Bilinməyən soyqırım: Güney azərbaycanlıların “Cilovluq qətliamı"- ARAŞDIRMA

  Bilinməyən soyqırım:  Güney azərbaycanlıların “Cilovluq qətliamı"-  ARAŞDIRMA
  29 Sentyabr 2022    Oxunub:5417
Azərbaycan türklərinə qarşı ən böyük və genişmiqyaslı soyqırım çox təəssüf ki, 1918-ci ilin mart ayında törədilən soyqırım hesab edilir. Bu, birmənalı olaraq səhvdir. Tədqiqatçılar Qüzey Azərbaycanda baş verən bu qətliam zamanı təxminən 50 min günahsız soydaşımızın qətlə yetirildiyini bildirirlər. Halbuki, təxminən eyni vaxtda Güney Azərbaycanda Azərbaycan türklərinə qarşı törədilən Cilovluq qırğınlarında 300 min soydaşımızın qanına qəltan edildiyi bildirilir. Həmin rəqəmi urmiyalı tarixçı Ayrumluya aiddir. İranlı tarixçi Əhməd Kəsrəvi isə bu rəqəmin 100 min olduğunu deyir.
Etnik azərbaycanlılara qarşı törədilən ən böyük soyqırım kimi bütün tarix kitablarında, dərsliklərdə, ölkədə və ölkədən kənarda baş tutan tədbirlərdə, beynəlxalq tribunalarda məhz Cilovlu qırğını göstərilməlidir. Bu son dərəcə həssas və önəmli məsələ həm Qüzeydə, həm Güneydə daim xatırlanmalı, bütün ölkələrdə keçirilən tədbirlərdə geniş məlumat verilməli və bu amansız qətliam pislənməlidir. Belə qırğının unudulmasına yol vermək çox ağır və ciddi səhv olardı. Onun qurbanlarının qanının batmasına izn versək, tarix bizi bağışlamayacaq, milli düşmənlərimizin yeni-yeni fitnəkarlıqları ilə üzləşəcəyik.

Həm Sovet imperiyası, həm də fars rejimi tərəfindən bugünə qədər gizli tutulmasına nail olunmuş bu dəhşətli və amansız soyqırımına təəssüf ki, heç Qüzey Azərbaycanımızda da lazımlı qiymət verilməyib.
Həmin “Qanlı Çərşənbə“də nələr baş vermişdi? 300 min günahsız dinc Azərbaycan türkü nə üçün qanına qəltan edilmişdi?

Əsrlərdir günahsız insan qanı ilə suvarılan Qüzeyli-Güneyli Azərbaycanımızda axıdılan hər damla qanda mütləq xain və amansız düşmənimiz olan erməninin əli var. Milyonlarla günahsız insanın qanı bahasına daşı, divarı qızıldan saraylar tikib, dünyaya “demokratiya", “ədalət" dərsi keçən Böyük Britaniya və Fransanın, o cümlədən, işğaldan, qarətdən, sərvətdən gözü doymayan Rusiyanın da əli bu ərazilərdə qana bulaşıb.


XX əsrin əvvələrində İranda baş vermiş inqilablardan sonra Qacarların mövqeyi bir az da zəifləmişdi. Birinci dünya müharibəsi gedirdi və yeganə türk dövləti - Osmanlı öz müttəfiqləri ilə birgə məğlub duruma düşmüşdü. Bölgədə maraqları olan, ayaq basdıqları hər torpağı günahsız insan qanı ilə suvaran imperialist Böyük Britaniya, Fransa və Rusiyanın dəstəyini alan ermənilərin Urmiya gölü ətrafında “Kiçik Ermənistan dövləti" yaratmaq xülyası baş qaldırmışdı. İngilis-fransız-rus havadarları ermənilərdə tarixi Azərbaycan torpaqlarında “Böyük Ermənistan" isteriyasının davamı olaraq münbit torpaqlara və füsunkar təbiətə malik Urmu ərazisində növbəti “erməni dövləti" yaradıb, gələcəkdə oranı da "Böyük Ermənistan" a birləşdirmək həvəsi oyadırdı.

Qərbin əsas məqsədi isə Osmanlının Azərbaycan türkərinə dəstək, dayaq olmasına mane olmaq, iki qardaş ölkə arasında onlara tabe xristian dövləti yaratmaq idi. Qüzey Azərbaycanda tətbiq etdikləri məkrli köçürmə siyasətini Güney Azərbaycanda da uğurla tətbiq etməyə nail olurlar. Bu məqsədlə 40 min assuru (aysor) Türkiyənin Cilov adlanan ərazisindən Urmu ərazisinə köçürülmüşdü. Ermənilər ilə sıx birləşmiş assurilər xristian idilər və onların bu ərazilərə köçürülməsi xristian Qərbin siyasəti idi. Təəssüf ki, onların bu qanlı planlarına müsəlman kürdlər də dəstək verirdilər.

I Dünya müharibəsi dövründə Rusiya və Osmanlı ordularının döyüş meydanına çevrilən Cənubi Azərbaycan dağıntılara məruz qalsa da, Osmanlı türklərinin ərazidə olması onlara qarşı planlanan qanlı soyqırım planlarının həyata keçirilməsinə mane olurdu. 1915-ci ilin yanvarında ruslar Urmiya və Salması boşaldıb Qarsa çəkilirlər. Osmanlı qüvvələri Ənvər paşanın komandanlığı ilə Cənubi Azərbaycana yaxınlaşır. Təəssüf ki Osmanlı ordusu Sarıqamışda 100 min əsgər itirir. Sonrakı Dilman döyüşü də uğursuz olur. İllərlə Osmanlı ərazisində yaşayan assurilər bu məğlubiyyətlərdən cəsarət alaraq və rus qoşunlarına güvənərək Osmanlıya müharibə elan edir. Məğlub olan assurlar Hakkaridən Cənubi Azərbaycana pənah gətirirlər. Güzəranı çətin olan Güneyli soydaşlarımız vaxtilə nankor ermənilərə göstərdikləri qonaqpərvərliyi bu dəfə assurilərə göstərirlər və onları evlərinə, kəndlərinə qəbul edib sığınacaq verirlər. Burada onlar "cilovlar" adlandırılır. Özlərinə gələn assurilər dərhal erməni və kürd silahlı qüvvələrinə qoşulub qanlı planın bir parçasına çevrilirlər.
Ruslar Cənubi Azərbaycandan çıxanda cilovları silahlandıraraq 4 assuri batalyonu, 2 erməni batalyonu, 4 batareya, 300 nəfərlik süvari dəstə və rus- ingilis- fransız zabitlərin rəhbərliyi ilə pulemyot rotası təşkil edirlər. Qərbin hazırladığı plan və silah-sursat dəstəyilə artıq silahlı kürd, erməni və assuri dəstələri yaranmışdı.


Birləşmiş koalisiya qüvvələrinin 30 minlik ordusuna rus və fransız zabitləri başçılıq edirdilər. Onlar erməni, assur və müsəlman kürdləri bu ərazidə “kürd - erməni - cilov" dövləti yaradacaqlarına inandırmışdılar. Hətta çar II Nikolay da ermənilərə müraciət edərək “Sizi çox parlaq bir gələcək gözləyir" demişdi.

Bütün bu proseslərdən sonra artıq qanlı soyqırım planı həyata keçirilməyə başlandı. Silahlı kürd dəstələrinə "Smitko" adlanan İsmayıl bəy, ermənilərə Petros, assurilərə isə Marşimon başçılıq edirdi. Urmu, Salmas və Xoy şəhərlərində yaşayan Azərbaycan türklərinə qarşı qətliamlar 1918-ci ilin fevralında başlamışdı. Dəstələr halında kəndlərə girən quldur dəstələr dinc əhalini, qadınları, uşaqları, qocaları amansızca qətlə yetirir, evləri talan edirdilər.

Cilovluq faciəsinin zirvə nöqtəsi isə 1918-ci ilin martında – Novruz bayramının axırıncı çərşənbəsində baş verib. Sonuncu çərşənbə günü birləşmiş terrorçu koalisiya Urmu əhalisinə müraciət edərək 24 saat ərzində bütün silahları onlara vermələrini tələb edirlər. Dinc əhalidə silah çox az idi, lakin bu tələb yalnız soyqırım törətmək üçün bəhanə idi. 24 saat sonra kəndələrə girən quldur dəstələr ev-ev gəzib axtarış edir, qadınların zinət əşyalarını götürür, kişiləri əsir aparır, dinc sakinlərin namusuna toxunulur və müqavimət göstərənlər dərhal qətlə yetirilirdi. “Qanlı çərşənbə“ adlanan həmin gün əhali Quzey soyqırımında olduğu kimi kütləvi halda karvansaralara doldurulub diri-diri yandırılır.

Qanlı çərşənbə qətliamı Urmunun bütün kəndlərini əhatə edir. Türk qanına əbədi susamış Andranik bu qırğınlarda da əlindən gələni əsirgəməmişdi. Türkiyədən Azərbaycana Naxçıvan ərazisindən keçən Andranik yolüstü türk kəndlərinə girərək tam bir erməni xisləti ilə dinc əhaliyə divan tuturdu. Silahlı türkdən qorxaraq yalnız əliyalın dinc əhalini hədəfləyən Andranik yol boyu terror törədərək Urmuya getməyi və birləşmiş koalisiyaya qoşularaq qırğınların miqyasını genişləndirmək istəyirdi.
Lakin gözlənilmədən birləşmiş terror koalisiyası parçalanır. Kürdlərin başçısı "Smitko" son anda koalisiyanın havadarlarının planını anlayır. Terrorçu koalisiyanı himayə edən Böyük Britaniya, Fransa və Rusiya tarixi Azərbaycan torpaqlarında yalnız xristianlardan ibarət “erməni-assur" dövləti yaratmağı planlaşdırmışdılar. Aldadıb illərdir birgə yaşadıqları Azərbaycan türkərinə qarşı soyqırım törətməyə sövq etdikləri müsəlman kürdlərinə məkrli planda yer yox idi. Bundan hiddətlənən Smitko koalisiyadan ayrılır və plan quraraq assurilərin lideri Marşimonu və onun yanındakı adamları öldürür.


Və nəhayət, yenə qardaş köməyi yetişir! 1918-ci ilin martın sonu, aprelin əvvəllərində türklər Güney Azərbaycan ərazisinə daxil olur. Osmanlı əsgəri atın belində yaxınlaşıb rusun qarşısında dayanır və deyir: "Analar qorxmayın, cocuqlar qorxmayın!"

Qardaş Osmanlı əsgərlərini görən yerli dinc əhali həm mənəvi-psixoloji, həm də fiziki güc taparaq, xain düşmənləri qardaş Türkiyənin köməyilə torpaqlarından qovmağa başlayır. Qəhrəman türk ordusu terrorçu erməni-assur birləşmələrinin Urmiya gölündən keçib Təbrizə daxil olmasının qarşısını alır. Terrorçu qrupun gəmiləri Urmiya gölündə batırılır. Türk əsgərinin kölgəsindən qorxan erməni dəstələri dağlarda gizlənib 1919 -cu ilin fevralına kimi zaman-zaman kəndlərə enib dinc əhaliyə qarşı qətllərə, qırğınlara davam edirlər.

Cilovluq vəhşətinə qarşı ən güclü müqaviməti Xoy sakinləri göstərir. Ermənilərin adət etdikləri heç bir fitnə-fəsada, yalanına uymayan Xoy əhalisi şəhər qapılarını onların üzünə açmır.

Aylarla planlanan və Şimali Azərbaycanda etdikləri kimi Cənubi Azərbaycanda da xaincəsinə əhalidən bütün növ silahların yığılmasına baxmayaraq, qəhrəman Azərbaycan türkləri var gücləri ilə mənfur düşmənə müqavimət göstərmiş və son damla qanına kimi onlarla döyüşmüşdü. Qarət və qırğın üçün kəndlərə gələn erməni-assur dəstələri də itkilər vermiş, qardaş Osmanlı türklərinin köməyilə terrorçu birləşmələr tarixi torpaqlarımızdan qovulmuş və növbəti “erməni dövləti" xülyası iflasa uğramışdı.

Ən önəmlisi isə tarixi torpaqlarımızda arzu etdikləri xristian dövlətini yaratmağa nail ola bilmədilər. Azərbaycan-Türkiyə qardaşlığının növbəti tarixi zəfəri minlərlə günahsız insanın qanı bahasına və mərdlik hesabına başa gəlir.

Bununla belə, soyqırımın miqyası Urmu, Xoy və Salması əhatə edir. Tarixdən və insanların yaddaşından silinməyə çalışılan bu faciənin araşdırılmasına həmişə ciddi-cəhdlə mane olunub. Rza şah Pəhləvinin hakimiyyəti dövründə bu basqı daha da güclənib.

Bu yazının hazırlanmasında İsveç- Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin Sədri Məmmədrza Ağapurun təsdiqilə mərkəzə göndərilən məqalələrdən istifadə olunub.

Ləman Bağdad
AzVision.az


Bu material Medianın İnkişafı Agentliyinin dəstəyilə hazırlanıb
Mövzu 6.3.8:
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği



Teqlər: Tarix  





Xəbər lenti