Özbəkistanda ABŞ hərbi bazası qurulacaqmı? - Özbək politoloqla müsahibə

Özbəkistanda ABŞ hərbi bazası qurulacaqmı? -  Özbək politoloqla müsahibə
  15 Oktyabr 2021    Oxunub:2542
"Qanunvericilik Özbəkistan ərazisində xarici bazaların qurulmasına icazə vermir. Lakin əvvəllər, Kərimov hakimiyyətinin 2001-2005-ci illərində bizdə belə bir təcrübə olub və Əfqanıstanda keçirilən hərbi əməliyyatlara qeyri-hərbi aspektlərdə kömək məqsədilə Özbəkistanın cənubunda Amerika hərbi bazası yerləşdirilib. Həmin baza 5 il fəaliyyət göstərəndən sonra Özbəkistanın tələbilə bağlanaraq, ölkədən çıxarılıb. Situasiyadan çox şey asılıdır. Əgər hüquqi baxımdan dəqiq əsaslandırsaq, izah etsək və müvafiq müqavilə tərtib etsək, onda Amerika kontingentinin yerləşdirilməsi haqda qərara da gəlmək olar".
Bu sözləri AzvVsion.az-a müsahibəsində Özbəkistanın “Bilik karvanı” qeyri-hökümət elmi müəssisəsinin direktoru, özbək politoloq Fərhad Talıbov deyib. Onun fikrincə, ABŞ Özbəkistanda kiçik və müvəqqəti kontingentlər də yerləşdirə bilər:

- Bu cür qərarlar qanunvericiliyə zidd deyil, ancaq hər şey yenə də onların məqsədlərinin nə olmasından asılıdır. Hələ ki bu səviyyədə müzakirələr aparılmayıb, təkcə qanunlarımızın xarici hərbi bazaları ərazimizdə yerləşdirməyə yol vermədiyi ilə kifayətləniblər.

- Qazaxıstanın xarici işlər naziri Pentaqonun mərkəzi komandanlığının başçısı Kennet Makkenzi ilə görüş keçirib. Vaşinqtonun nümayəndəsi Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistan nümayəndələrinin iştirak etdiyi Cənubi və Mərkəzi Asiya ölkələrinin baş qərargah rəislərinin birgə iclasına da qatılıb. Makkenzinin Mərkəzi Asiyaya səfərinin məqsədi nədir? Bu görüşlərin arxasında nə dayanır? ABŞ Əfqanıstandan çıxandan sonra Mərkəzi Asiyada hansı planlar qurur? O öz mövqeyini necə saxlayacaq və qaçqınlar problemini həll etmək niyyəti varmı?

- Müdafiə nazirlərinin Makkenzi ilə görüşləri haqqında danışarkən güman etmək olar ki, ABŞ hər halda öz kontingentini hər hansı şəkildə yerləşdirmək haqqında fikir yaratmağa çalışır. Çünki son məlumatlardan bilirik ki, Putin ABŞ-a onların Qırğızıstandakı hərbi bazalarının infrastrukturundan Əfqanıstandakı proseslərdə birgə istifadə etməyi təklif edib. Ancaq Putinin bu təklifindən əvvəl Əfqanıstandan çıxarılan bəzi hərbi hissələrin yerləşdirilməsi rəsmi yox, ekspertlər səviyyəsində müzakirə olunub. O zaman bəzi hissələrin Özbəkistan və Tacikistan ərazisində yerləşdirilməsi məsələsi vardı. Ancaq yenə də həm Rusiya, həm də Özbəkistanın rəsmi dairələri müvafiq reaksiya verdilər və izah etdilər ki, məsələ hələ öyrənilir, çünki bizim yerləşdirməmə haqqında qanunvericiliyimiz var. Fəqət qanunvericiliyə zidd olmayan qərar da qəbul etmək olar. Əlbəttə, hərbçilərin bu görüşü təsadüfi deyilsə. ABŞ-ın Əfqanıstanda situasiyanın tezliklə sabitləşməyəcəyini, əksinə, daha da kəskinləşəcəyini bilərək, bəzi kontingentləri Mərkəzi Asiya ərazisindı yerləşdirməyə çalışması ilə bağlı fərziyyə, əlbəttə, ağlabatandır. Dünya ictimaiyyəti hələ ki Əfqanıstana həyəcanla baxır. Daha bir gizli məsələ olduğunu düşünürəm, ancaq bu yalnız fərziyyədir. Bayden, yəqin ki, nüfuzunun və reputasiyasının ciddi şəkildə zədələndiyini anlayır, qoşunları Əfqanıstandan bu cür yöndəmsiz şəkildə çıxardığına görə, artıq öz partiyasında da hörmətdən düşüb. Bu mənada həmin təəssüratı aradan qaldırmaq, imicini yüksəltmək üçün Əfqanıstanda və bütövlükdə regionda sülh və təhlükəsizliyin bərqərar olmasına müəyyən təsir göstərmək istəyir.
Onu da əlavə etmək istərdim ki, əgər belə demək mümkündürsə, ABŞ-ın Silah Qüvvələrinin mərkəzi komandanlığı başçısının bu missiyası bütövlükdə özünəməxsus siyasi mesajdır. Dünya ictimaiyyətinə və hər kəsdən öncə MA ölkələrinə ünvanlanan bu messeclə ABŞ demək istəyir ki, hər hansı təhlükələr yaranacağı təqdirdə kömək göstərməyə hazırdır. Hərbi əməkdaşlığın ciddi siyasi addım olduğu hər kəsə məlumdur. Bu o deməkdir ki, ABŞ Əfqanıstanı taleyin ümidinə buraxmayıb və təhlükələrin artması müşahidə olunarsa, əlindən gələn yardımı əsirgəməyəcək.

- Bəzi ekspertlər Əfqanıstanda gedən yeni proseslər fonunda Özbəkistanın KTMT-yə üzvlüyünü bərpa edə biləcəyindən danışırlar. Məsələ gündəmdədirmi?

- Özbəkistanda hərbi bazaların yerləşdirilməsindən söhbət düşəndə, xüsusilə də, bu məsələ Rusiya siyasi dairələrində səslənəndə çox zaman Özbəkistan qanunvericiliyinin buna icazə vermədiyini yada salırlar. Eyni şeyi Özbəkistanın KTMT-yə qəbulu haqda da söyləmək olar, çünki bu məntiqlə biz Özbəkistanın xarici siyasət və müdafiə doktrinasını da xatırlamalıyıq. Orada Özbəkistanın hərbi-siyasi bloklara qoşulmaması yazılıb. Hələ ki Özbəkistan qanunvericiliyi onun hərbi-siyasi bloklara, o cümlədən KTMT-yə qoşulmasına yol vermir. Bundan başqa, bu cür bloklarda iştirak etmək üçün regionda ciddi dəyişikliklər olmalı, Özbəkistanın bu təhlükələri öz gücünə dəf etmək imkanları olmamalıdır. Məncə, bu əlamətlər hələlik yoxdur.
Üçüncü bir izah da var: KTMT kollektiv təşkilat adlansa da, hələlik bizə elə gəlir ki, hər hansı əməliyyatda güc tətbiq etmək lazım gələndə real olaraq kollektiv əməliyyat keçirməyəcək və onun üzvləri öz kontingentlərini regiona göndərməyəcəklər. Yalnız Rusiya qüvvələri fəal olacaq, çünki KTMT bu mənada sırf Rusiyanın yürütdüyü siyasəti pərdələyən çərçivə təşkilatıdır.

- Əfqanıstanda baş verən son hadisələrdə KTMT-yə hansı rol veriləcək? Regiondakı son hadisələri nəzərə alanda KTMT-nin gələcəyi necə görünür? Digər ölkələr də bu bloka qoşula bilərmi?

- KTMT-nin mexanizmi işə düşsə və tətbiq olunsa belə, bu Tacikistan ərazisində olacaq, çünki bu ölkə blokun üzvüdür. Məlum olduğu kimi, hazırda KTMT-nin təlimləri keçirilir. Bu da cənubdən gələcək təhlükələrə, potensial pozuculara verilən siyasi siqnaldır. Yəni KTMT Tacikistanı tam müdafiə edəcək. Taliblərin bir neçə min yaraqlını Tacikistan sərhədinə yığması qeyri-dost addımı, artan təhlükə kimi qiymətləndirilib və buna cavab olaraq, KTMT təlimlər keçirərək, göstərdi ki, hadisələri diqqətlə izləyir.

- “Taliban” hərəkatı ilk dəfədir ki, Tacikistan əleyhinə təhdidlərlə çıxış edir. Buna Tacikistan hakimiyyətinin Pəncşirdəki özünümüdafiə dəstələrinə sözdə dəstək verməsi səbəb oldu. Taliblər Tacikistan və digər Mərkəzi Asiya ölkələri üçün hansı təhlükələr yarada bilər?

- Taliblər öz qüvvələrini Tacikistan sərhədinə toplayanda bunu onların Əfqanıstanın daxili işinə qarışması, Pəncşirdə əsasən taciklərdən ibarət müqavimət hərəkatını dəstəkləmələrilə izah etdilər. Ancaq bu, situasiyanın o qədər də düzgün izahı deyildi, çünki Tacikistan Əfqanıstanı qətiyyən hədələmir və hansısa əməliyyatlarda birbaşa, fiziki iştiraka hazırlaşmır. Odur ki, Tacikistan rəhbərliyi “Talıban”ın ünvanına hər hansı bəyanatlar səsləndirsə də, bu bəyanatlar taliblərin xoşuna gəlməsə də, qeyd etmək lazımdır ki, bu cür bəyanatları bir qədər başqa formada olsa da, başqa liderlər də səsləndirmişdilər. İmaməli Rəhmanın bəyanatının mahiyyəti bəllidir, o, inkluziv hökümət yaradılmasını, bu hökümətdə digər millətlərin də təmsil olunmasını istəyir. Belə bir hökuməti tanıya da bilər. Yəni Tacikistan taliblərdən tam üz döndərmir, onlarla işləməyə hazırdır, ancaq bu şərtlər yerinə yetirildikdən sonra. Tacikistanın tənqidi münasibəti Əfqanıstanın daxili işlərinə qarışmaq deyil. Odur ki, "Taliban"ın bu reaksiyası son dərəcə qeyri-dostyana oldu.

- Moskva AİB-də (Avrasiya İqtisadi Birliyi) müşahidəçi olan Daşkəndi tam üzv olmağa tələsdirmir. Bunu Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, təşkilatın tam hüquqlu üzvü statusunu almaq Özbəkistanın öz səlahiyyətindədir. Bu məsələ ilə bağlı vəziyyət necədir? Özbəkistanın AİB-də iştirakının mənfi-müsbət tərəfləri haqda hər hansı məsləhətləşmələr, yaxud danışıqlar aparılırmı?

- Özbəkistanın AİB-ə üzvlüyü ilə bağlı onu deyə bilərm ki, bu məsələ hələ gündəlikdə deyil, çünki Özbəkistan ötən ilin dekabrında müşahidəçi olub. Müşahidəçi statusu, yəqin ki, bir müddət, bəlkə də, illərlə davam edəcək. Ona görə də, bu indi o qədər də aktual deyil. İkinci səbəb odur ki, Özbəkistan hazırda bu prosesi sürətləndirə bilməz. Çünki bir çox MA ekspertlərinin göstərdiyi bir element var: AİB-in siyasiləşdrilməsi sırf Rusiyanın siyasi ixtirasıdır, yəni AİB müstəsna olaraq Rusiyanın maraqlarına xidmət edir, qətiyyən simmetrik, bərabər üzvlərin qurumu deyil. Bir çox Qazaxıstan və Qırğızıstan ekspertləri Qazaxıstanın bu quruma üzvlüyündən uduzduğunu, qazaxların peşman olduğunu bildirirlər. Odur ki, böyrümüzdə Qazaxıstan və Qırğızıstanın mənfi reaksiyasını gördükdən sonra Özbəkistanın AİB-ə daxil olmaq prosesini sürətləndirməyə tələsməyəcək. Bu səbəbdən hələlik Özbəkistanın yaxın vaxtlarda AİB-ə üzv olacağından danışa bilmərik.

Cavad Muradov
Nadir Quliyev

Azvision.az


Teqlər: Özbəkistan   ABŞ-bazaları   KTMT  





Xəbər lenti