Qanlı həftənin sükut günü - XRONİKA

Qanlı həftənin sükut günü - XRONİKA
  15 Mart 2014    Oxunub:1272
Ukraynada Rusiya və Qərbin qarşıdurmasının doğurduğu gərginlik getdikcə artmaqdadır. Bu həftə iki şəhərdə - Donetsk və Xarkovda qanlı iğtişaşlar yaşandı. Yanukoviçin vətəni olan Donetskdə keçirilən iki ayrı-ayrı mitinqin iştirakçılarının toqquşması nəticəsində 22 yaşlı bir jurnalist həlak oldu, 29 insan ağır xəsarət aldı. Bu faciədə Ukrayna hökuməti Rusiyanı, Rusiya isə əksinə, Ukrayna hökumətini ittiham etdi.

Ukraynanın digər şəhəri Xarkovda da Maydan əleyhdarlarının və əks tərəfin toqquşması nəticəsində iki insan öldü, 5 nəfər ağır xəsarət aldı.

Bunlar o deməkdir ki, Ukraynada faktik olaraq vətəndaş müharibəsi başlayıb. Barrikadanın bir tərəfdə Qərbin, digər tərəfində isə Rusiyanın tərəfdarları dururlar. Yəni məsələ təkcə Krımla bağlı deyil, Ukraynanın ümumiliklə, mövcudluğu təhlükə altına düşə bilər.

Bütün bu hadisələrin fonunda Krımın Ukraynadan qoparılması sürətlə reallaşmağa doğru gedir. Sabah yarımadada bununla bağlı referendum keçiriləcək. Bu gün isə `sükut günü`dür.

Ekspertlərin fikrincə, referendumun nəticələri indidən bəllidir və bununla Krım Rusiyanın bir subyektinə çevriləcək.

Qərb dövlətləri və beynəlxalq qurumlar artıq referendumun nəticələrini tanımayacaqlarını bəyan ediblər. Avropa ölkələri, o cümlədən Türkiyə referendumu ləğv etməyə çağırıblar. Bununla bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Con Kerri arasında baş tutan 6 saatlıq danışıqlar nəticə verməyib.

Bütün bu hadisələr istər-istəməz hərbi güc tətbiqi haqda fikirləri aktuallaşdırır. Hələ ki tərəflər hərbi ritorukaya sözdə müraciət etməsələr də, maraqlıdır ki, əməldə bu istiqamətdə addımlar atılır. Həftə ərzində Rusiya qoşunları Ukrayna ilə sərhədə yaxın ərazilərdə qruplaşdılıb, Krımda rus hərbçilərinin və texnikasının sayı artırılıb. Onların faktik olaraq yarımadada vəziyyətə nəzarət etdikləri bildirilir. Amerikanın isə `Corc Buş` avidaşıyıcı gəmisi, raket kreyseri və iki esminesi Aralıq dənizin şimalında təlim keçiririlər. Halbuki, ilkin plana görə, bu hərbi dəniz qruplaşması İran körfəzinə getməli idi.

Artıq ABŞ bəyan edib ki, referendumdan sonra Rusiyaya qarşı sanksiyalar tətbiq olunacaq. Bu sanksiyalar iqtisadi xarakter daşıyacaq, həmçinin Rusiyanın vəzifəli şəxslərinə ABŞ-a daxil olmaq qadağan ediləcək. Gözlənilər ki, Rusiyaya tətbiq olunan sanksiyalar İrana tətbiq edilənlərlə bənzəyə bilər.

Almaniya kansleri Angela Merkel Moskvaya xəbərdarlıq edib ki, Krımla bağlı addımları ciddi iqtisadi və siyasi zərərə uğraması ilə sonuclana bilər. NATO və Avropa Birliyi rəsmiləri də oxşar bəyatanatlar səsləndiriblər.

Geosiyasi xarakterli cavab gedişi qismində isə Krımın Rusiyaya birləşdirilməsinin qarşılığında Gürcüstanın NATO-ya üzv qəbul edilməsi gözlənilir.

Amma Rusiya, görünür, həm də bütün bunlardan çəkinmədiyini göstərmək üçün martın 17-ni gözləmədən özü ABŞ-a və Avropa Birliyinə qarşı qabaqlayıcı sanksiyalar tətbiq edib. Hər il Avropa Birliyindən Rusiyaya 1 milyon ton ərazağın daşındığı Klaypeda limanından gələn gəmilər Rusiya limanlarına buraxılmır. ABŞ və Avropa ölkələri məhz bu limandan Rusiyaya toyuq budları göndərirdilər. Bundan başqa, Rusiya ABŞ-ın qiymətli kağızlarına yatırdığı 138 milyard dolların 104 milyardını geri çəkib.

Belə bir vəziyyətdə gələn həftə Uklraynanın yeni baş naziri Arseniy Yasenyukun Avropa Birliyi ilə Assosiasiya Sazişini imzalayacağı gözlənilir. Bu isə o deməkdir ki, Qərb hansısa kompromisə getmək fikrində deyil. O halda, yəqin ki Rusiya da getməyəcək və hadisələr qızışmaqda davam edəcək. Amma hara qədər? – Əsas sual bax, budur.

Tariyel
AzVision.az




Teqlər:  





Xəbər lenti