12-ci Qısa Filmlər Festivalının bağlanışı olub

12-ci Qısa Filmlər Festivalının bağlanışı olub
  24 Noyabr 2021    Oxunub:1172
Noyabrın 23-də Nizami Kino Mərkəzində 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış-mükafatlandırma mərasimi baş tutub.
“CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin 2004-cü ildə təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilib.

Mərasimdə çıxış edən Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov festivalın miqyasının hər il daha da genişləndiyini bildirib: “Festivallar hər bir ölkədə kinonun göstəricisidir. Bu baxımdan Bakı Beynəlxalq Qısa Filmlər Festivalının 12 il davamlı keçirilməsi çox təqdirəlayiq haldır”.

Daha sonra festivalın beynəlxalq və yerli müsabiqələri üzrə qaliblərin adları açıqlanıb. Festivalın əsas mükafatı olan Qızıl Nar” heykəlciyi Yerli müsabiqə də “Ən yaxşı sənədli film” nominasiyasının qalibi olan “Papanin” filminin rejissoru Türkan Hüseynovaya, “Ən yaxşı sosial çarx” nominasiyasında isə “Korona incəsənətə yardım” sosial çarxı ilə Cavid Səmədova təqdim edilib. Bu iki nominasiya üzrə qaliblərə ayrı-ayrılıqda 1000 AZN pul mükafatı verilib.

Festivalın dəstəkçilərindən biri Azərbaycan Prodüserlər Gildiyasının da öz mükafatını təqdim edib. Beləki, Gildiyanın qərarına əsasən “Ən yaxşı prodüser” nominasiyası üzrə qalib “Arzu” filminin prodüseri Rüfət Əlizadəyə seçilib. Qalibə diplom və 500 AZN pul mükafatını verilib.

Bu il festivala 72 ölkədən 3217 qısa film göndərilib. Bunlardan 82 film Yerli müsabiqəyə təqdim edilib.

Seçim Komissiyasının qərarına əsasən 18 ölkəni (İspaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, Belçika, İran, Rusiya, Portuqaliya və digərləri) təmsil edən 30 film festivalın beynəlxalq, 26 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb.

Beynəlxalq müsabiqədə yarışan filmləri tanınmış publisist, yazıçı, bir çox bədii, sənədli filmlərin ssenari müəllifi Orxan Fikrətoğlu, Avropa Kino Akademiyasının, Ukraynanın “Oskar” Komitəsinin üzvü, ukraynalı kinoprodüser Yuliya Sinkeviç, Belqrad Film Festivalının təsisçilərindən biri, müxtəlif festivallarda mükafat alan onlarla filmin prodüseri serbiyalı prodüser Miroslav Maqoroviç, beynəlxalq film festivallarının qalibi türkiyəli rejissor, ssenarist Erdem Tepegöz qiymətləndirib.

Yerli müsabiqənin münsiflər heyətində tərcüməçi, şair, mədəniyyət sahəsində də bir çox məqalə və esselərin müəllifi Səlim Babullaoğlu, Xalq artisti, yaratdığı bütün obrazlarda özünəməxsusluğu ilə seçilən aktrisa Mehriban Zəki, bir çox kinofestivalların iştirakçısı və qalibi kinorejissor Elməddin Alıyev yer alıb.

Festivalın builki film proqramı zənginliyi ilə diqqət çəkib. Beləki, tamaşaçılar beynəlxalq və yerli müsabiqədə yarışan filmlərdən əlavə müsabiqədənkənar ekran əsərlərini də izləyə biliblər.

“Bafta nominantları” proqramı British Council ilə əməkdaşlığın nəticəsində ərsəyə gəlib. İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən dünyanın ən məşhur mükafatı uğrunda 2020-2021-ci illərdə nominant və qalib olmuş dörd film yerli tamaşaçılara təqdim olundu.

“Dili bizim” proqramında Cənubi Azərbaycanda yaşayan azərbaycanlı rejissorların ana dilimizdə çəkdikləri filmlər göstərilib.

Panoram bölməsində müxtəlif illərdə mükafatlara layiq görülən dörd yerli film nümayiş olunub. “Qızıl Nar 2020” proqramında tamaşaçılar ötən il festivalın “Qızıl Nar” mükafatçılarının filmlərini izləmə şansına malik olublar.

Festival çərçivəsində yerli film müəlliflərinin və yaradıcı heyətin iştirakı ilə müzakirələr, türkiyəli rejissor Erdem Tepegözün “Müəllif kinosunda yeni tendensiyalar” mövzusunda söhbəti maraqla qarşılanıb. Xarici ölkələrin Azərbaycandakı səfirlikləri festivalın beynəlxalq müsabiqəsində yer alan filmlərlə maraqlanıb, nümayişlərdə iştirak ediblər.

Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü film festivalıdır.

Hər il dünyanın müxtəlif ölkələrindən göndərilən 2000-dən çox film arasından ən maraqlıları seçilərək festivalın proqramına daxil edilir.

Bakı BQFF ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.

Festivalın dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, Azərbaycan Prodüserlər Gildiyası, ÖZ FİLM şirkəti, British Council yer alır.

Space Teleradio şirkəti, AvtoFM, Trend İnformasiya Agentliyi, “Teleqraf Holdinq” , Kulis.az portalı, Mədəniyyət qəzeti, Kinobiz platformaları festivalın media tərəfdaşıdır.

12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri- SİYAHI
Beynəlxalq müasbiqə

“Münsiflər heyətinin xüsusi seçimi” – “Kuku” bədii filmi. Rejissor Svetlana Belorusova. Rusiya.
“Münsiflər heyətinin xüsusi mükafatı” – “Ruhun ruhu” sənədli filmi. Rejissor Hoze Martinez, Culieta Gəzrok. İspaniya.
“Ən yaxşı animasiya filmi rejissoru” - Mahsa Samani. “Habub” animasiya filmi. İran.
“Ən yaxşı animasiya filmi” - “Pərdəarxası” . Rejissor Vu Yen Şenq. Tayvan.
“Ən yaxşı sənədli film rejissoru” - Viyet Vu. “Əbədi bahar” filmi. Vyetnam.
“Ən yaxşı sənədli film” - “4000 səs”. Rejissor Kuiş Səccad. İraq.
“Ən yaxşı bədii film rejissoru” - Heydər Taştan. “Çingiz” filmi. Türkiyə.
“Ən yaxşı yaxşı bədii film”. “Daliya”. Rejissor Brusi Olason. İslandiya.

Yerli müsabiqə
“Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin diplomu - “28 may” bədii filmi Rejissor Elvin Əhmədoğlu.
“Ən yaxşı prodüser” - “Arzu” filminin prodüseri Rüfət Əlizadə
“Münsiflər heyətinin diplom”
“Mən Gəncəyəm” sənədli filmi. rejissor Ramil Ağasıyev.
“Mənim ailəm” sənədli filmi. rejissor Afaq Yusifli.
“Bir ovuc yumor və cansıxıcı kədər” sənədli filmi. Lalə Əliyeva.
“Xocalı nişanəsi” sosial çarxı. rejissor Elçin Elxanlı.
Münsiflər heyətinin xüsusi mükafatı
“Artıq” bədii filmi. Rejissor Fərid Hüseynov.
“+65” animasiya filmi. Rejissor Sevinc Quliyeva.
“Ən yaxşı ssenari” - “Qaldırın yelkənləri” bədii filmi. rejissor Səbinə Haqverdiyeva.
“Ən yaxşı sosial çarx” - “Korona-incəsənətə yardım”. rejissor Cavid Səmədov
“Ən yaxşı sənədli film”- “Papanin”. rejissor Türkan Hüseynova

AzVision.az



Teqlər:





Xəbər lenti