Barmaq yerini ələ verir: Yeni tanınma texnologiyası yaradıldı

 Barmaq yerini ələ verir:  Yeni tanınma texnologiyası yaradıldı
  07 İyul 2021    Oxunub:2615
Bu vaxtadək insanların kimliyi barmaq izi vasitəsilə, daha dəqiq desək barmaq uclarındakı papilyar naxış vasitəsilə müəyyən olunurdu. Bu gün isə, Rusiyalı alimlər əldəki venoz damarları şəbəkəsinin fərdi quruluşuna əsaslanan yeni identifikasiya texnologiyası yaradıblar.
Onlar bildirirlər ki, əlin venoz “naxışı”12 yaşdan etibarən formalaşır və dəyişməz qalır, buna görə də, barmaqlardakı papillər kimi, venoz “naxışlar” da biometrik kimliyi müəyyən etməyə imkan verir.

Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın НТИ Platformasının (Milli Texnologiya Təşəbbüsü) mətbuat xidməti məlumat yayıb. “Palmjet” adlanan yeni sistemdən ofislərdə, hava limanlarında, dəmiryolu stansiyalarında, fabriklərdə, idman mərkəzlərində, banklarda, iaşə müəssisələrində və hətta nəqliyyat vasitələrində və evlərin giriş qapılarında istifadə etmək olar.

Palmjet skanerləri çoxfunksiyalı imkanlara malikdirlər. Onlardan elektron keçidlərin dəyişdirilməsinin qarşısını almaq, həmçinin iş yerlərində gecikmələrə nəzarət üçün də istifadə edilə bilər. Cihazlar ovucları multispektral infraqırmızı işıq vasitəsilə skan edir və əksini oxuyur.

- Damarlardakı hemoqlobin infraqırmızı şüaların bir hissəsini özünə çəkir, buna görə də, qan damarlarının “naxışı” aydın görünür. Riyazi alqoritmlər naxışı rəqəmsal kod halına gətirir və ölçüsü cəmi 4 kilobayt olan şifrəli şablon-faylda saxlayır,- layihə müəllifləri izah edirlər.

Bu cür biometrik şablon verilənlər bazasında saxlanılır. İnsanın kimliyini ayırd etmək üçün cihaz fərdin ovcunu skan edəndən sonra, nəticəni verilənlər bazasındakı sənədlərlə müqayisə edir. Bu işi neyro-şəbəkə alqoritmi - süni intellekt həyata keçirir. İdentifikasiya prosesi yarım saniyədən də az vaxt aparır.

Proqram tərtibatçılarına görə, əlin səthinin vəziyyəti heç nəyi dəyişmir: damar skaneri bir insanın əlini həm çirkli, həm yaş halda, həm də kəsiklər, döyənək və hətta nazik tibbi əlcək olsa da, tanıyır. Yoxlama zamanı cihaza toxunmaq vacib deyil - skaner 3-9 santimetrlik məsafədən də damarların naxışını təyin edir. İxtiraçıların sözlərinə görə, belə bir sistemə müdaxilə etmək mümkün deyil.

Qeyd edək ki, hazırki pandemiya şəraitində təmassız identifikasiya metodları çox aktiv şəkildə inkişaf edir. Buna üz biometrikasını nümunə göstərə bilərik. Elə “təmassız ovuc-damar skaneri”nin də, identifikasiya bazarında lider olmaq şansı yüksəkdir.

Ekspertlər düşünürlər ki, yeni kəşfilə Rusiya biometriya bazarının 25-30%-ni tuta bilər.

Səbinə Həsənova
Azvision.az


Teqlər: Biometriya  





Xəbər lenti