İlkin delimitasiya: Kilsəlidağ istiqamətində uğurlu döyüş əməliyyatları necə keçirilmişdi – FOTOLAR

      İlkin delimitasiya:    Kilsəlidağ istiqamətində uğurlu döyüş əməliyyatları necə keçirilmişdi –    FOTOLAR
  29 Dekabr 2021    Oxunub:7481
Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Ermənistanla dövlət sərhədi xəttinə yenidən dislokasiyası üzrə ildırım sürətli əməliyyata hazırlıq bu il noyabrın 13-14-də başlayıb və sözün əsl mənasında bir sutka ərzində həyata keçirilib.
Qaragöl və ətrafı Ordumuzun nəzarətində – FOTOLAR
Noyabrın 16-da sübh saatlarında əsgərlərimiz Şərqi-Göyçə silsiləsi prioritet yüksəkliklərinə çıxaraq, Qatarqaya (3008.5 m), Dəmirdağ (2900.9 m), Qumurdağ (3036.9 m) və Kömürdağ (3051.8 m) yüksəkliklərində, həmçinin silsilə boyunca digər bitişik strateji yüksəkliklərdə zastava qurmağa başladılar. Bununla Yuxarı Şorca və Aşağı Şorca kəndləri üzərində, eyni zamanda, Qərbi Azərbaycanın Daşkənd kəndi istiqamətdəki yeganə yolda vizual və atəş nəzarəti sahəsi genişləndirildi.


Kəlbəcər istiqamətində Silahlı Qüvvələrimizin nəzarətinə keçən digər strateji əhəmiyyətli yüksəkliklərdən Azad, Zərgərd, Zod və Nərimanlı kəndlərinə, həmçinin Basarkeçər-Zod (Vardenis-Sotk, ER) avtomobil yolunun 12 kilometrlik hissəsinə mənzərə açılır.


Azərbaycan Silahlı Qüvvələrinin bölmələri paralel olaraq dövlət sərhədinin şimal istiqamətində Şərqi Göyçə silsiləsini tutaraq, cinah istiqamətində kəskin manevrlə Kilsəlidağa (2794 m) çıxıb və Böyük İşıqlı dağ yüksəklikləri boyu irəliləyiblər. Bu əməliyyat o dərəcədə ustalıqla həyata keçirilib ki, ermənilərin dayaq məntəqələri çökəkliklərdəki yararsız ərazidə üzü dəniz səviyyəsindən 3181 metr hündürlükdə olan və qoşunlarımızın yerdəyişmədən bir neçə gün əvvəl olduğu Qızıltəpə dağı tərəfdə qalıblar.


Vəziyyətin ümidsizliyini dərk edən düşmən bəzi postlardan tələsik geri çəkilib, hər şeyini ataraq yalnız atıcı silahlarla aradan çıxıb. Erməni əsgərləri qalan istehkamlardan hürküdülərək və təpiklənərək qovulublar. Bundan sonra növbəti uğursuz generalını da itirən “Ermənistan silahlı qüvvələri” adlanan tör-töküntü yığını bölmələrimizə qarşı terror aktı törətmək qərarına gəlmişdi... Amma bu təxribat düşmənə baha oturdu. Azərbaycan Silahlı Qüvvələrinin hücum bölmələri noyabrın 16-da, demək olar ki, bir neçə saat ərzində Kilsəlidağın sol cinahına çıxdılar, 3026, 3253 saylı adsız yüksəkliklərdə yerləşən düşmənin bir neçə mövqelərini ələ keçirdilər və 24 nəfərdən ibarət şəxsi heyətini əsir götürdülər.


Paralel olaraq artilleriya atəşlərinin köməyindən istifadə edərək, Dulus su anbarı yaxınlığındakı təpələrdə yerləşən iki postla üzbəüz vadidə düşmənin bir neçə dayaq məntəqəsini tutdular ki, bu da ordumuzun Qərbi Azərbaycanın Qarakilsə şəhəri istiqamətindəki yolunda son təbii maneə sayıla bilər. Məhz buradan dağları aydın havada asanlıqla görünən Naxçıvana və şimal-cənub magistralının Qarakilsədən Görusa qədər olan hissəsinə birbaşa yol açılır ki, onu bağlamaqla həm Zəngəzuru Ermənistandan ayırmaq, həm də Laçın dəhlizinin girişini kəsmək mümkündür.


Ermənistanla dövlət sərhədinin Laçın istiqaməti boyunca strateji əhəmiyyətli yüksəkliklərin ələ keçirilməsi üzrə aparılan uğurlu əməliyyat nəticə etibarilə ordumuza nəinki bütün yol infrastrukturunu, bu plasdarmdakı arxa cəbhəni qorumağa, eyni zamanda Laçının kəndlərinin təhlükəsizliyini təbii relyef maneələri ilə təmin etməyə imkan verdi. Qalalarına yol çəkməyə çalışan düşmən həm bahalı tikinti texnikasından, həm də bölmələrimizin əlinə keçən strateji üstünlüklərdən məhrum oldu.


Bu il noyabrın 16-dan başlayaraq Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində strateji yüksəkliklər ətrafında və bitişik ərazilər üzərində vizual və hədəfə nəzarət sektorlarını genişləndirməklə yanaşı, bütün yollar, sığınacaqlar, anbarlar və mövqelər daxil sərhəd infrastrukturunun tikintisini təhlükəsiz şəraitdə davam etdirməyə də nail olub. Biz müharibədən bir il sonra işğaldan azad edilmiş ərazilərdə məskunlaşmaqla yanaşı, Ermənistanla sərhədlərin delimitasiyası məsələsini ilkin səviyyədə həll etməyə imkan verən kommunikasiyaları həyata keçirdik.


Kifayət qədər yüksək dağlıq və sərt iqlim şəraitində öz missiyasını davam etdirən Azərbaycan əsgəri daha rahat şəraitdə ona lazım olan hər şeylə təmin olunub. Dəniz səviyyəsindən 2000 metrdən artıq hündürlükdə yerləşən istehkamlar müasir tipli modul kazarmalarla, mərmilərdən qoruyan sığınacaqlarla, daimi enerji təchizatı, 3-6 aylıq ərzaq və yanacaq ehtiyatları ilə təchiz olunub.


Güclü məntəqələrin avtonom rejimdə fəaliyyət göstərə bilməsinə baxmayaraq, bütün sahələr üzrə daimi kadr təchizatı və şəxsi heyətin rotasiyası mövcuddur. Zəruri hallarda dağ yolları xüsusi texnika ilə qardan, düşən daş və qayalardan təmizlənir...

P.S. “Zərər vurmə” prinsipini rəhbər tutaraq, Azərbaycan Silahlı Qüvvələrinin dislokasiyası, istehkamları və şəxsi heyəti ilə bağlı görüntülər yerləşdirmirik.

Hans Klos
Nadir Quliyev

AzVision.az


Teqlər:   Sərhəd   Delimitasiya  





Xəbər lenti