Azərbaycanın “alüminium gəlirləri” artacaq – Ekspert
- Yada salım ki, 2018-ci ildə Donald Tramp “Amerika sənayesini qorumaq” adı altında ölkəyə polad və alüminium idxalına uyğun olaraq 25% və 10% əlavə tarif tətbiq etmiş, Avropa da ona eyni pul ilə qalıq qaytarmışdı. Nəticədə bu əlvan metalın qlobal bazar konyunkturası dəyişmiş, qiymətlər artmağa başlamışdı. İndi həmin siyasətdən imtina xəbərinə bazar dərhal qiymətin düşməsilə reaksiya versə də, düşünürəm ki, hər şey bu qədər sadə deyil. Məsələ ondadır ki, qlobal müharibə bitmir; sadəcə olaraq, ABŞ və AB öz aralarında sülh bağlayaraq, Çinə qarşı “cəbhə” açırlar,- ekspert bildirib.
Onun sözlərinə görə, hazırda Çin birmənalı olaraq dünya alüminium bazarının ən böyük oyunçusudur. Bayden G20 sammitində “ABŞ və Avropa öz bazarlarına çirkli metalları buraxmamalıdırlar” deyəndə məhz Çinə işarə vururdu. Vaşinqtion və Brüssel iddia edirlər ki, onlar ətraf mühitin mühafizəsi qaydalarını gözləməklə “təmiz” polad və alüminium istehsalına başlayacaqlar.
Bəs “çirkli” alüminium necə olur?
- Vaxt vardı, alüminium qızıldan qiymətli idi,- professor deyir, - Mendeleyevə çox qiymətli hədiyyə kimi alüminium parç bağışlanması əhvalatını orta məktəbdən hamımız xatırlayırıq. Yalnız elektroliz metodu kəşf olunandan sonra alüminiumun qiyməti ucuzlaşdı. O vaxtdan bəri çox şey dəyişməyib: Alüminium hələ də sənayedə elektroliz üsulu ilə alınır. Bunun üçün isə külli miqdarda elektrik lazımdır - Avropada son dərəcə bahalı olan və qiyməti getdikcə artan elektrik. Çində elektrik stansiyalarında hələ də kömür yandırırlar, Avropada isə fantastik qiymətə alınan qazdan əldə edilən elektriklə istehsal olunacaq alüminiumun qiymətinin bazarda rəqabətə necə dözəcəyini hətta təsəvvür eləmək də çətindir.
Ona görə də, dünya bazarında alüminiumun qiyməti ilk növbədə Çində kömürün qiymətilə müəyyən olunacaq. Son aylarda məhz Çində kömür azaldığı və bahalaşdığı üçün dünya bazarında bu əlvan metalın qiyməti 3200 dolları keçmişdi. Heç nəyə baxmayaraq, alüminium hələ də kifayət qədər enerjitutumlu metal olaraq qalır.
Ekspertin sözlərinə görə, əgər Çin özünün enerji, dolayısı ilə kömür problemini həll edə bilərsə, alüminiumun da qiyməti düşməkdə davam edəcək. Əks halda, yenidən əvvəlki səviyyələrə qayıdacaq, Vaşinqton ilə Brüsselin Pekinə qarşı başlatdıqları ticarət müharibəsi isə qiymətləri ancaq yuxarıya itələyəcək.
Bəs bu vəziyyət Azərbaycana nə vəd edir? Professor xatırladıb ki, cari ilin birinci yarısında ölkəmiz 72.8 milyon dollar dəyərində 30.5 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 5.7% artsa da, dəyəri 42% artıb. Bu da alüminiumun dünya bazarında qiymətinin bahalaşması ilə bağlı idi. Məhz bu səbəbdən əgər yanvar-iyul aralığında gəlirin artımı 42% olmuşdusa, yanvar-sentyabr diapazonunda 56% olub.
- Yüksək qiymətlər Azərbaycana bu istiqamətdəki ixrac potensialını daha geniş reallaşdırmaq üçün imkan yaradır. Bizim enerji resurslarımız imkan verir ki, ölkədə alüminium istehsalı Avropadan qat-qat sərfəli, Çindən isə qat-qat ekoloji olsun; yəni dünya bazarına heç kimin heç bir irad tuta bilməyəcəyi adekvat məhsul çıxara bilərik. Hazırda alüminium ölkənin qeyri-neft sektoru üzrə ixracında 5,38%, ümumi ixracında isə 0,71% təşkil edir. Bunu artırmaq olar və lazımdır. Gəncədə Almaniyanın "Achenbach Buschhutten" şirkətilə birgə müəssisənin yaradılması Avropa bazarına çıxmağımız üçün daha yaxşı imkanlar açacaq. Bu zavodun istehsal gücü illik 105 min ton təşkil edəcək. Beləliklə, ölkəmiz maraqlı və perspektivli bir bazarda daha vacib oyunçuya çevrilməyə başlayır,- ekspert vurğulayıb.
Teqlər: Alüminium