XXI əsrin ən uğursuz 5 smartfonu

   XXI əsrin    ən uğursuz    5 smartfonu
  02 Sentyabr 2021    Oxunub:3392
Tərəqqi heç vaxt yerində durmur. Yeni ideyalar yaranır, cəhdlər edilir, kimsə zamanı yaxalayır, başqası isə əksinə, fürsəti əldən qaçırır. Zamanın ruhunu duya bilməyənlər uduzurlar.
Adətən bizə uğur qazananların hekayələrini danışırlar. Halbuki, əks tərəfdə olanların tarixçələri daha maraqlıdır. Çünki onların buraxdıqları səhvlər daha ibrətamizdir. Uğuru hərə bir cür qazanır, uğursuzluq isə demək olar ki, hamını eyni cür yaxalayır.

1. Project Ara

Google şirkətinin bu layihəsi çox böyük maraq doğururdu. Smartfon polad çərçivənin içində bir-birinə taxılan modullardan ibarət olmalı idi. Alıcı özü smartfonunu istədiyi modullardan yığa biləcəkdi. Ucuz smartfon alıb, tədricən onu bahalıya çevirmək də mümkün olmalı idi. Məsələn, sizin telefonda olmayan hansısa modulu (tutaq ki, blutuz) ayrıca alıb, qoşmaq mümkün olacaqdı.


İdeya son dərəcə maraqlı görünürdü. Amma nəyə görəsə, Google onu axıra çatdırmadı. 2014-cü ildə layihə yavaş-yavaş canını tapşırdı.

2. Vertu Constellation

“Nokia”nın 90-cı illərin sonunda yaradılan xüsusi bölməsi “Vertu” adı ilə bahalı telefonlar buraxırdı. Əvvəlcə bu aparatlara təlabat vardı, o, sahibinin statusunu vurğulayan brend əşya sayılırdı. Həmin illərdə smartfonların funksiyaları çox deyildi və “Vertu”nun imkanları yüksək texnoloji flaqman modellərdən elə də fərqlənmirdi.


Amma “iPhone”un ortaya çıxması ilə hər şey dəyişdi. Məlum oldu ki, yüksək texnoloji funksionala malik smartfon da brend əşyaya çevrilə və sahibinin statusunu vurğulaya bilər. Beləcə, “Vertu”nun bazarı bağlanmağa başladı. Son nəfəs kimi buraxılan “Vertu Constellation” modeli brendi ya xilas etməli, ya da birdəfəlik batırmalı idi. Məlum oldu ki, heç kim bu aparata 5000 avro vermək istəmir və beləcə, ikinci variant reallaşdı: “Vertu”nun kitabı bağlandı.

3. BlackBerry Storm

Kanadanın RIM (Research In Motion) şirkəti yeni əsrə pis başlamamışdı. QWERTY-klaviaturaya malik BlackBerry telefonları klassik klaviaturadan qat-qat rahat idi. Burada sürətlə yazmaq, internetə girmək olurdu. Bir ara RIM dünyada ən sürətlə böyüyən şirkətə çevrilərək, 10 ildə 50 milyon smartfon sata bilmişdi.


Amma 2007-ci ildə iPhone bazara girəndən və sensorlu ekranları standarta çevirəndən sonra hər şey dəyişdi. Kanadalılar bazardakı yerlərini qorumaq üçün tələm-tələsik sensor ekranlı aparatlarını – “BlackBerry Storm”u buraxsalar da, o, iPhone ilə rəqabət apara biləcək səviyyədə deyildi. Normal əməliyyat sistemi yox idi, ləng işləyirdi. Bütün applikasiyalar “Apple”dakı analoqlarına uduzurdular. Beləcə, “Apple” RIM-in də başını yedi.

4. Facebook Phone

Bir halda ki, hamı smartfonunda səni işlədir, sən özün niyə smartfon buraxmayasan ki? Görünür, “Facebook”da belə düşünmüşdülər. Və HTC aparatlarına Android əməliyyat sistemi yükləyərək, 2013-cü ildə “özlərinin” smartfonlarını bazara təqdim etmişdilər.


Lakin darıxdırıcı dizayna malik ortabab smartfon alınmışdı. Analoqlarından yeganə fərqi “Facebook Home” qılafı idi: Telefonun əsas ekranında fb lenti əks olunurdu. Qiyməti cəmi 99 dollar olan bu aparatdan təxminən 20 minə yaxını satılmışdı.

5. Microsoft KIN

2010-cu ildə soft nəhəngi xüsusi olaraq sosial şəbəkə istifadəçiləri üçün smartfonlar buraxmaq qərarına gəlir. Şirkət elan etmişdi ki, bu aparatın əsas özəlliyi sosial şəbəkələrdə dərhal məlumat paylaşmaq imkanı olacaq. Sanki başqa aparatları işlədənlər sosial şəbəkədə paylaşım etmək üçün saatlarla əlləşməli olurdular. Belə mənasız reklam kampaniyası ilə ilk daşı qoyulan aparatın uğursuzluğa düçar olacağı aydın idi. Belə də oldu.


“Microsoft” məsələyə başqa tərəfdən yanaşaraq, smartfonun personal kompüter ilə inteqrasiyasına güc verə bilərdi. Amma qəribədir ki, şirkətin az qala hər kompüterdə olan əməliyyat sistemi onun telefonu ilə normal münasibət qura bilmirdi. Nəticədə “Microsoft KIN” ABŞ-da cəmisi 10 min ədəd satıldı, ABŞ-dan kənarda isə hətta satışa da çıxarılmadı.

Samir Quliyev
Azvision.az



Teqlər: Texnologiya   Smartfon  





Xəbər lenti