Tehranın konsulluq oyunları öz müsəlman qardaşına arxadan zərbəsidir

      Tehranın konsulluq oyunları    öz müsəlman qardaşına arxadan zərbəsidir
  29 Oktyabr 2022    Oxunub:2791
"Tarixi Azərbaycan torpağı olan Zəngəzurdan keçəcək dəhliz yolu ilə bağlı təhdidlər səsləndirən İran bu mürəkkəb dönəmdə Qafanda konsulluq açırsa, qədim Azərbaycan şəhəri Təbrizdə Ermənistanın Baş konsulluğunun açılışı üçün hazır olduqlarını bəyan edirsə, bu qətiyyən dost, qardaş addımı kimi dəyərləndirilə bilməz. Bu, İslam məfkurəsinə yaraşmayan hal, müsəlmanın öz müsəlman qardaşına arxadan zərbəsidir".
AzVision.az xəbər verir ki, bu, Qafqaz Müsəlmanlar İdarəsinin yaydığı bəyanatda öz əksini tapıb.

"Bölgədə yeni reallıqlar, postmüharibə dövrü hökm sürdüyü bir vaxtda İranın Azərbaycanla sərhədlərində hərbi təlimlər keçirməsi Azərbaycan cəmiyyəti tərəfindən birmənalı mənfi qarşılanır. Sual yaranır – İran kimi hədəf alır? Əhli-Beytə məhəbbəti hər zaman ucada olan, tarixən İmam övladlarının pənah gətirdiyi Azərbaycanımı? İran manevrlərdə Arazı necə adlayıb keçməyi planlayırsa biz bunu necə dəyərləndirməliyik? Budurmu İslami həmrəylik, şiə təəssübkeşliyi? Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi gücü bütün təhdidlərin, o cümlədən, sərhədlərimizdə hər hansı təxribat halının qarşısını almaq qüdrətindədir. Lakin yaxın qonşular, qardaşlar arasında qarşıdurma yalnız düşmənlərin işinə yarayar.

QMİ-dən İrana etiraz: "Şirin quyruğuna" dair moizə oxuyanlar..."
Bəşər tarixində ən çox qınanılan ilk qan tökülməsi halının məhz qardaşın qardaş tərəfindən qətli - Habil-Qabil hadisəsinin olduğunu unutmayaq. Haqq iddiasında olan, «şirin quyruğuna» dair moizələr edən İranın ali ruhaniyyəti nədənsə ölkələrinin Azərbaycana hərbi təcavüz etmiş ermənilərlə canfəşanlıqla işbirliyinə dair, üzərində «Ya Hüseyn» yazılan top lülələrinin şiələrin əksəriyyət təşkil etdiyi müsəlman ölkəsini hədəf alması barədə mövqelərini ifadə etmir, bunun islamı dəyərlərlə nə qədər uzlaşdığına dair şərh vermirlər. Bu, Azərbaycan müsəlmanlarının islamı həmrəyliyə olan ümidlərini qırır, məyus edir. İslam dini bizi birləşdirən müqəddəs dəyərdir. Bundan sui-istifadə olunması, insanların həssas hissləri ilə məkrli manipulyasiya əlaqələrimizə yalnız xətər toxundura bilər. Haqlı, ədalətli Vətən mücadiləsində Zəfər çalmış Azərbaycan xalqının sevincini bölüşmək əvəzinə Cümə xütbələrində bizə qarşı yeni-yeni böhtan, iftira yağdıran İranın bəzi imam-cümələrinin fikirləri Azərbaycan dindarlarının əksəriyyəti tərəfindən birmənalı şəkildə mənfi qarşılanır" - bəyanatda qeyd olunub.

AzVision.az



Teqlər:   İran   Araz   Konsulluq  





Xəbər lenti