Bal kimi!.. Arıçılarımız Şuşada festival keçirmək istəyirlər

  Bal kimi!.. Arıçılarımız Şuşada festival keçirmək istəyirlər
  03 Sentyabr 2021    Oxunub:2324
Böyük arı təsərrüfatına malik arıçılar olaraq Şuşada bal festivalının keçirilməsi üçün Prezident İlham Əliyevə, Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişik.
Bu barədə Azvision.az -a müsahibəsində Azərbaycan Arıçılar Assosiasiyasının sədr müavini, arıçı Sabir Mustafayev deyib. O bildirib ki, Şuşa bal festivalına xarici ölkələrdən qonaqlar dəvət olunması ilə onu beynəlxalq tədbirə çevirmək mümkündür:

"Beləliklə, Azərbaycan balını tanıtmaq və ixracı etmək üçün yeni imkan yaranmış olar. Bakıda hər il keçirilən bal yarmarkası yenidən təşkil olunarsa, Arıçılar Assosiasiyası olaraq daim dəstək olarıq. Amma pandemiya ilə bağlı ola bilsin, bu il də yarmarka keçirilmədi".

Kəlbəcər balının brendləşdirilərək xaricə satılmasına gəlincə, S. Mustafayev bunun üçün bir neçə arıçı təsərrüfatının birləşməsinin vacib olduğunu deyib:

"Xarici ölkəyə bal ixracı 5-10 tonla alınmaz. Bir neçə arıçı birləşməlidir ki, məhsulun müəyyən hissəsi xaricə ixrac edilsin, qalanı da daxili təlabatı ödəsin. Sabah kimsə bal istəsə və olmasa, rüsvay olarıq. Azərbaycanın, xüsusilə Kəlbəcərin balı başqadır. Balın ixracı üçün İqtisadiyyat Nazirliyinə də müraciət etmək niyyətindəyik. Eyni zamanda Azərbaycan Arıçılar Assosiasiyası vasitəsilə müəyyən zonaların ballarını birləşdirib brend altında sata bilərik. Hazırda ölkədə Kəlbəcər balı və Qaratikan balı çox məşhurdur. Kəmiyyət və keyfiyyət baxımından bu ballardan nəsə hasil etmək mümkündür".

Kəlbəcərdə 200 arı ailəsini yerləşdirən arıçı bu il 3 dəfə süzmə etdiklərini və 10 tona yaxın məhsul götürdüklərini deyib. O bildirib ki, bu, Azərbaycan üçün rekord rəqəmdir:

"Məhsulumuzun yarısını satmışıq. Kəlbəcər balının sorağı çıxandan sonra təlabat artıb və istəyənlər hələ də var. Ümumiyyətlə, pandemiyadan sonra bala təlabat kəskin artıb. Eyni zamanda bizdən topdan bal alıb, onu brendləşdirib, bazarda satanlar da var".

Aytən Zəhra
Azvision.az



Teqlər: Arı   Yarmarka   Festival  





Xəbər lenti