Turizmin inkişafında qoruqların potensialından istifadə edilirmi – TƏHLİL

   Turizmin inkişafında qoruqların potensialından istifadə edilirmi –    TƏHLİL
  28 Oktyabr 2022    Oxunub:1685
Ölkədə turizmin bərpası prosesi davam edir. 2014-2015-ci illərdə neftin dünya bazar qiymətlərinin enməsi nəticəsində valyuta bazarımızda yaranan gərginliyin aradan qalxmasında 2016-2018-ci illərdə ölkəyə turist axınının birdən-birə xeyli genişlənməsi mühüm rol oynamışdı.
2020-ci ildə pandemiya ən çox turizm sektoruna zərbə vurdu. Azərbaycanda həmin ilədək turizm çox sürətlə inkişaf edirdi. 2019-cu ildə ölkəyə gələn 3 milyon 170 min əcnəbi vətəndaşın sırasında sırf turizm məqsədilə təşrif buyuranlar 2 milyon 863 min nəfər təşkil etmişdi. Turizm məqsədilə ölkəmizdən xaricə üz tutanların sayısa 4 milyon 347 min nəfər olmuşdu.

2020-ci ildə pandemiyaya görə bu rəqəmlər müvafiq şəkildə 519 min 400 və 746 min 600 nəfərə düşdü. Keçən ildən isə dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də turizmin tədricən bərpası başlandı.

Turizmin inkişafında rəqabət çox vacibdir. Odur ki, bu sahədə qonşu ölkələrdəki vəziyyət diqqətdə saxlanmalıdır. Xarici turistlərin cəlbində Gürcüstan və Türkiyə ilə müqayisədə mövqeyimizi gücləndirmək, ölkəmizə gələn turistlərin sayının sürətlə artmasına və vəsait xərcləmələrinə nail olmaq qeyri-neft-qaz sektorunun inkişafında əsas prioritet sayılır. Bu, qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi olduğundan ölkəmizdə onun inkişafı və genişlənməsinə vaxtilə çox investisiyalar yatırılıb, infrastruktur qurulub və bir sıra tədbirlər həyata keçirilib. Bu gün yüksək xidmət səviyyəsinə malik mehmanxanaların mövcud olması, kadr hazırlığı, çoxlu turist firmalarının fəaliyyət göstərməsi, informasiya-reklam strukturlarının varlığı qeyd etdiyimə sübutdur.

Bəs daxili və xarici turizmin daha tez bərpası və inkişafı üçün bütün mövcud potensialdan istifadə edilirmi? Fikrimcə, xeyr. Xüsusən də, ölkəmizin sahib olduğu zəngin tarixi-mədəni, təbii imkanları baxımından əsla yox! Məsələn, götürək, qoruqlarımızı.

Bugünlərdə diqqətimi bir statistika cəlb etdi. Bu ilin yanvar-sentyabr ayları ərzində Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna 3031 nəfər yerli və xarici turist səfər edib. Onların 2382 nəfəri yerli, 649 nəfər isə xarici ölkə vətəndaşı olub. Ötən il qoruğu cəmi 190 nəfər xarici ölkə vətəndaşı ziyarət etmişdisə, bu ilin 9 ayında əcnəbi turistlərin sayında 3 dəfədən çox artım baş verib. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Hindistan, Kanada, Pakistan, Türkiyə, İtaliya, Fransa, Böyük Britaniya, Polşa, Almaniya, İspaniya, İsrail və digər ölkələrdən gələnlər üstünlük təşkil edib.

Bunlar yaxşı nəticələrdir. Ölkədə turizm sahəsində, habelə müvafiq dövlət qoruqlarının ərazilərində yerləşən tarixi və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının Dövlət Turizm Agentliyi olduğu bəllidir. Qəbələ Dövlət Tarix-Bədii Qoruğu isə adı çəkilən qurumun tabeliyindəki Qoruqları İdarəetmə Mərkəzinə daxil deyil. Maraqlıdır, bəs, Dövlət Turizm Agentliyinin tabeliyindəki adı çəkilən Mərkəzə daxil qoruqlar üzrə bu cür statistikaya niyə rast gəlmirik? Axı Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun nümunəsindən əyani görünür ki, belə qoruqlardan ölkədə həm daxili, həm xarici turizmin inkişafında necə böyük töhfələr əldə etmək və qazanc götürmək mümkündür. Niyə bu cür potensiallarımıza göz yumulur, dövlət səviyyəsində diqqət yetirilmir?

Ümumiyyətlə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə onlarla bu cür qoruq daxildir. Bu obyektlər nəyə görə, Dövlət Turizm Agentliyinin tabeliyində sayılmırlar? Bu suallar ciddi yanaşma və araşdırma tələb edir. Çünki adı çəkilən Agentlik turizm sahəsində vahid dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək, normayaratma işini icra etmək, dövlət tənzimləməsi, nəzarəti və əlaqələndirməsini, turizmi inkişaf etdirmək məqsədi ilə digər dövlət orqanları, müəssisələr və təşkilatlar, habelə fiziki və hüquqi şəxslər, o cümlədən, beynəlxalq və qeyri-hökumət təşkilatları arasında əlaqə yaratmaq, qoruqların da ərazilərindən məqsədyönlü istifadəni təşkil etmək və milli kulinariya nümunələrini qoruyub saxlamaq və təbliğini təmin etmək istiqamətində fəaliyyət göstərir və cavabdehlik daşıyır.

Bütün bu deyilənlər baxımından, hesab edirəm, ölkədə indiyədək həm təşkilati, həm təbliğati və təşviqati xarakterdə görülən işlərə rəğmən, turizm sektorunun idarə və inkişaf etdirilməsi sahəsində problemlər mövcuddur. Və bunlar turizm sektorunun bərpası dövründə mütləq şəkildə aradan götürülməlidir.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Qoruq   Turizm  





Xəbər lenti