"Müharibə riski qalır, amma ehtimal azdır" - Aleksandr Sobyanin (Müsahibə)

 "Müharibə riski qalır, amma ehtimal azdır" -  Aleksandr Sobyanin (Müsahibə)
  19 Oktyabr 2021    Oxunub:2425
"Taliblərin Kabildə hakimiyyətə gəlişi Pakistan və ABŞ kəşfiyyatlarının birgə xüsusi əməliyyatı nəticəsində əvvəlcədən razılaşdırılmış xüsusi ssenari idi. Bu, oyun deyildi. Məqsəd qırıcılar, vertolyotlar, tanklar, zurehli texnika da daxil, bütün silahları onlara qoymaq idi. Amerika qoşunlarının oradan getməsi Mərkəzi və Cənubi Asiyada geopolitik məkanın tam transfortmasiyasına gətirib çıxardı". Bu sözləri AzVision.az-a müsahibəsində Moskvadakı Avrasiya İnteqrasiyasına Yardım Fondunun rəhbəri Aleksandr Sobyanin deyib.
O bildirib ki, “Taliban”ın müvəqqəti qələbəsi özünü əvvəllər oyunçu sayanların hamısına problem yaratdı və onları oyundan çıxardı. Fransa və Almaniya praktiki olaraq kənarda qaldılar. Türkmənistan, Tacikistan, Özbəkistan, Qırğızıstan və Rusiya üçün çox ciddi problemlər yarandı. İran və Çin üçün də həmçinin. Pakistanın özünü ciddi qeyri-sabitlik gözləyir:

- Pakistanın indiki taliblərə böyüklük edən hərbi rəhbərliyi və kəşfiyyatı üçün iki mövqe son dərəcə vacib idi. Amma onlara nail olunmayıb və olunub-olunmayacağı da bəlli deyil. Əsas hədəf Kabil hökümətinin tanınması, dünya ictimaiyyətinin onu qəbul etməsidir. Ancaq bununla bağlı ciddi problemlər var. Kabildəki Dürand xətti (Britaniyalıların hələ 19-cu əsrin sonunda çəkdikləri 2670 kilometrlik mübahisəli sərhəd xətti – red.) puştunların yaşadığı ərazini ikiyə bölür. Onun bir hissəsi hazırda Pakistana, digər hissəsi də Əfqanıstana düşür. Bu məsələ hələlik həllini tapmayıb. İkinci məsələ puştun millətçiliyini Pakistandan Əfqanıstana keçirməkdir. Ancaq bu məsələ də həllini tapmır, çünki Pakistan “Taliban”ı əfqan “Taliban”ından fərqli olaraq, puştun milli hərəkatı deyil, beynəlxalq islam hərəkatı olduğunu bəyan edir.
İran və Çin Sovet kontingentinin Əfqanıstan Demokratik Respublikasında 10 illik mövcudluğu dövründə olduğu kimi, xəzəriləri dəstəkləyəcəklər. Eyni zamanda, Çin indiki “Taliban” hökümətinin əsas dostlarından biri olmağa çalışacaq. Ancaq bunun ciddi əhəmiyyəti olmayacaq, çünki Əfqanıstanda öz iqtisadi maraqlarını təmin etmək üçün Çinin ziddiyyətlər üzərində oynamaq üçün ciddi imkanları yoxdur. Söhbət puştunlardan, taciklərdən, özbəklərdən, tatarlardan və digərlərindən getmir. Söhbət məhz puştunlar arasındakı ziddiyyətlərdən gedir. Çünki indiki əfqan “Taliban” höküməti mahiyyətcə hətta əfqan taliblərini də deyil, daha çox Həqqani şəbəkəsini təmsil edir. Puştunların (hətta Əfqanıstan puştunlarının da) yarıdan çoxu hakimiyyətdə iştirak etmirlər. Hakimiyyət üçün yaxşı hal odur ki, onlar hələ taciklər və xəzərilər kimi əllərinə silah götürməyiblər.

- Mərkəzi Asiya ölkələrinin “Taliban”a münasibəti necədir və onların mövqeyi Moskvanın Əfqanıstanın yeni hökümətinə qarşı yürütdüyü siyasətlə üst-üstə düşürmü?
- Ən yumşaq mövqeyi Özbəkistan sərgiləyir – müəyyən müsbət addımlar atır, danışıqlar aparır, iqtisadi əməkdaşlığa hazır olduğunu bildirir. Bu, Daşkəndin mövqeyi olsa da, həm də Rusiyanın Kabildəki səfiri Dmitri Jirnovun açıqlamalarından gördüyümüz kimi, Moskvanın mövqeyinin bir hissəsidir. Düşənbənin və şəxsən Tacikistan prezidentinin mövqeyi Pəncşirdə yaşayan Əfqanıstan taciklərinə tam dəstəklə ifadə edilir. Düşənbə Tacikistandan Pəncşir vadisinə quru yolu açılması təklifilə çıxış edir. Bu da Moskvanın mövqeyidir, çünki 201-ci Rusiya bazasının və bütövlükdə Rusiya silahlı qüvvələrinin razılığı və iştirakı olmadan ciddi hərbi dəstək mümkün deyil.
Qırğızıstanın mövqeyi də ortadadır. Bu ölkənin Təhlükəsizlik Şurası katibinin müavini yüksək vəzifəli xaricilər arasında yeni hökümətin rəhbərləri ilə ilk görüşənlərdəndir. Ondan sonra beynəlxalq ictimaiyyət nümayəndələri, Ağa Xanın təmsilçiləri və başqaları getdilər. Ancaq hamıdan qabaq qırğızlar getdilər və humanitar yardım çatdırdılar, danışıqlar apardılar və bu da Moskvanın mövqeyini ifadə edir.

- İcazə verin, bizim regiona – Cənubi Qafqaqza keçək. İranın Azərbaycana qarşı aqressiyasının artdığı şəraitdə Rusiya sülhməramlılarının da bölgədə varlığını nəzərə alsaq, hadisələr necə inkişaf edə bilər? Regionu və Azərbaycanı hansı yeniliklər gözləyir?
- 2020-ci ilin payızındakı müharibə Azərbaycan üçün iki səbəbdən sürətli və qalibiyyətli oldu. Birincisi, Bakının özünü 2016-cı ilə nisbətən daha ciddi aparması, ikincisi də, 2016-cı ilin hərbi əməliyyatlarından keçən 5 il ərzində erməni silahlı qüvvələrinin hərbi hazırlığını itirməsi. Ermənistan Respublikasının anti-Rusiya və anti-Putin ritorikası, bir də İrəvanın Dağlıq Qarabağın müstəqilliyini tanımaqdan qəti imtina etməsi də qeyd olunmalıdır. Halbuki, bu hər hansı hüquqi əsas verə bilərdi. Erməni tərəf bunu prinsipial olaraq etmədi, çünki əsas məqsədi Moskvanı Ermənistandan çıxarmaq və NATO-ya tərəf getmək idi.
İkinci səbəb Azərvaycan silahlı qüvvələrinin yüksək döyüş hazırlığı oldu. Biz İsrail və Böyük Britaniyanın çoxsaylı texniki mütəxəssislərinin və kəşfiyyatının iştirakı ilə türk və Azərbaycan hərbçilərinin çox güclü, ştatlı planını gördük. Azərbaycanın, Türkiyənin, İsrailin və Böyük Britaniyanın silahlı qüvvələrinin və xüsusi xidmətlərinin nizamlı və sistemli fəaliyyəti sarsıdıcı qələbəylə bitən ciddi nəticə verdi, Şuşa şəhərinin alınması çoxları üçün gözlənilməz hadisə oldu.
Qarabağla bağlı üçtərəfli razılaşma - bütün tərəflərin Dağlıq Qarabağı Azərbaycanın tərkibində tanıması faktıdır. Odur ki, Xankəndinə yeridilən Rusiya sülhməramlı qüvvələri Dağlıq Qarabağın müstəqilliyini yox, Azərbaycan Respublikasında yaşayan erməni icmasını qoruyurlar. 2020-ci ildən başlayaraq əvvəlki formatlar və Minsk razılaşmaları aktuallıqlarını itirir, çünki Azərbaycan, Rusiya və Ermənistan liderlərinin müharibənin nəticələrini tanımaqla bağlı imzaları var.

- Gəlin, bir az da İran haqqında danışaq. Bakı ilə Tehranın münasibətləri xeyli kəskinləşib. İran Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirdi. Münasibətlərin gərginləşməsinin səbəblərini nədə görürsünüz?
- Tehran düşünürdü ki, NATO ölkələri – Türkiyənin və digərləri Azərbaycan ərazisində İranın atom, raket sənayesinə ağır zərbələrə endirə biləcək bombardmançı təyyarələr yerləşdirə bilərlər. Nəticədə Azərbaycanla İran arasında Türkiyə, Rusiya və Ermənistanın da cəlb olunmasıyla müharibə ehtimalı istənilən halda günümüzün reallığına çevrildi.

- İkinci Qarabağ müharibəsindən sonra əsas oyunçular olan Rusiya və Türkiyənin Cənubi Qafqazdakı situasiyaya təsir imkanları necə dəyişdi?
- 2020-ci ilin Qarabağ müharibəsindən sonra Rusiyanın Qafqazdakı mövqeyi xeyli zəiflədi, Türkiyənin mövqeti isə qəfil artdı. Türkiyənin “bir millət, iki dövlət” ritorikası altında Azərbaycanı kiçik tərəfdaşına çevirmək imkanları reallaşdı. Bununla belə, İlham Əliyev ilə Vladimir Putinin münasibətləri etibarlı olaraq qalır, çünki hər iki lider heç vaxt bir-birini aldatmayıblar. Bu mənada Cənubi Qafqazda qüvvələr nisbətinin kəskin dəyişəcəyini düşünmürəm. İran böyük müharibəyə hazır olsa da, Türkiyə və Azərbaycan bunu istəmirlər. Bununla belə, nə Türkiyənin, nə Azərbaycanın, nə İranın, nə Ermənistanla Rusiyanın, nə də heç vaxt heç kəsə hücum etməyən və etməyə hazırlaşmayan KTMT blokunun qüvvələr nisbətini dəyişmək üçün həlledici hərbi üstünlükləri var. Qüvvələr nisbəti sadəcə erməni aqressiv millətçiliyinin anti-Putin, anti-Rusiya ovqatı və Ermənistanın Avropaya doğru meyillənməsi nəticəsində dəyişdi, başqa heç bir səbəb yoxdur. Ancaq bu səbəblər böyük tarixi miqyasa malik deyil, situativ və müvəqqəti tarixi səbəblərdir. Müsbət hal yalnız Dağlıq Qarabağ məsələsinin gündəmdən çıxarılmasıdır, çünki Azərbaycan, Rusiya və Ermənistan Qarabağı öz imzaları ilə Azərbaycan Respublikasının tərkib hissəsi kimi tanıdılar. Rusiya Azərbaycan Respublikasının Dağlıq Qarabağ hissəsindəki erməni icmasını "hərbi təhlükəsizlik çətiri” altına aldı. Bundan sonra orada ciddi problemlər və bəlalar ola bilməz. Müharibə riski qalır, ancaq bu ehtimal azdır.

Hazırladılar:
Cavad Muradov
Nadir Quliyev

AzVision.az


Teqlər: Sobyanin   Müsahibə  





Xəbər lenti