Azərbaycanın tükənməz enerjili gələcəyi - VİDEOKAST

 Azərbaycanın tükənməz enerjili gələcəyi -  VİDEOKAST
  13 Fevral 2022    Oxunub:10824
Ötən əsrin 70-ci illərindən indiyədək ənənəvi enerjidaşıyıcıları bazarlarında yaşanan böhranlar istelkaçı ölkələri alternativ mənbələrinin tapılması və onların nəqli marşrutlarının şaxələndirilməsi yönündə ciddi axtarışlara sövq edib. Bununla yanaşı, ənənəvi enerjidaşıyıcılarına ciddi alternativi sayılan bərpa olunan enerji mənbələrinin inkişafı yönündə də proseslərə start verildi.
Əslində bərpa olunan enerji minilliklər boyu bəşər tarixində ən qədim və ən təhlükəsiz, əlçatan yeganə enerji mənbəyi olub. Ənənəvi, tükənən enerjidaşıyıcıları (torf, kömür, neft, qaz və s.) yalnız sənaye inqilabı dövründə ön plana keçib. Lakin post-sənaye və post-neft inkişafı dövründə yaranan yeni reallqılar və tələblər bərpa olunan enerji mənbələrinə ehtiyacı yenidən aktuallaşdırıb.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Kamran Hüseynov bu AzVision.az-a açıqlamasında bunun bir neçə məqamla bağlı olduğunu bildirib.

- Bir sıra inkişaf etmiş ölkələr ənənəvi enerji mənbələrindən bərpa olunan enerji mənbələrinə keçid alıblar. Ənənəvi enerji mənbələri resurslarının azalması, yanacaq növlərinin qiymətlərinin qeyri-sabit və dəyişkən olması, ənənəvi enerjidaşıyıcılarından asılılığın azaldılması, ekoloji tarazlığın pozulması və ölklərin enerji təhlükəsizliyinin təminatı kimi problemlər enerji keçidini şərtləndirən amillərdir,- Kamran Hüseynov vurğulayıb.


Son vaxtlar bərpa olunan enerji mənbələri sahəsinin inkilşafı istiqamətində ciddi uğurlar qazanılsa da, qlobal miqyasda ənənəvi enerjidaşıyıcıları hələ də əhəmiyyətli rola malikdir. Dünyanın güc mərkəzlərinin ənənəvi enerji daşıyıcıları ilə zəngin olan ərazilər üzərində geosiyasi nəzarət uğrunda apardıqları sərt mübarizə də bunun əyani sübutudur. Belədə həm istehsal həcminə, həm də maya dəyərinə görə bərpa olunan enerji resurslarının ənənəvi enerjidaşıyıcıları ilə rəqabət apara bilməsi sualı meydana çıxır.
- Son dövrlərdə texnologiyaların sürətli inkişafı həm bərpa olunan enerji mənbələrindən istehsal edilən məhsulun həcminin artmasını, həm də bu məhsulların maya dəyərinin aşağı düşməsini şərtləndirib. Gələcəkdə bu tendensiya davam edərsə, bərpa olunan enerji mənbələrindən alınan elektrik enerjisinin maya dəyərinin ənənəvi enerji resurslarından alınan analoji məhsulun məzənnəsindən daha aşağı olacağı ehtimal edilir,- Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini bildirib.
Qaz bazarında yeni mexanizmlər işə düşür - VİDEOKAST

Qlobal iqtisadiyyatın tərkib hissəsi kimi Azərbaycan da sözügedən proseslərin iştirakçısıdır. Bu baxımdan, əhəmiyyətli həcmdə ənənəvi enrjidaşıyıcıları resurslarına malik olsaq da və hazırda Avropanın enerji təhlükəsizliyinin təminatında vacib aktorlardan birinə çevrilsək də, bərpa olunan enerji mənbələri sahəsinin inkişafı məsələsində çevik siyasətin formalaşdırılması və ardıcıl surətdə həyata keçirilməsi bizim üçün günün ən vacib vəzifələri sırasında yer alıb.

Təsadüfi deyil ki, Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərimizdə ilk növbədə məhz bərpa olunan enerji mənbələrinin istifadəsini nəzərdə tutur. Ümumilikdə isə, bu sahədə ciddi potensiala malik olan Azərbaycan xarici şirkətlərin iştirakı ilə artıq bir neçə önəmli layihələr həyata keçirir.

“Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdənədir və bizim yerləşdiyimiz əlverişli coğrafi mövqe bu potensialdan kifayət qədər istifadə etməyə imkan verir. İlkin hesablamalara görə, Azərbaycanın bərpa olunan enerji mənbələrinin potensialı təxminən 27 GVt həcmindədir ki, bunun da böyük hissəsi günəş və külək enerjisinin payına düşür. Ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadəsi müstəvisində həyata keçirilən yeni layihələr çərçivəsində dünyanın bir sıra tanınmış şirkətləri ilə əməkdaşlıq edilir. Bu yöndə işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan layihələr böyük əhəmiyyətə malikdir. Bundan başqa, Asiya İnkişaf bankının maliyyələşdirməsi ilə həyata keçirilən “Üzən Günəş” enerji sisteminin inkişafı çərçivəsində Abşeron yarımadasındakı Böyük Şor gölü üzərində ümumi gücü 100 KVt olan Günəş stansiyasının tikintisi üzrə müvafiq işlər də həyata keçirilir”,- Kamran Hüseynov bildirib.

İşğaldan azad edilmiş ərazilərimizin bərpa olunan enerji mənbələri ilə zənginliyi yeni enerji layihələrin reallaşdırılmasına ciddi zəmin yaradır. Bu ərazilərdə həyata keçirilən layihələr çərçivəsində isə mümkün tələbatın təmin olunması yönündə ciddi addımlar atılır. Bütün bölgənin elektrik enerşisi ilə təmin edilməsi əsas hədəf kimi müəyyənləşdirilib. Həmin ərazilərdə 4 su elektrik stansiyası artıq bərpa edilib və hazırda bir kiçik analoji obyektlərin də bərpası üzərində işlər gedir.


Sözsüz ki, hazırda ən maraqlı suallardan biri ənənəvi enerjidaşıyıcıları ilə bərpa olunan enerji mənbələrinin rəqabətinin son nəticəsi, daha doğrusu bu mübarizədə keçid dövrünün nə qədər davam edəcəyidir.
- Qlobal enerji siyasətində əsas istiqamətlərdən biri enerji keçididir. Enerji keçidi ən müasir texnologiyaların tətbiqi vasitəsi ilə ənənəvi enerjidaşıyıcılarının bərpa olunan enerji mənbələri ilə əvəzlənməsini ehtiva edir. Bu texnologiyaların sürətli inkişafı və qlobal iqlim problemləri “yaşıl enerji” keçidini sürətləndirir. Hazırda enerji keçidi enerji təhlükəsizliyi, iqtisadi inkişaf və ətraf mühitin qorunması arasında balansı təmin edən alət kimi qəbul olunur. Məhz buna görə də, bərpa olunan enerji mənbələrinin inkişafını şərtləndirən strateji qərarlar dəstəklənir. Bu məqamlar gələcəkdə “yaşıl enerji”nin perspektivlərinin daha üstün olduğunu göstərir, - Kamran Hüseynov bildirib.

Maraqlıdır ki, qlobal miqyasda istehlak olunan elektrik enerjisinin həcminin artması fonunda bəzi ekspertlər bərpa olunan enerji mənbələrinə - “yaşıl enerji”yə ümidlərin şişiridldiyini və onların ənənəvi enerjidaşıyıcıları ilə ciddi rəqabət aparmaq iqtidarında olmadıqlarını söyləyirlər. Həmsöhbətimiz bu məqama da aydınlıq gətirib: “Bərpa olunan enerji mənbələri hesabına həyata keçirilən irimiqyaslı layihələr və bu sahənin inkişafı skeptik sualların cavablandırılmasına müsbət təsir göstərib. Düşünürəm ki, zaman keçdikcə, iqlim dəyişməsi fonunda bərpa olunan enerji mənbələrindən istifadənin rolu artdıqca, skeptik yanaşmaların azalması müşahidə ediləcək”.

Əslində, qlobal enerji istehlakında ildən-ilə bərpa olunan enerji mənbələrinin çəkisinin artması onların ənənəvi enerjidaşıyıcıları ilə rəqabətdə tədricən irəli çıxacağına əminlik yaradır. Məsələn, 2002-ci ildə bərpa olunan enerji mənbələrinin bu müstəvidə qazandığı göstərici 13,4% idisə, 2019-cu ildə bu rəqəm artıq 26,8% təşkil edib. Dünyada ən böyük qaz ehtiyatlarına malik olan Rusiyanın Elmlər Akademiyasının İqtisadi Araşdırmalar institutunun və “Skolkovo” Moskva idarəetmə məktəbinin Energetika mərkəzinin hesablamalarına görə isə, 2040-cı ilə bu göstərici 35-50% civarında olacaq.

Belə reallıq hər bir ölkəni, xüsusilə də ənənəvi enerjidaşıyıcıları istehsalçısı olan dövlətləri daha çevik enerji siyasəti formalaşdırmağa və həyata keçirməyə dəvət edir.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər:   Alternativ-Enerji  





Xəbər lenti