“Oğlumun külünü götürüb gedəcəyəm”- Ermənistanda əsgər valideyinləri etiraz etdi

   “Oğlumun külünü götürüb gedəcəyəm”-    Ermənistanda əsgər valideyinləri etiraz etdi
  21 Sentyabr 2022    Oxunub:1517
Ölən erməni əsgərlərin anaları Yerablur hərbi panteonun önünə toplaşaraq Baş nazir Nikol Paşinyanın ora getməsinə imkan verməməyə çalışıblar. Səhər saatlarında polis qüvvələri ora gələrək əsgər valideyinlərini zorla maşınlara mindirərək aparıblar.
Polis 37 valideyn və qohumu zorla ərazidən müxtəlif şöbələrə apardıqdan sonra onlar bölmələri tərk edərək dərhal Yerablura qayıdıblar.

"Gecəni Yerablurda keçirdik, səhər isə polis gələndə təzəcə burada oturmuşduq. Bir qadının üstünə 4 polis göndərildi ki, bizi saxlasınlar. Siz başa düşürsünüz ki, nə vəziyyətə düşmüşük? Polis bizi ərazidən sürüyərək çıxartdı”, - müharibədə ölən Jora Martirosyanın anası Qayane Akopyan qeyd edib.

Ölən əsgər Mxitar Qaleyanın atası Qarik Qaleyan bildirib ki, onları polisin əmrinə tabe olmamaqda ittiham edərək polis bölməsinə aparıblar.

“Deyirlər ki, biz tələbə tabe olmadıq, ərazini tərk etmədik. Yaxşı, kişiləri apardılar, amma anaları niyə aparıblar?

Ölənlərin valideynləri ilə belə rəftar olunduğuna görə mən oğlumu eksqumasiya etməyi, külünü götürməyi və həmişəlik bu ölkəni tərk etməyi düşünürəm”, - Qaleyan bildirib.

Başqa bir qadın onu saxlamağa 4 polisin də göndərildiyini, əllərində sıyrıqlar və cızıqlar əmələ gəldiyini deyib.

Ermənistan polisi müharibədə ölən 37 əsgər valideyninin bölmələrə aparıldığını təsdiq edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti