Ələt limanının "B planı" varmı?

   Ələt limanının "B planı" varmı?
  31 Yanvar 2022    Oxunub:2516
Qərb alimləri Xəzər dənizini XXI əsrin sonuna qədər gözləyən problemlə bağlı həyəcan təbili çalır. Belə ki, dənizinin səviyyəsinin orta və yüksək emissiya ssenariləri üzrə yaxın 60-70 ildə 9-18 m aşağı düşəcəyi proqnozlaşdırılır. Bu isə dəniz səthinin sahəsinin 23%-34% azalması deməkdir.
Ekoloqlar qeyd edirlər ki, hazırkı vəziyyətdə dənizin səviyyəsinin enməsinin ən böyük fəsadları sahil zonasına, neft sənayesinə, xüsusilə gəmiçiliyə toxunacaq. Gəmilərin limanlara yaxınlaşması xüsusi kanallar vasitəsilə olur, səviyyə aşağı düşdükcə bu da çətinləşəcək. Beləliklə, milyonlarla vəsait xərclənərək qurulan limanların gələcək fəaliyyəti də təhlükə qarşısında qalır.
Xəzərdə kəskin enmə prosesləri müşahidə edilir

Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən Bakı Limanı Xəzər dənizi limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur. Bura, eyni zamanda Azərbaycanın əsas dəmiryolu və magistral şəbəkələrinin birləşdiyi mərkəz kimi limanın məqsədlərinin yerinə yetirilməsinə kömək edir, regional və qlobal təchizat zəncirlərində mühüm rol oynayır.

Bəs Xəzərin çəkilməsi fonunda limanın gələcək fəaliyyətində çətinliklərin yaranmaması üçün hansı addımlar atılır?

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat katibi Elmar Həbibli Azvision.az-a bildirib ki, Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlı yaranan vəziyyət Bakı Limanın fəaliyyətinə təsir etmir: “Çünkü Xəzərin ən müasir və dərin limanlarından biri olan Bakı Limanının hövzəsində hazırkı dərinlik dənizdə üzən və ən çox quru yük götürən gəmilərinin suda hərəkətinə tam uyğundur. Hazırda ən böyük gəmilərin belə limana daxil olub və tərk etməsində heç bir maneə yoxdur. Onu qeyd edim ki, Bakı Limanında ən müasir qurğular vasitəsi ilə suyun dərinliyi mütəmadi olaraq ölçülür və müvafiq işlər görülür”.

E.Həbibli bildirib ki, gələcəkdə suyun səviyyəsinin azalması hər hansı bir problemə səbəb olacağı təqdirdə dib dərinləşdirmə işi görülə bilər, lakin belə bir problem hazırda mövcud deyil.

Aytən Zəhra Bağırzadə
AzVision.az


Teqlər: Xəzər  





Xəbər lenti