Mərkəzi banklar inflyasiyaya qarşı hansı siyasəti yürütməlidir - VİDEOKAST

Mərkəzi banklar inflyasiyaya qarşı hansı siyasəti yürütməlidir -  VİDEOKAST
  11 Avqust 2022    Oxunub:3172
Qlobal inflyasiyanın və sürətli qiymət artımlarının iqtisadiyyata neqativ təsirlərinin minimuma endirilməsində vacib maliyyə qurumlarından biri kimi mərkəzi bankların üzərinə böyük məsuliyyət düşür. Məhz onların seçdiyi pul-kredit siyasəti hadisələrin hansı şəkildə inkişaf etməsini müəyyənləşdirəcək.
Bu sözlər iqtisadçı-alim Elşad Məmmədova məxsusdur. O, AzVision.az -a müsahibəsində qlobal inflyasiyanın səbəbləri və mövcud şəraitdə Mərkəzi bankların aparmalı olduqları pul-kredit siyasətinin mahiyyəti barədə maraqlı fikirlər səsləndirib.

- Qlobal inflyasiyanın təzimlənməsi üçün mərkəzi banklar hansı addımları atmalıdırlar?
- Əgər dünya iqtisadiyyatı miqyasında son ayların əsas problemyaradıcı amillərdən biri kimi inflyasiyanın strukturuna və diaqnostikasına nəzər salsaq, görərik ki, mərkəzi banklar tərəfindən effektiv pul-kredit siyasətinin həyata keçirilməsi inflyasiyanın xeyli dərəcədə idarəolunan paramertrlərlə inkişafına şərait yarada bilər. Ona görə də, mərkəzi bankların iqtisadiyyata hansı həcmdə pul kütləsinin emissiyası, həmin kütlənin hansı kanallar üzrə hərəkət etməsi, idarə olunması, o cümlədən, inflyasiya ilə mübarizə nöqteyi-nəzərindən effektiv siyasəti əsas amillərdən biridir. Mərkəzi bankların hazırda dünyada tüğyan edən inflyasiyanın yaranmasında da, idarə edilməsində də, onunla mübarizədə də rolları kifayət qədər çoxdur. Makroiqtisadi idarəetmə nöqteyi-nəzərindən, inflyasiya ilə mübarizədə mərkəzi banklar əsas qurumlarından birinə çevriliblər. Əgər biz son onillliklərin trendlərinə nəzər salsaq, görərik ki, məhz Mərkəzi banklar tərəfindən həyata keçirilən pul-kredit siyasəti inflyasiyanın hansı istiqamətdə inkişaf etməsini şərtləndirib. Buna görə də, hazırkı şəraitdə mərkəzi bankların rolunun artması dayanıqlı və davamlı trend kimi çıxış etməkdədir.



- Belə hallarda tədavüldə olan pul kütləsini artırmaq, yoxsa azaltmaq daha məqsədəuyğundur?
- Mərkəzi banklar tərəfindən pul kütləsinin azaldılması və ya artırılması ilə bağlı qəbul edilən qərarlar heç bir halda universallığı ilə seçilməməlidir. Mərkəzi banklar iqtisadiyyatda müvafiq parametrlərə, yaranmış vəziyyətə uyğun hərəkət etməlidirlər. Yəni, əgər inflyasiya ilə bağlı hansısa bir kəskin artım varsa, bu heç də birmənalı olaraq o demək deyil ki, pul kütləsini azaltmaqla inflyasiya ilə mübarizədə dayanıqlı müsbət effektlərə nail olmaq mümkündür. İlk növbədə inflyasiyanın dəqiq diaqnostikası aparılmalıdır. İnflyasiya təklif və tələb inflyasiyalarından ibarət ola bilər. Bir sıra hallarda hər iki inflyasiya növü üst-üstə düşür. İnflyasiyanın düzgün diaqnostikası adekvat pul-kredit siyasətinin həyata keçirilməsi nöqteyi-nəzərindən ən önəmli amillərdən biridir. Əgər söhbət tələb inflyasiyasından – artıq pul kütləsi ilə bağlı olan inflyasiyadan gedirsə, onda mərkəzi banklar tərəfindən müəyyən sərtləşdirici restriktiv pul-kredit siyasəti həyata keçirilə bilər ki, bu da artıq pul kütləsinin iqtisadiyyatdan geri çəkilməsinə şərait yaradır. Amma əgər inflyasiyanın təbiəti, məzmunu və strukturu artıq pul kütləsi ilə bağlı deyilsə, onda iqtisadiyyatdan pul kütləsinin geri çəkilməsi əks effektlər yarada bilər. Bütün bunlar onu deməyə əsas verir ki, belə məsələlərdə universal reseptlər olmamalıdır. Yəni yanaşmalar differensial olmalıdır. İnflyasiyanın təbiətinə və məzmununa uyğun ya sərtləşdirici, ya da əksinə, stimullaşdırıcı tədbirlər reallaşdırıla bilər.

- Yeri gəlmişkən, 2008-ci ildən bəri ABŞ-ın Federal Ehtiyatlar Sistemi, Avropa Bankı, Britaniya, Yaponiya və Çinin mərkəzi bankları demək olar ki, məhdudiyyətsiz pul emissiyası həyata keçirirlər. Sizcə indiki inflyasiya həm də bu siyasətin nəticəsi deyilmi?
- 2008-ci ildən bəri dünya iqtisaidyyatında aparıcı rol oynayan mərkəzi banklar, emissiya mərkəzləri və qurumları kəskin şəkildə pul kütləsinin artımı hesabına iqtisadi böhranla mübarizə siyasətini reallaşdırıblar. Bu, qısamüddətli müsbət effektə səbəb oldu, yəni iqtisadi canlanmaya və iqtisadi problemlərin – maliyyə köpüklərinin müvəqqəti olaraq bir qədər örtülməsinə şərait yaratdı. Amma problemlər sonradan daha kəskin şəkildə üzə çıxdı ki, hazırda dünya iqtisadiyyatı miqyasında məhz bunun şahidi oluruq. Ona görə də, hazırkı inflyasiya artımında dünya üzrə aparıcı mərkəzi banklar tərəfindən xeyli dərəcədə idarəolunmaz formada pul kütləsinin artımı amilinin də rolunu qeyd etmək lazımdır.
İnflyasiya ilə savaş: Dövlətlər nə edə bilər - VİDEO

Bir məqam da ondan ibarətdir ki, hazırda dünya iqtisadiyyatında müşahidə edilən inflyasiyada həm təklif sahəsi ilə bağlı olan amillər, yəni istehsal zəncirlərinin, nəqliyyat-logistika əlaqələrinin qırılması, iqtisadiyyatdakı kəskin qeyri-tarazlıqlar nəzərə çarpmaqdadır, həm də, digər tərəfdən, kəskin emissiya artıq tələb inflyasiyasını da təklif inflyasiyasına əlavə bir yük olaraq dünya iqtisadiyyatının üzərinə gətirməkdədir. Ona görə də, bugünkü inflyasiya həm struktur nöqteyi-nəzərdən, həm də məzmun və təbiət baxımından kifayət qədər mürəkkəbdir. Biz görürük ki, dünya iqtisad elmində uzun onilliklər ərzində meynstrim xəttini təşkil edən ultraliberal metodologiyaya əsaslanan inflyasiya ilə mübarizə mexanizmləri, makroiqtisadi idarəetmə metodları effekt vermir. Çünki istər inflyasiya, istər dünya iqtisadiyyatındakı struktur böhranları ilə bağlı olan bugünkü proseslər daha mürəkkəbdir. Yanaşmalar, çıxış yolları, idarəetmə mexanizmləri də ən azı həmin mürəkkəblilik qədər dərin və şaxələndirilmiş olmalıdır. Yalnız pul kütləsinin həcminin artırılıb-azaldılması ilə bağlı olan yanaşmalar effekt vermir. Biz bunu böyük iqtisadiyyatların misalında açıq şəkildə görürük ki, artan pul kütləsi investisiyalara getmək əvəzinə, müxtəlif ekspert hesablamalarına görə, təxminən 70-80% həcmində maliyyə köpüklərinə gedir ki, bu da iqtisadi problemlərin həllinə deyil, onların daha da dərinləşməsinə gətirib çıxarır.


- Mövcud şəraitdə Mərkəzi Bank uçot dərəcəsinin artırılması, yoxsa azaldılması siyasətini seçməlidir? Bu seçimdən asılı olaraq, yaxın gələcəkdə ölkədə iqtisadi fəallıqla bağlı hansı proqnozu verərdiniz?
- Azərbaycanda Mərkəzi bankın necə: sərt restriktiv, yoxsa əksinə, stimullaşdırıcı pul-kredit siyasəti aparıması ilə bağlı müxtəlif fikirlər var. Zənnimcə, biz ilk növbədə əsas makroiqtisadi parametrlərin adekvat diaqnostikasını aparmalıyıq. Əgər Azərbaycandakı inflyasiya göstəricilərinə, inflyasiyanın təbiətinə və məzmununa, strukturuna nəzər salsaq görərik ki, ölkəmizdə son 30 il ərzində tələb inflyasiyası deyil, təklif inflyasiyası müşahidə edilib. Ölkədə artıq pul kütləsi olmadığından, Mərkəzi Bankın mövcud inflyasiya və digər iqtisadi problemlərlə sərt restriktiv pul-kredit siyasəti ilə mübarizə aparmasına ehtiyac yoxdur. Ona görə də, hazırkı şəraitdə pul kütləsinin daralmasına istiqamətlənmiş pul-kredit siyasəti əksinə, mənfi effektlərə səbəb olacaq. Çünki əlçatanlıq baxımından kreditlərin bir qədər də çətinləşməsinə şərait yaradacaq və deməli, investisiyaların azalması hesabına biz iqtisadi fəaliyyətin stimullaşdırılmasına deyil, əks nəticələrə gəlib çıxa bilərik.

Zənnimcə, bu gün ölkə iqtisadiyyatının idarə edilməsi nöqteyi-nəzərindən qarşımızda duran başlıca hədəflər idxaldan asılılığın azaldılması, yerli istehsalın inkişlaf etdirilməsi və xarici iqtisadi şokların ölkə iqtisadiyyatına təsirinin qarşısının alınması kimi məsələlərdir. Həm bunların həlli, həm də inflyasiya ilə effektli mübarizə üçün biz ilk növbədə yerli istehsalın stimullaşdırılmasına şərait yaratmalıyıq. Bunun üçün də ölkədə stimullaşdırıcı pul-kredit siyasətinin həyata keçirilməsinə ehtiyac var.



Bu o demək deyil ki, Mərkəzi Bank pul kütləsinin idarəolunmaz şəkildə iqtisadiyyata gətirilməsinə və müxtəlif arzuolunmaz istiqamətlər üzrə xərclənməsinə şərait yaratmalıdır. Pul-kredit axınlarının effektiv idarəolunması şərti ilə pul-kredit siyasətinin stimullaşdırıcı məzmun almasına böyük ehtiyac var. Ona görə də, hesab edirəm ki, stimullaşdırıcı, yumşaldıcı pul-kredit siyasətinin həyata keçirilməsi zəruridir, amma, o şərtlə ki, artan pul kütləsi valyuta bazarına, istehlak kreditlərinə, iqtisadiyyata təhlükə gətirə bilən hər hansı digər istiqamətlərə deyil, məhz investisiyalara yönəldilsin. Bu da Azərbaycanda Mərkəzi bankın və bütövlükdə pul-kredit siyasətinin iqtisadi inkişafa yönəlik istiqamətdə olması üçün müvafiq şərait yarada bilər.

Zənnimcə, ümumiyyətlə, müasir iqtisadiyyatda mərkəzi bankların əsas missiyası lazım olan investisiya resurslarının generasiyasından və pul kütləsinin, maliyyə resurslarının maliyyə sektorundan real sektora transformasiyasından ibarət olmalıdır. Azərbaycanın Mərkəzi Bankının prioritet olaraq idarəetmə siyasəti də, zənnimcə, məhz bu istiqamətləri özündə əks etdirməlidir.

- Qlobal inflaysiyanın fəsadlarının aradan qaldırılması üçün müxtəlif ölkələrin mərkəzi banklarının əlaqələndirilmiş siyasət yürütməsi mümkündürmü?
- Hazırkı şəraitdə qlobal miqyasda mərkəzi bankların hansısa konstruktiv əsaslarla əməkdaşlığını gözləmək sadəlöhvlük olardı. Çünki əgər biz son onilliklərin trendlərini təhlil etsək əminliklə söyləyə bilərik ki, əksər hallarda mərkəzi bankların fəaliyyətləri ciddi şəkildə beynəlxalq qloballaşma institutları tərəfindən müşahidə edilirdi, bu istiqamətlərdə müdaxilə cəhdləri çox olurdu. Bir çox ölkələrdə, o cümlədən bizim bölgədə fəaliyyət göstərən mərkəzi bankların siyasətində Beynəlxalq Valyuta Fondunun (BVF), digər qloballaşma institutlarının çox böyük təsirləri mövcud idi. Bu təsirlər bir çox hallarda qloballaşma institutlarının maraqlarına uyğun idi. Onların siyasəti bir valyutaya söykənən vahid qlobal iqtisadi modelin inkişafına xidmət edirdi. Bu gün dünya iqtisadiyyatı xeyli dərəcədə məhz bunun fəsadlarını həzm etməkdədir.

Ona görə də, şübhəsiz ki, hazırkı şəraitdə mərkəzi bankların qlobal miqyasda konstruktiv əməkdaşlığından danışmaq çox çətindir. Amma dünya iqtisadiyyatında artıq trendə çevrilməkdə olan regionallaşma kontekstində, zənnimcə, eyni regionda yerləşən ölkələrin mərkəzi bankları arasında regional iqtisadi inteqrasiya, regional iqtisadi əməkdaşlığa istiqamətlənmiş konstruktiv əməkdaşlığın formalaşması gözləniləndir. Hətta hesab edirəm ki, bu labüd və zəruridir. Çünki son nəticədə qloballaşmanın regionlaşma ilə əvəz olunması kontekstində regional iqtisadi əməkdaşlıq, o cümlədən, pul-kredit siyasətinin sinxronlaşdırılma siyasəti zəruri olacaq ki, bu da, öz növbəsində, regionlarda mərkəzi bankların konstruktiv əməkdaşlığını zəruri edəcək.

Sahil İsgəndərov
AzVision.az


Bu material Medianın İnkişafı Agentliyinin dəstəyilə hazırlanıb
Mövzu 6.3.12:
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi



Teqlər:   İnflyasiya   Mərkəzi-bank  





Xəbər lenti