"Artsax"ın heç vaxt müstəqillik şansı olmayıb - Torosyandan etiraf

"Artsax"ın heç vaxt müstəqillik şansı olmayıb -  Torosyandan etiraf
  12 Sentyabr 2022    Oxunub:1474
Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının parlament fraskiyasının deputatı, keçmiş səhiyyə naziri Arsen Torosyan “Faktor TV”yə müsahibəsində “Artsax”ın müstəqilliyinin tanınmasına nəinki şans qalmadığını, ümumiyyətlə, heç vaxt bu şansın olmadığını bildirib. Torosyan qeyd edib ki, müharibədən sonra “Artsax”da yaranmış status-kvoda təhlükə gizlənir.
“Biz sonsuz olaraq öldürülə bilmək təhlükəsinin qalmasını, yoxsa münaqişənin həll edilməsini istəyirik? Ədavəti dərinləşdirmək yox, 30 illik müharibədən və hərbi münaqişələrdən əzab çəkmiş xalqların yaralarını sağaltmaq zəruridir. Bəlkə biz yeganə qurbanlarıq? 1994-cü il müharibəsində yaralanan Azərbaycan 25 min qurban verdi və 600 min azərbaycanlı qaçqın oldu. Biz yaraları ikitərəfli qaydada sağaltmalıyıq. Azərbaycanlılarla uzunmüddətli ədavəti qızışdırmaq bizim üçün tələdir. Biz düşmənçiliyi qızışdırmamalıyıq”,- Arsen Torosyan vurğulayıb.

Ermənistanın əvvəlki illərdə “Artsax”ın müstəqilliyinə nail ola bilməməsini uğursuzluq kimi qiymətləndirən sabiq səhiyyə naizri bu ideyanın özünüaldatma olduğunu deyib.

“Artsax”ın müstəqilliyinin tanınmasına heç vaxt şans olmadığı barədə Arsen Torosyanın acı etirafı ilə razılaşmayan Ermənistanın sabiq Xarici İşlər naziri Ara Ayvazyan bunu özünəməxsus qaydada təkizb etməyə cəhd göstərib.

- Bilirsiniz ki, danışıqlar prosesi üç istiqamətdə - güc tətbiq edilməməsi, habelə ərazi bütövlüyü və öz müqədərratını təyinetmə prinsipləri çərçivəsində gedirdi. Yəni bütün prosess “Artsax” xalqının öz müqəddəratını təyin etməsinin tanınmasına yönəldilmişdi. Buna görə də, bu danışıqlarda daim erməni tərəfi iştirak edirdi. Bizim məqsədimiz bu idi ki, Bakı öz müqəddəratını təyinetmə hüququnu tanısın. Əgər Azərbaycan "Madrid prinsipləri"ni qəbul edibsə, deməli bu hüququ müəyyən mənada tanıyıb", - Ara Ayvazyan iddia edib.

Belə taleyüklü məsələdə Ermənistanın müxtəlif mövqelərdən çıxış edən iki sabiq nazirinin qiyabi polemikası tarixi məğlubiyyətə görə məsuliyyətdən yaxa qurtarmaq cəhdindən xəbər verir. Hərçənd, Arsen Torosyanın acı etirafı nə qədər məntiqlidirsə, cəmi-cümlətanı yarım il Ermənistanın xarici ilşər naziri olmuş Ara Ayvazayanın səsləndirdiyi iddialar bir o qədər absurddur. Əvvəla, "Madrid prinsipləri" çərçivəsində aparılan danışıqlar prosesində Ermənistanın, onun xarici havadarlarının bütün-ciddi cəhdlərinə baxmayaraq, Azərbaycan güc tətbiq olunmaması barədə təklif və təkidləri birmənlı şəkildə rədd edərək, öz üzərinə heç bir öhdəlik götürmədi. Başqa cür də ola bilməzdi. Çünki bu halda faktiki olaraq Azərbaycan öz haqq işinin müdafiəsindən imtina edərdi.

İkincisi, rəsmi Bakı Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin öz müqəddəratını təyin etməsi iddialarının əssasız olduğunu sübuta yetirərək, vaxtilə ən yaxşı halda onlara ən yüksək səviyyədə özünüidarəetmə hüququnun verilməsi təklifini irəli sürdü ki, bu da tam fərqli anlayışdır. Amma destruktiv mövqedən əl götürməyən erməni tərəfi öz ambisiyaları üzündən son nəticədə bu imkandan da məhrum oldu.

Üçüncüsü, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın yaratdığı separatçı rejimin təmsilçiləri heç də daim danışıqlar prosesində iştirak etməyiblər. Köçəryan-Sərkisyan cinayətkar tandemi dövlət çevrilişi nəticəsində Ermənistanda hakimiyyəti zəbt edəndən sonra Azərbaycanın o vaxtkı Prezidenti Heydər Əliyevin təkidi ilə həmin rejimin təmsilçiləri danışıqlar stolu arxasından uzaqlaşdırıldılar. Sonrakı dövrdə rəsmi İrəvanın heç bir ölkə, hətta Ermənistanın özünün belə tanımadığı bir rejimin “rəhbər”ləri ilə danışıqlar prosesi barədə məsləhətləşmələr aparmasının Azərbaycan üçün heç bir isti-soyuğu yox idi.

Bu baxımdan, Ara Ayvazyanın Madrid prinsiplərini qəbul edən Bakının müəyyən mənada Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin öz müqəddərtaını təyinetməsi hüququnu tanıması barədə iddialarını yalnız xəstə təxəyyülün məhsulu kimi qiymətləndirmək olar. Yeri gəlmişkən, onun çox qısa bir müddətdə Ermənistan diplomatiyasının rəhbəri vəzifəsində qalmasının əsas səbəbi də məhz bu mərəz oldu. Ağır məğlubiyyətdən sonra Ermənistan Bakının sülh təklifinə hava və su kimi ehtiyac duyduğu halda, Xarici İşlər naziri Ara Ayvazayn Azərbaycanın Qarabağ bölgəsinə icazəsiz təxribatçı səfərləri ilə ölkəsini bu şansdan məhrum edirdi. Məhz buna görə də, son nəticədə istefaya getmək məcburiyyətində qaldı.

İndi isə Arsen Torosyanın “Artsax”ın müstəqilliyinin tanınması ideyasının bir ilğım olduğu barədə acı etirafını inkar etməklə Ara Ayvazyan sağlam məntiqin əleyhinə çıxır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Ermənistan   etiraf  





Xəbər lenti