“İslamın genişlənməsində türklərin böyük rolu var” - Roida Rzayeva (Müsahibə)

   “İslamın genişlənməsində türklərin böyük rolu var” -    Roida Rzayeva (Müsahibə)
  10 Noyabr 2022    Oxunub:13065
“Dünya tarixçiləri tərəfindən türklər üçün səciyyəvi olan daha çox döyüş ruhu, hərbi şücaət qeyd edilir. Türklərin intellektual gücündən və elmi xidmətlərindən daha az bəhs olunur. Halbuki, türklərin sözü, fikri, hikməti, bəşər sivilizasiyasındakı rolu danılmazdır”.
Bu sözləri AzVision.az -a müsahibəsində fəlsəfə elmləri doktoru, türkoloq, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri Roida Rzayeva deyib.

O bildirib ki, ümumiyyətlə, Şərq (İslam Şərqi) və Qərbin təfəkkür dünyaları müxtəlif müstəvilərdə daim qarşılıqlı mübadilə içində olublar. Bir çox mütəfəkkir İslam Şərqində yetişib və kəşfləri, fikirlər ilə həm İslam aləminə, həm də Avropanın düşüncə aləminə təsir göstərib: .

- Qərbdə Yunan fəlsəfi və elmi mirasının böyük bir hissəsi Roma imperiyasının süqutu və XIII-XIV əsrlərin mədəniyyət sahəsindəki İntibah (və ya Renessans) dövrü arasında itirilib. Orta Əsr Avropada fəlsəfə, elm və sənət bir dönəm müəyyən durğunluq dövrü keçirdiyi halda, İslam Şərqində mədəni inkişaf müşahidə edilirdi. Müsəlman mütəfəkkirləri öz fəlsəfələri ilə bərabər Yunan fəlsəfi fikrini də qoruyaraq inkişaf etdirdilər. Müsəlman Şərqinin elmi Qərbi Avropanın elmi düşüncəsinin inkişafına təkan verib.

Müsəlman Şərqinin fikir dünyasının əhəmiyyətli bir hissəsini məhz Türk əsilli mütəfəkkirlər təşkil edirdilər. Məsələn, türk mədəni mirasının bir hissəsi olan Mövlanə elmi və müdrikliyi ilə humanizmin bir simvoluna çevrilərək dünya mədəniyyətinə əhəmiyyətli töhfə verib. Mövlanənin fəlsəfi fikirləri müasir dövrdə də bizi düşündürür. Mövlanə qürurla türklüyündən və türklük sevgisindən bəhs edərkən “Aslen Türkest eğerçi Hindu guyem” (Hər nə qədər farsca söyləyirəmsə də, əslim türkdür) deyirdi. Bir məqamı qeyd etmək yerinə düşər. Orta əsrlərdə “elmin dili ərəbcə”, “ədəbiyyatın dili farsca”, “xalqın dili isə türkcə” idi. Bu səbəbdən elm və mədəniyyətə töhfə verən şəxslərin özləri türk əsilli olduqları halda, əsərləri farsca, ya da ərəbcə idi.

- Müasir sivilizasiyanın əsaslarını təşkil edən elmi fikir və ideyaların formalaşmasında türk xalqlarının rolu necə qiymətləndirilə bilər?!
- Dünyanın böyük bir hissəsinin intellektual mədəniyyətinə təsir göstərən türk mütəfəkkirlər və onların mirası tarixən inkişaf etdirilərək, müasir sivilizasiyanın əsaslarını təşkil edən elmi fikir və düşüncədə təcəssüm tapıb. Məsələn, bu gün müasir dövrün əsas ideyalarından və universal dəyərlərindən sayılan tolerantlıq və multikulturallığın əsasları da məhz türk mütəfəkkirlərinin mirasına dayanır: “Yine de gel… Yine de gel! Ne olursan ol, yine de gel! Hıristiyan, Mecusî, putperest olsan yine de gel...” Mövlanənin fəlsəfəsi və bir çox fikirləri bu gün də aktuallıqlarını qorumaqda və həyatla bağlı verdiği mesajlar günümüzdə də müasir sayılmaqdadır.


Bəşəriyyətin bir çox əhəmiyyətli dəyər və mülahizələrini ehtiva edən digər Türk mütəfəkkiri Yunus Əmrənin də fikirləri dünyada qəbul edilən müasir universal dəyər və əxlaq meyarlarına uyğun gələrək bu gün də aktualdırlar: “Yaradılanı hoş gör, yaradandan ötrü”.

Beləliklə qeyd edə bilərik ki, türk mütəfəkkirinin bir çox fikirləri müasir dövr üçün səciyyəvi olan fikir və ideyaların formalaşmasına rəvac verərərək dövrümüzədək gəlib çatıb.

- İslamın qlobal dinə çevrilməsində türk faktorunun təsiri nə qədərdir?
- Türklərin müsəlman arealının genişlənməsində böyük rolu var. İslam sivilizasiyası Avrasiya etnocoğrafi regionunda təşəkkül tapıb. Böyük Çöl kimi bilinən Avrasiya etnocoğrafi bölgəsinin çöl zonası türk xalqlarının məskunlaşma yeri olub. Türk xalqları etnomədəni xüsusiyyətlətini və öz türk identikliklərini qoruyub saxlayıblar.

Türk alimləri və mütəfəkkirlərinin üstünlüyü yalnız öz tarixən məskunlaşma bölgələrində deyil, o dövrün inkişaf etmiş bölgəsi və eyni zamanda elmi və mədəni mərkəzi sayılan Bağdad şəhərində də özünü büruzə verib. Avropalı tədqiqatçılar qeyd edirlər ki, Bağdadda toplaşmış mütəfəkkirlərin əksəriyyəti məhz Orta Asiya mənşəli idi.

Hindistan, Kiçik Asiya, Balkanlar və Qafqazda əhalinin islamlaşmasında və İslam dininin möhkəmlənməsində türklərin (Səlcuqlu Türkmənlərinin, Osmanlıların, Krım tatarlarının, Çağatay türklərinin və s.) rolu olub. Müsəlman dünyasında XI əsrdən etibarən türk dövlətləri aparıcı rol oynayıblar. Tarix boyunca, X əsrdən başlayaraq bu günədək türk xalqlarının İslamın əsaslarının möhkəmlənməsinə, İslam sivilizasiyasının insan və maddi resurslarının artırılmasına, İslam dininin dünyada yayılmasına töhfəsi danılmazdır.

Müəyyən dövlərdə İslamın qəbul edilməsi və yerli əhalinin türkləşməsi etnik və etnosiyasi proseslərdə yeni üfüqlər açıb. Bu da öz növbəsində türk-müsəlman etnoslarının yaradılması sayəsində müsəlman arealının genişlənməsinə gətirib çıxarıb.

Vüsal Məmmədov
AzVision.az

Mövzu ilə bağlı digər yazılar:
“Türklər haqqında yanlış təsəvvür yaradılıb”
Böyük Çölün böyük izi
Türklər: İki sivilizasiyanın xadimləri - VİDEOKAST
“Türklər Qərb mədəniyyətinə böyük təsir göstəriblər” – VİDEOKÖŞƏ
Türk Dünyasının yüksəlişi hər 7 əsrdən bir olur
Ravşan Nazarov: “Orta Asiya türkləri dünyaya xeyli dahi bəxş ediblər” - Müsahibə
"Türklərin şanlı tarixi dünya sivilizasiyasının arxa planına keçirilib" - Yerkin Baydarov (Müsahibə)


Teqlər: Türklər-və-Dünya  





Xəbər lenti