, Ümumdünya Sülh Federasiyası və Dinlərarası Beynəlxalq Federasiyasının sülh elçisi seçilib.Ötən ilin avqustunda isə BMT ədəbiyyat sahəsində böyük xidmətlərinə görə onu "İman və inama görə"ordeni ilə təltif edib.

İmamverdi müəllim canlı tarixdir. Onun danışdığı və qələmə aldığı memuarlar Azərbaycan ədəbiyyatını öyrənmək, görkəmli tarixi şəxsiyyətləri tanımaq baxımından əvəzsizdir. Ədəbiyyatşünas alimin arxivində qorudugu kitablar, fotolar, məktublar, hədiyyələr hər bir ziyarətçidə maraq oyadır, başqa heç yerdə qazanılması mümkün olmayan bilgilər verir.

Xeyirxah, müdrik və əsl ziyalı keyfiyyətlərini öz şəxsiyyətində birləşdirmiş həmyerliləri ilə fəxr edən Neftçala sakinləri bu gün də İmamverdi müəllimi nicat ünvanı kimi tanıyır. Öz nüfuzu, ağsaqqallığı ilə neçə-neçə insana kömək edən, yol göstərən İmamverdi Əbilov yaşının bu ahıl vaxtında da təhsilimizin inkişafını diqqətlə izləyir, qazanılan uğurlara sevincini gizlətmir, dərin təcrübədən doğan məsləhətlərini əsirgəmir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasını mühüm hadisə kimi dəyərləndirən İmamverdi müəllim bu sənəddə nəzərdə tutulmuş məsələlərin reallaşdırılması ilə təhsilin yeni inkişaf mərhələsinə qədəm qoyacağına əmindir.


Teqlər:





Xəbər lenti