"Elektrik bazarı" necə işləyir və orada nə qazana bilərik - Ekspert rəyi

   "Elektrik bazarı" necə işləyir və orada nə qazana bilərik -    Ekspert rəyi
  17 Fevral 2022    Oxunub:4926
Fevral ayında prezident İlham Əliyevin açılışına qatıldığı obyektlərin siyahısına baxanda maraqlı vəziyyət görürük. Belə ki, bir ay ərzində dövlət başçımız elektrik enerjisinin istehsalı ilə bağlı 7 obyektin açılışında iştirak edib:
Fevralın 8-də - “Yaşma” yarımstansiyası;
Fevralın 11-də - Qobu elektrik stansiyası və yarımstansiyası;
Fevralın 13-də - “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi və “Ağcabədi” yarımstansiyası.
Bunların hamısı ölkənin energetika sistemində əhəmiyyətli yer tutacaq obyektlərdirlər. Yaşmadakı yarımstansiyanın gücü 750 meqavat, “Qobu” Elektrik Stansiyasının gücü isə 385 meqavatdır. Bu addımlar ondan xəbər verir ki, artıq Azərbaycan elektrik enerjisinin dayanıqlı ixracına yönələn siyasət həyata keçirməyə başlayır.

Sözsüz ki, ölkənin özünün də iqtisadiyyatı böyüyür, bu isə enerjiyə tələbatın durmadan artması deməkdir. Son 10 ildə yeni sənaye sahələrinin hesabına Azərbaycanda elektrik enerjisinin istehlakı 37,8% artıb. Eyni zamanda, azad olunan torpaqlar məskunlaşdıqca və orada sənaye potensialı formalaşdıqca, elektrikə təlabat da çoxalacaq.

Keçən il Azərbaycanda 27,8 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib və 1,6 milyard kilovat/saat ixrac olunub. Bu, cənab Prezidentin də dediyi kimi, rekord göstəricidir. “Yəni, biz artıq çox ciddi şəkildə elektrik enerjisini ixrac edən ölkəyə çevrildik. Həm daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat bizi yeni addımların atılmasına sövq edəcək”,- deyə dövlət başçısı bildirib.

2021-ci ili 2020-ci illə müqayisə etsək, Azərbaycanda elektrik enerjisinin generasiyasında 7,9% artım var. Amma istehsalın strukturuna baxanda, maraqlı mənzərə yaranır və güman ki, yaxın illərdə ölkənin bu sahədəki siyasətini müəyyənləşdirən məhz bu amil olacaq. Belə ki, 27,8 milyard kilovat/saat elektrik enerjisinin 26,2 milyardı istilik, 1,2 milyardı su elektrik stansiyalarında hasil edilib. Yerdə qalan 400 milyon kilovat/saat digər mənbələrin payına düşür. Azərbaycan hökuməti bu balansı dəyişməli, elektrik istehsalında bərpa olunan mənbələrin payını artırmalıdır. Yürüdülən siyasət də məhz bunu diqtə edir. Çünki təbii qazın bugünkü spot qiymətlərinə baxsaq, onu elektrik stansiyasında yandırmaqdansa, ixrac etmək daha sərfəlidir. Tükənməyən mənbələrin hesabına əldə olunan elektrik enerjisinin ixracı isə tamam fərqli məsələdir.



Elektrik enerjisi xüsusi növ əmtəədir. Onu eyni vaxtda həm idxal, həm də ixrac etmək lazım gəlir. 2006-cı daxili ehtiyacları tam ödəmək üçün 1,8 milyard kVt·st elektrik enerjisi idxal edirdiksə, hazırda bu göstərici 130 milyon kVt·st-a qədər azalıb. İxrac isə on il ərzində 3 dəfədən çox artıb. Elektriki Gürcüstana, Rusiyaya, Türkiyəyə, İrana – bir sözlə, Ermənistanı çıxmaqla, qonşu ölkələrin hamısına ixrac edirik. Bu işi effektiv görə bilmək üçün enerji sistemlərinin inteqrasiyası tələb olunur. Yeni stansiya, yarımstansiya və idarəetmə mərkəzlərinin tikintisi həm də buna xidmət edir. Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi nəticəsində bu gün ölkəmiz hətta enerjinin ötürülməsində tranzit rolunu da oynaya bilir.

Elektrik enerjisi çox uzaq məsafələrə ötürülə bilmədiyindən, bazarlar da qlobal deyil, regional və subregional olur. Bu gün dünyada bir neçə belə regional bazar (pool) var. Məsələn, Skandinaviya ölkələri “NordPool” adlanan bazarda mübadilə aparırlar. Bu, topdansatış qiymətlərinin hər saat üçün formalaşdığı açıq bazardır. Macarıstan, Polşa, Slovakiya, Çexiya, CENTREL adlı strukturda birləşiblər. Mərkəzi Asiyada regional bazar kimi Tacikistan, Qırğızıstan, Əfqanıstqan və Pakistanın birləşdiyi CASAREM platforması çıxış edir.

Belə bazarların formalaşmasında milli və regional enerji sistemlərinin inteqrasiyası əsas şərtdir. Bunun üçün də həm hüquqi, həm də institutsional zəmin yaradılmalıdır. Regional enerji sistemlərinin arasındakı fərqlər də onların qlobal bazar yaratmasını çətinləşdirir. Ona görə, bu gün dünyada elektrik enerjisi əsasən regional və subregional “pul”larda mübadilə edilir. Bu strukturlar ora daxil olan ölkələrin inkişafında müəyyən rol oynayırlar. Çünki məhz onların sayəsində yerli sənayelərin inkişafında enerji qıtlığı üzündən yarana biləcək ləngimələrin qarşısı alınır.

Azərbaycanın qonşuları ilə münasibətlərinin yaxşı olması regional enerji pulunun formalaşmasına meydan yaradıb. Bu, gələcəkdə Rusiya, Azərbaycan, İran, Türkiyə, Gürcüstan, bir qədər sonrakı perspektivdə Ermənistanın birləşdiyi regional pul kimi formalaşa bilər. Sözsüz ki, həmin pulda aparıcı oyunçu Azərbaycan olacaq. Çünki bu gün İranın daxili bazarında tələbat getdikcə artaraq, təklifi xeyli üstələyir. Bu ölkə gündəlik 54 min meqavat enerji istehsal etdiyi halda, 66 min meqavata ehtiyacı var. Hazırda Türkmənistan, Azərbaycan və Ermənistandan gündə 650 meqavatta qədər enerji alan İran böyük və perspektivli bazardır.

Gürcüstan ötən ilin 11 ayında 13,8 milyard kilovat/saat enerji işlətdiyi halda, 11,5 milyard kilovat/saat hasil edib. Bu ölkə birmənalı şəkildə qonşularından asılıdır və tələbatını Rusiya (1,1 milyard kBt/saat), Azərbaycan (528,8 milyon kBt/saat), Türkiyədən (161,2 milyon kBt/saat) aldığı elektrikin hesabına ödəyir.

Türkiyədə elektrik enerjisi birja məhsuludur və spot bazarlarda satılır. İstanbul Enerji Birjasında (EXIST) elektrik ticarətinin həcmi ildən-ilə artır. Əlbəttə ki, bu cür açıq bazarlara qoşula bilmək üçün müəyyən vacib şərtlərin yerinə yetirilməsi, o cümlədən, energetikanın liberallaşması lazımdır, amma Azərbaycan lazım olan addımları atarsa, gələcəkdə bu da mümkündür.


Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor


Teqlər:





Xəbər lenti