Səfərbər-bər bəyirən ölkə - Ədalət Verdiyevin yazısı

// Tezliklə Rus ordusu məhbuslardan təşkil olunacaq

   Səfərbər-bər bəyirən ölkə -    Ədalət Verdiyevin yazısı
  23 Sentyabr 2022    Oxunub:3241
Rəsmi açıqlamaya görə 766 min nəfərlik şəxsi heyətə malik rus ordusu Ukraynada 6000 nəfər itirib. Bu isə 0,078 faiz itki və ya hər 128 nəfərdən birinin itirilməsi deməkdir. Başqa sözlə desək, rus ordusu təxminən hər tabordan 3 və ya hər bölükdən 1 nəfər itirib. Belə kiçik itkiyə görə səfərbərlik elan olunması məntiqə uyğun deyil.
Deməli, Rusiyanın itkilərlə bağlı rəsmi məlumatı həqiqəti əks etdirmir, bu məsələdə Ukraynanın, ABŞ-ın və Böyük Britaniyanın məlumatları daha etibarlı görünür. Digər tərəfdən, motoatıcı bölmələr şəxsi heyətlə pis və qismən yaxşı faizlə komplektləşdirilə də bilər axı.



Hazırda Rus ordusunda könüllü və səfərbərliklə xidmət etmək istəyənlərin olmadığı aşkardır. Dünənə qədər dünyaya “vətənpərvərlik” dərsi deyən və yaşı səfərbərlik üçün uyğun olan rus “mujikləri” bu gün ya ölkədən qaçmağa, ya da özünə xəsarət yetirməklə (əsasən ətraflarını sındırmaqla) ordudan yayınmağa çalışırlar. “Google”da Rusiyadan verilən sorğularda “Qolumu necə sındırım?” sualının trenddə olması çox şeydən xəbər verir.
Yaxşı ki, quru sərhədlərimiz bağlıdır, deməli, dövlət bunu da əvvəlcədən nəzərə alıb, amma çoxumuz etiraz edirdik. Əgər sərhədlər açıq olsaydı, bu gün nələrin baş verə biləcəyini təsəvvürə gətirə bilmirəm.

Fərqi hiss edirsinizmi? Ali Baş Komandan İlham Əliyevin bir çağırışı ilə Azərbaycanda minlərlə gəncimiz, o cümlədən, mənim tək oğlum səfərbərlik şöbələrinin qarşısında növbəyə durarkən, ruslar əlini-qolunu sındırb, ordudan yayınmağa çalışırlar.



Hazırda Rusiyadan çıxmaq istəyənlərin sayı həndəsi silsilə ilə hər saat artır və artıq astronomik həddə çatıb. Ölkənin sərhəd-buraxılış məntəqələrində böyük növbələr yaranıb. Aviabiletlərin qiyməti Rusiyanın əyalətlərindəki evlərin qiymətilə müqayisə olunur. Ölkəni bürüyən etiraz dalğası isə həm çağırışdan yayınanların, həm də nümayişlərə dəstək verənlərin kütləvi həbslərilə müşayiət edilir. Belə çıxır ki, ölkəni tərk edə bilməyən çox sayda Rusiya vətəndaşı səfərbərlikdən yayınmağa görə əvvəlcə həbsə məhkum ediləcək, sonra isə əfv və ya amnistiya aktı ilə həbsdən azad olunaraq orduya xidmətə göndəriləcəklər.

Rusiyanın başqa yolu yoxdur. Deməli, tutulub, sonra əfv edilənlərdən ibarət intizam taborlarının (dizbat) yaranması da istisna deyil. Beləliklə, rus ordusunun strukturuna həbsxana kontingentindən ibarət şəxsi heyətlə komplektləşdirilən intizam taborlarının daxil edilməsi gözlənilir. Deməli, Ukraynadakı növbəti itkilərin arasında keçmiş məhbusların artacağını gözləməyə dəyər.

Əslində səfərbərlik-həbs-ordu sxemi yeni deyil, bu proseslər 2-ci Dünya Müharibəsi zamanı Stalinin etdiklərilə təxminən eynidir, amma 4 böyük fərq var:
• SSRİ faşizmə qarşı savaşırdı;
• SSRİ-nin sərhədləri qapalı idi;
• SSRİ-də səfərbərlikdən yayınanlar ümumi əhalinin faiz nisbətilə Rusiyadan daha az idi;
• Stalin xalqa nümunə olaraq oğlunu müharibənin ilk günlərindən cəbhəyə yola salmış və əsir düşəndə onu alman generalı ilə dəyişməyə razı olmamışdı. Kremldə isə hələ ki, oğlunu cəbhəyə yola salmaq istəyən yoxdur. Olacağını da düşünmürəm.


Digər tərəfdən, rus ordusu yalnız motoatıcı hissə və birliklərdən ibarət deyil. Motoatıcıları 3 aya qədər pis-yaxşı komplektləşdirmək və minimal təchizat ilə “top yemi” qismində döyüş meydanına yerləşdirmək mümkündür. Lakin digərlərində, məsələn Hava Hücumundan Müdafiə qoşunlarında, Hərbi Hava Qüvvələrində, Raket və Artilleriya qoşunlarında, rabitə, kəşfiyyat, mühəndis və s. kimi xidmətlərdə itkiləri bərpa etmək üçün ixtisaslı peşəkarlar lazımdır. Bu asan məsələ deyil. Aviasiya, zenit, artilleriya və PUA üçün heyətlərin, kəşfiyyatçıların, rabitəçilərin və ya mühəndis-istehkamçıların hazırlanması azı 6 ay çəkə bilər.



Texnika və vasitələrin istehsal templərinin saxlanılması üçün Rusiyaya idxal edilən elektron avadanlıqların yerli versiyalarının bəziləri intellekt, bəziləri materiallar çatışmazlığı səbəbindən hazırlana bilmir, bu isə ölkənin müdafiə sənayesinin ciddi çətinliklərlə qarşılaşdırır.

Belə olan halda, bəlkə Laçının alternativ yolu kimi, Qarabağdakı sülhməramlıları vaxtından bir qədər əvvəl yola salaq? Məncə, bu barədə düşünməyə dəyər...

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti