Fransanın 60 il əvvəl törətdiyi dəhşətli cinayət

// Əlcəzairdə partizanlara qarşı zəhərli qazdan istifadə olunub

 Fransanın  60 il əvvəl törətdiyi  dəhşətli cinayət
  19 Oktyabr 2022    Oxunub:4603
Fransa ordusunun Afrikada törətdiyi hərbi cinayətlərlə bağlı xeyli faktlar, tarixi sübutlar var. Bu il də Parisin Əlcəzairdə bəşəri cinayətlərə yol verməsi ilə bağlı yeni detallar üzə çıxdı. Aprelin 7-də fransız tarixçi və jurnalistlər konfrans keçirərək, 1954-1962 cil illərdə olmuş Əlcəzair müharibəsi zamanı yerli əhaliyə qarşı Cenevrə Konvensiyası ilə qadağan olunmuş kimyəvi silahlardan kütləvi şəkildə istifadə edildiyini açıqladılar.
Daxili siyasi çəkişmələrin nəticəsində üzə çıxan, solçulara yaxınlığı ilə seçilən jurnalist və tarixçilərin dünyaya təqdim etdiyi bu tarixi faktlar Fransanın əsl simasını açıb göstərmiş oldu.

Əlcəzair qətliamı necə baş verib və buna görə Paris beynəlxalq səviyyədə qınanırmı?

1956-1962-ci illərdə Əlcəzairin şimal-şərqindəki Ores və Atlas dağ silsilələrinin nəhəng yeraltı tunel şəbəkələrində “mağara müharibəsi” gedirdi. Əlcəzairlilərin bu cür uğurlu taktikaları qarşısında aciz duruma düşən fransızlar müstəqillik istəyən həmin qüvvələrə qarşı bəşəri cinayətlər tətbiq etməyi seçiblər. Onlar mütəmadi olaraq qadağan olunmuş kütləvi qırğın silahından - zəhərli qazlardan istifadə ediblər. Məqsəd mübarizə aparan insanları mağaralardan qovmaq və əlcəzairliləri əsir tutaraq, kəşfiyyat məlumatları toplamaq idi.

Əlcəzairdə kimyəvi silahdan istifadəyə dair faktlar fransız veteranları ilə söhbət zamanı, onlardan alınan ifadələr sayəsində aşkarlanıb. Veteranlardan biri deyib: “Biz mağaralarda axtarışlar apardıq, onları qazla doldurduq. Hətta mağaraların yenidən istifadəyə yararsız olması üçün girişini də partlatdıq”.

85 yaşlı Jean Vidalin də 1959-cu ildə Biskra rayonunun Tolqa ərazisində əlcəzairlilərin qazla məhv edilməsi əməliyyatını xatırlayıb. O qeyd edib ki, qaz balonunu açandan bir gün sonra Əlcəzair yaraqlılarının yeraltı sığınacağında 10 cəsəd tapılıb.

Dəhşətli hərbi cinayətləri araşdıran tarixçilər 75-ci Hava Desant Bölüyünün (CGAP) veteranı İv Karninoya da istinad ediblər. Məlum olub ki, Karnino şəxsən 1959-1961-ci illər arasında 95 belə əməliyyat həyata keçirib və nəticədə 200-ə yaxın Əlcəzair sakini ölüb. Veteran deyib ki, ümumilikdə kimyəvi batareyalarda 2500-3000 hərbçi olub.

Maraqlıdır ki, keçmiş bölük komandiri öz hərbi cinayətinə hərəkətlərinə haqq qazandırıb: “Biz itkiləri azaltmaq istəyirdik. Mənə cəmi bir müharibə göstərin ki, o "təmiz" aparılıb".


Həmin batareyalarda yalnız çağırışçılar deyil, könüllülər də olublar. Belə hərbi birliklərdən biri olan 75-ci hava-desant mühəndisliyi bölüyünün (CGAP) döyüşçüləri öz "xatirə kitablarında" bununla bağlı qeydlər aparıblar.

O da maraqlıdır ki, dünya şöhrətli general Şarl de Qoll da tarixi faciələrə qol qoyanlardan olub.

Bəzi Əlcəzair partizanları fransızların "alman təcrübəsi"ndən yararlandığını iddia ediblər. Əldə edilən məlumatlara görə, fransızlara "zəhərli qaz əməliyyatları"nda Almaniyanın 1945-ci ildə təslim olmasından sonra Fransa Xarici Legionunda işləmək üçün götürülmüş alman hərbi əsirləri kömək ediblər. Onlar dağlarda sovet partizanlarına qarşı döyüş təcrübələrini fransızlarla bölüşüblər. Söhbət Kerçdə istifadə edilən zəhərli qaz əməliyyatlarından gedir.

Tarixçi Kristof Lafayın araşdırmasına görə, fransızlar "mağara müharibəsi" aparmaq üçün ilk xüsusi bölmə yaradıblar. 411-ci zenit-artilleriya alayının "xüsusi silah" batareyası 1 dekabr 1956-cı ildə yaradılıb. Onun əsgərləri Burjda 610-cu Xüsusi Silahların Sınaq və Təlim Qrupunda (GEIAS) qumbaraları, raketləri yandırıcılar və qazlarla qarışdırmağı öyrəniblər. Onların arasında CN2D komponenti, tərkibində DM (difenilaminxlorarsin-red.), qıcıqlandırıcı və təsirsiz hala gətirən digər zəhərli maddələr, kiçik qapalı məkanlarda, xüsusən də mağara girişlərinin partlamalarından sonra ölümcül olan komponentlər var. Və bütün bunlar, fransız tarixçilərinin də vurğuladığı kimi, Cenevrə konvensiyasına zidd olaraq Əlcəzairdə aktiv şəkildə istifadə olunub...

Tarixçi Gilles Manşeron məlum hadisələrlə bağlı 1840-cı illərdə Əlcəzairin fransızlar tərəfindən zəbt edilməsini xatırladıb. Qeyd edib ki, həmin vaxt fransızlar tüstü bacalarından istifadə edərək insanları mağaralarda boğurlarmış. Yəni mağara döyüş bölmələri bu ənənəni uzun illər öncə yaradıblarmiş.

"Orada çoxlu insan ölüb. Bu əməliyyatlar rəsmi orqanlar tərəfindən məxfiləşdirilib və əsgərlərə bu barədə danışmaq belə qadağan edilib. Əks təqdirdə onlara cinayət işi açılaraq təqib olunacaqdılar. Lakin bəziləri bunu ölüm ayağında ikən deyiblər", - Manşeron qeyd edib.

Manşeron və bu mövzuda araşdırma aparan digər tarixçi Lafay deyirlər ki, "mağara döyüşləri" Əlcəzairdəki müharibənin böyük kabusu və ağılsız addım olub. Bu faktlar heç vaxt araşdırılmayıb. Çünki Fransa hakimiyyəti imkan vermir - axı kimyəvi silahdan istifadə qanunvericilik səviyyəsində qadağandır...


Lafay 2021-ci ildə SHD-dən (Vinsendəki Tarixi Arxivlər Mərkəzi) müvafiq sənədləri tələb etdiyi zaman, açıqlanmayan arxivlər haqqında qanunlarla qarşılaşıb. Bunu əsas tutan səlahiyyətlilər aidiyyəti sənədləri tarixçilərə verməyiblər. Hətta bu maneələrlə bağlı tarixçilər Fransa prezidenti Emmanuel Makrona çağırış edərək onu arxivləri açmağa səsləyiblər. Müraciətdə qeyd edilib ki, həmin müharibənin son şahidləri yoxa çıxana qədər mağara döyüşlərinin əsl hekayəsini yazmaq istəyirlər.

Fransız tarixçilər arxivlərin açıqlanması tələblərinin hərbi və mülki hakimiyyət nümayəndələrini xeyli qıcıqlandırdığından şikayətləniblər. Üstəlik, onlar araşdırmalarına görə təqib olunublar. Lafay iddia edib ki, 2019-cu ilin noyabrında Fransa xüsusi xidmət orqanları onun apardığı “kimyəvi qaz araşdırması"na görə evində və iş yerində axtarış aparıblar. Hətta tarixçini xüsusi cinayət maddəsi ilə həbs etməyə də cəhd göstəriblər. Bu cəhdlər isə uğursuz olub. Tarixçi qeyd edib ki, həmin səlahiyyətlilərin davranışları həqiqi tarixi yazmağa mane olur.

Artıq Fransa hərbi cinayətlərini, Afrikada bəşəri dəyərlər zidd addımlarını gizlədə bilmir. İş o yerə çatıb ki, arxivlərə çıxış yolunda süni məhdudiyyətlər tətbiq edən Paris artıq bəzi müstəqil tarixçi və jurnalistlərin qarşısında sədd qoya bilmir. Bu cür tarixi qalmaqallar ənənəvi olaraq özünü “liberalizm və azadlıqlar qalası” kimi göstərən Fransanın beynəlxalq imicinə ciddi zərbə vurub.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti