This is parta! Təhsil axarına qayıdır, yaxud salam, məktəb!

  This is parta!  Təhsil axarına qayıdır, yaxud  salam, məktəb!
  07 Sentyabr 2021    Oxunub:2949
Yeni tədris ilinin ənənəvi formada başlayacağı ilə bağlı əvvəlcədən ilkin proqnozlar verilsə də, konkret qərar bildirilməmişdi. 15 sentyabra az qaldığı üçün artıq bəzi düzgün olmayan məlumatlar yayılmağa başlamışdı. Bütün bu məlumatlara aydınlıq gətirmək və Azərbaycanda 2021-2022-ci tədris ilinin necə təşkil olunacağını açıqlamaq üçün təhsil naziri Emin Əmrullayevin keçirdiyi brifinq günün tələbinə çevrilmişdi.

Beləliklə, rəsmi səviyyədə təsdiqləndi ki, Azərbaycanda növbəti tədris ili ənənəvi qaydada bərpa olunur. Lakin ölkədə yoluxma sayı hələ yüksək olduğu üçün dərslər hər zaman olduğu kimi, 15 sentyabrda başlamayacaq. Belə ki, I-IV siniflər məktəbə 22 sentyabrdan , V və XI siniflər isə 29 sentyabrdan gedəcəklər.

Emin Əmrullayev bildirib ki, hazırda ölkədə gündəlik yoluxanların təxminən 2 faizi şagird, 8 faizi isə təhsil işçiləridir: "Beləliklə, məktəbə gələnlərin 10 faizi gündəlik olaraq koronavirusa yoluxur ki, bu da 300 nəfər deməkdir. Biz dərsləri 15 sentyabrda açıb, sonra yoluxma çox olduğu üçün distant tədrisə keçirmək istəmirik. Buna görə tədris ilinin başlanması dövrü bir qədər uzadıldı. Bu dövr isə uşaqların noyabr tətili ilə kompensasiya edilə bilər".


Şagirdlər pandemiyadan əvvəlki tədris ilində olduğu kimi, həftədə 5 dəfə, bəzi məktəblərdə isə 6 dəfə dərsə gedəcəklər. Amma şənbə və bazar günləri ölkədə ictimai nəqliyyat işləmir. "Bəs şagirdlər şənbə günü necə məktəbə gedəcəklər?" sualı hər birimizi maraqlandırır. Nazir qeyd edib ki, bununla bağlı həmin məktəblər arasında sorğu keçirilib: “Cavablardan bunun ciddi problem olmadığı görünür. Bir çox hallarda kənarlarda olan məktəblərimizə uşaqlar ictimai nəqliyyatla getmirlər, onların əksəriyyəti həmin icmanın ətrafında yaşayan insanlardır”.

Ənənəvi tədrisdə şagirdlərin dərsə getməsi pandemiyadan əvvəlki dövrdə olduğu kimi qalacaq. Nazir deyib ki, siniflərdə sıxlıq da o qədər deyil ki, şagirdlər qruplara bölünsün: "Ötən il məktəblərimizdə 85 626 sinif olub. Onların 57 faizindən çoxunda, yəni 49 minində hər sinfə düşən şagird sayı 20-dən azdır. Digər 23 faiz məktəbdə 21-25 nəfər təhsil alır. 40 nəfər və daha çox şagirdin olduğu sinif sayı 311-dir. Bu da bütün siniflərin 0,4 faizini təşkil edir. Bu rəqəm az olduğu üçün düşünmürəm ki, yoluxma sayına ciddi təsir etsin".


Eyni zamanda, 29 sentyabr tarixindən ali təhsil, peşə təhsili və orta ixtisas təhsili müəssisələrində tədris bərpa olunacaq. Yalnız tələbələrin hər biri koronavirusa qarşı peyvənd olunmalı və ya əks göstəriş sertifikatı təqdim etməlidir. Nazir bildirib ki, tələbələrə mühazirələrin necə keçilməsi isə müzakirə edilir: "Geniş auditoriyalarda mühazirələrin keçirməsinin əleyhinəyik. Məsələn, qrupda 100 nəfər varsa, auditoriyada ən çox 50 nəfərə mühazirə deyilməlidir. Bunun necə tənzimlənəcəyi və digər təşkilati məsələlərlə bağlı qaydalar hazırlanacaq və təqdim olunacaq".

Ənənəvi tədrisin uğurlu keçməsi və dayanmaması üçün təhsil işçilərinin vaksinasiyası da önəmlidir. Artıq təhsil işçilərinin 82 faizi peyvənd olunub:
- 18 yaşdan yuxarı tələbə və digər təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks göstərişlə bağlı sənəd təqdim etməlidir. Bu barədə güzəşt olmayacaq. Bu müəllimlərə də aiddir. Çox sayda müəllim var ki, vaksinasiyadan imtina edirlər. Tibbi və sağlamlıq nöqteyi nəzərdən bu, vacibdir, deyə nazir xüsusi vurğulayıb.


Cəmiyyəti maraqlandıran digər sual məktəbdə şagird və müəllimlər arasında  yoluxma sayı artarsa, distant təhsilə keçilib-keçilməməyilə bağlıdır.
Azərbaycanda pandemiya bitməyib. Vaksinləmə faizləri artdıqca vəziyyət yaxşıya doğru dəyişməlidir. Amma hansısa məktəbdə və ya ali təhsil müəssisəsində yoluxma ocaqları təbii ki, yaranacaq. Nazir bildirib ki, bu zaman ayrı-ayrı məktəblər üzərindən həmin yerə uyğun qərarlar veriləcək. Bu qərar tək Nazirlik tərəfindən deyil, epidemioloqlarla birlikdə qəbul olunacaq. Məsələn, bir şagird 13 nəfərlə ünsiyyətdə olursa, daha məhdud qapanmağa gedilməsinin tərəfdarı olunacaq, nəinki bütün məktəbin bağlanmasının.

Pandemiya dövründə məktəbdaxili qiymətləndirmələr ya olmadı, ya da onlayn keçirildi. Nəticələr də elə pandemiya qaydalarına uyğun oldu. Kompüter arxasında valideynin köməyi ilə əldə edilən "uğurla" uzağa gedilə bilinməzdi. Artıq ənənəvi tədrisə uyğun məktəbdaxili qiymətləndirmələr keçiriləcək. Bununla bağlı təlimatlar hazırlanıb və müəllimlərə göndəriləcək. Bu dəfə şagirdlərin qiymətləndirilən biliyi daha real olacaq.


Məktəbli formaları ilə bağlı dəyişiklik yoxdur. Uşaqlar əvvəlki formalarla məktəbə gedə bilərlər. Yeni forma ilə bağlı qaydalar hazırlansa da, hələ qəbul edilməyib. Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqubova bildirib ki, məktəbli formaları təsdiq olunsa belə, mövcud forma bir müddət qüvvədə qalacaq. Yeni formaya keçid tədricən aparılacaq.

Dərslərin bərpası xəbərindən öncə övladı təhsil alan valideynlərdən COVID pasportunun tələb olunması xəbəri yayılmışdı. Emin Əmrullayev isə brifinqdə bildirdi ki, Təhsil Nazirliyi belə tələb qoymayıb. Lakin valideyn məktəbə daxil olacaqsa, onun pasportu olsa daha yaxşıdır.

Bəs şagirdlər maska taxacaqlarmı? Belə bir məcburiyyət yoxdur. Şagirdin maska taxması valideynin öhdəliyinə buraxılır. Amma valideynlər məktəb qarşısında övladını yola salarkən qaydalara riayət etmirlər. Bu isə Təhsil Nazirliyini narahat edən məsələdir. Çünki qaydalara riayət edilmədən, məsafə gözlənilmədən sıxlıq yaradılması yoluxma sayına mənfi təsir göstərə bilər.
Nazir müşaviri Rüstəm Xəlilov bu məsələ ilə bağlı valideynlərə müraciət edib bildirib ki, əgər evdə koronavirusa yoluxan varsa, şagird məktəbə göndərilməsin.



Pandemiyaya görə il yarımdır təxirə salınan müəllimlərin sertifikasiya da bu il keçiriləcək. Dəqiq vaxt bəlli olmasa da, bu, yaxın zamanlar üçün nəzərdə tutulur. Amma bu haqda məlumat əvvəlcədən müəllimlərə bildiriləcək.

Beləliklə, 22 sentyabrdan ənənəvi tədrisə başlayırıq. Ümid edirik ki, övladlarımız bu tədris ilini ənənəvi qaydada başa vuracaq, biliyini zənginləşdirəcək. Koronavirusun hələ uzun müddət bizimlə olacağı deyilir. Vaksinləşərək, bu bəlaya qalib gələk ki, şagirdlərimizi keyfiyyətli təhsildən uzaqlaşdırmayaq.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Məktəb  





Xəbər lenti